“The Hill” nəşrində Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin dinc yanaşı yaşamasından bəhs edən məqalə dərc olunub

Amerikada çıxan “The Hill” nəşrində siyasi icmalçı, “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” kitabının müəllifi Raul Loueri Kontrerasın “Bayram ümidi: Xristianların və müsəlmanların dinc yanaşı yaşamasına bir baxış” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Azərbaycanda mövcud tolerantlıq, habelə müsəlmanların, xristianların, yəhudi və digər dini icmaların nümayəndələrinin dinc yanaşı yaşamasından bəhs edilir.

Bu yaxınlarda Azərbaycanda səfərdə olmuş Kontreras hələ də həmin səfərin təəssüratı altında olduğunu vurğulayaraq yazır ki, Yaxın Şərqin bəzi müsəlman ölkələrində xristianlara qeyri-tolerant münasibət müşahidə olunduğu halda əhalisinin 95 faizdən çoxu müsəlmanlar olan Azərbaycanda hər addımda Milad bayramı atributlarına rast gəlmək olar.

Amerikalı müəllif bu yaxınlarda Azərbaycanda olub, Bakıda keçirilmiş “2017 – İslam Həmrəyliyi ili: dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda iştirak edib. Bütün dünyadan, o cümlədən ABŞ, Yaponiya, İndoneziya, Hindistan, Mərkəzi Asiya, Rusiya, Pakistan, Bosniya və Herseqovina, Yunanıstan, Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Vatikan və Avropanın bir sıra ölkələrindən olan ekspertlərin və din xadimlərinin iştirak etdiyi konfransda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Kontreras yazır ki, Prezident Əliyev öz nitqində ölkədə mövcud olan tolerantlıq barədə, həmçinin Azərbaycan ərazilərinin 20 faizinin işğal edilməsi ilə nəticələnmiş erməni təcavüzü və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə Ermənistanın hələ də etinasızlıq göstərməsi haqda danışıb.

Kontreras qeyd edir ki, Azərbaycan başqa dinlərə və etnik qruplara tolerant münasibəti ilə məşhurdur. Azərbaycanda müxtəlif dini icmaların mövcud olmasından söhbət açan amerikalı ekspert Bakıda Rus Pravoslav Kilsəsini, katoliklərin kilsəsini, müsəlman məscidlərini, habelə yəhudi sinaqoqunu ziyarət etməsini xatırlayaraq yazır ki, Bakıdan bir qədər şimalda bir-birinin yaxınlığında yerləşən iki sinaqoqda və məsciddə olub.

Azərbaycan cəmiyyətində tolerantlığın yüksək səviyyədə olmasını, dövlət rəhbərliyinin bu ölkədə multikonfessionallığa göstərdiyi diqqəti vurğulayan Kontreras yazır ki, Bakıda erməni kafedral kilsəsi və orada toplanmış, qədim erməni dilində olan 5000-dən çox kitab Azərbaycan hökumətinin dəstəyi ilə qorunub saxlanılır.

Ekspert öz məqaləsinin sonunda yazır ki, Azərbaycanda başqa dinlərə bu cür diqqət yetirilməsi onu çox mütəəssir edib və hər halda bizim planetdə sülhün bərqərar olacağına ümid var.

Yusif Babanlı, AZƏRTAC-ın
xüsusi müxbiri

Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında