“Media öz üzərinə düşən məsuliyyəti unutmamalıdır”

“Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda “dəyirmi masa” keçirilib

Noyabrın 8-də Mətbuat Şurasının təşkilatçılığı ilə “Mediada kriminal hadisələrin işıqlandırılması: İctimai maraqlar və peşəkarlıq” mövzusunda “dəyirmi masa” keçirilib. AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ölkəmizdə medianın hazırkı vəziyyətindən danışıb. O bildirib ki, bəzi kütləvi informasiya vasitələri dıqqəti kriminal xəbərlər üzərində cəmləşdirir və həmin xəbəri şişirdirlər. Əgər hər hansı ölkədə kriminal xəbərlər geniş yayılırsa, həmin ölkədə cinayətkarlıq da, cinayətlərin xarakteri də artır, cəmiyyətdə sosial gərginlik çoxalır. Bəzən cinayətkarlar qəhrəman kimi təbliğ edilir ki, bu da cəmiyyətdə mənfi örnək olur. Baş verən hadisələr obyektiv işıqlandırılmalıdır. Cəmiyyət obyektiv informasiya ilə təmin olunmalıdır. Məsələn, bu yaxınlarda məhbusların qaçması faktı ilə bağlı ancaq AZƏRTAC, APA və Trend informasiya agentlikləri yalnız rəsmi məlumatlara əsasən xəbərlər yaydılar.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev deyib ki, hazırda Azərbaycanda onlarla televiziya, radio, informasiya agentliyi, yüzlərlə qəzet və jurnal, internet informasiya resursu fəaliyyət göstərir. Böyük jurnalist ordusu tam sərbəst şəkildə, heç bir kənar təsir olmadan cəmiyyətimizdə və dünyada baş verən məsələlər barədə məlumat, şərh və təhlillər hazırlayır və vətəndaşların diqqətinə təqdim edir. Ancaq bəzi hallarda KİV-lər, konkret desək, əsasən internet media mövcud rəqabət mühitində dövlət maraqlarını və ictimai maraqları unudur, nəticələri nəzərə almayaraq vətəndaşlarımıza yanlış, hətta zərərli mesajlar verir. Biz zaman-zaman belə hallarla rastlaşırıq. Məsələn, 2014-cü ildə cəbhə bölgəsində atəşkəs rejiminin pozulması ilə əlaqədar medianın həddən artıq sərbəst davranışı KİV-lərin və dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərlərinin məlum müşavirəsini keçirməyə və Azərbaycan Prezidenti tərəfindən dövlətin informasiya təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə müvafiq qanunvericilik aktının imzalanmasına səbəb oldu.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, son iki həftə həm Azərbaycan, həm regionumuz, həm də dünya miqyasında olduqca əlamətdar və tarixi hadisələrlə yadda qaldı. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, milli maraqlara uyğun siyasət nəticəsində dövlətimiz baş verən hadisələrin mərkəzi fiquru kimi növbəti dəfə öz potensialını nümayiş etdirdi. Bakı-Tbilisi-Qars dərmir yolunun istifadəyə verilməsi təkcə Azərbaycan və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətli hadisə kimi tarixə düşdü. Azərbaycan, İran və Rusiya prezidentlərinin Tehranda görüşü və əldə olunmuş nəticələr bir daha göstərdi ki, qlobal transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan həm də regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur.

Vüqar Əliyev bildirib ki, bu hadisələr Azərbaycan KİV-ləri tərəfindən geniş işıqlandırıldı, təhlil edildi, onların əhəmiyyəti xüsusi vurğulandı. Ancaq, eyni zamanda, internet media və çox təəssüf ki, bəzi qəzetlər paralel olaraq diqqəti həm də kriminal mövzu üzərində cəmləşdirərək ciddi ictimai maraq kəsb etməyən məsələni qabarıq şəkildə vətəndaşlarımıza təqdim etdi. Üstəlik, kriminal elementlər haqqında təqdim olunan bir sıra materialları istər cəmiyyətimiz, xüsusilə gənc nəsil üçün zərərli hesab etmək olar. Sual oluna bilər ki, cinayətkarı az qala qəhrəman obrazında təqdim etmək, onun həyatını nümunə kimi göstərmək nə dərəcədə düzgündür?! Gənclərimiz bundan hansı yaxşı nümunəni əxz edə bilərlər?! Ümumiyyətlə, kriminal elementlərlə bağlı hər hansı hadisəni olmazın dərəcədə qabardıb əsas mövzulardan birinə çevirmək kimin maraqlarına xidmət edir?! Təəssüf ki, bəzi informasiya resurslarımız bir gün ərzində mövzu ilə bağlı 10-a yaxın material təqdim edərkən bu suallar haqqında düşünmürlər.

KİV-lərin fəaliyyəti sahəsində rəqabət mühitinin mövcud olduğunu bildirən Vüqar Əliyev deyib ki, öz reytinqini yüksəltmək hər bir media orqanının haqqıdır. Ancaq cinayətkarın həyat tərzini populyarlaşdırmaqla bu reytinqi qazanmaq olarmı?! Bu yanlış və zərərli mesajların cəmiyyət üçün hansı fəsadlar törədəcəyi məsələsi medianı düşündürməməlidirmi?! Bəzi vaxtlarda telekanallarda da xəbər buraxılışları bu və ya digər şəkildə cinayət hadisələri və bu tipli mənfi yüklü məlumatlarla zəngin olur, xəbərin təqdimatında balans pozulur və tamaşaçıya bədbin əhvali-ruhiyyə aşılanır. Bu məsələdə də balans gözlənilməli, xəbər rəngarəngliyi təmin olunmalı, daha çox insanları müsbət əhvala kökləyən məlumatlara üstünlük verilməlidir. Məgər cəmiyyətimizdə yaxşı nümunələr yoxdurmu?! Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, sərhədlərimizi etibarlı şəkildə qoruyan qəhrəman hərbçilərimiz, cəmiyyətimizin inkişafına layiqli töhfə verən ziyalılarımızı təbliğ etmək olmazmı?!

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan mediası öz ənənələrinə, prinsiplərinə sadiq qalaraq təkcə reytinq, populyarlıq haqqında düşünməməlidir, öz fəaliyyətində dövlətin və cəmiyyətin maraqlarının müdafiəsi prinsipini daha çox nəzərə almalıdır. Media da cəmiyyətimiz, vətəndaşlarımız, gənclərimiz qarşısında məsuliyyət daşıyır və öz üzərində düşən məsuliyyəti unutmamalıdır.

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib ki, mətbuat sensasiya ilə özünə oxucu, telekanallar isə qalmaqalla özünə tamaşaçı yığmağa çalışır. Bu, yanlış yanaşmadır. Kriminal xəbərlərlə maraq yaratmaq daha asandır. Amma kriminal xəbərlərin heç birinin ictimai əhəmiyyəti yoxdur. Bəzən kriminal xəbərlər süni şəkildə sensasiyalaşdırılır. Belə hallara yol verilərkən bu işin həm də mənəvi tərəfi nəzərə alınmalıdır. Bu cür məsələlərdə qınaq da olmalıdır.

“Ədalət” qəzetinin baş redaktoru, deputat Aqil Abbas kriminal xəbərlərin mənfi şərhlərlə verilməsinin maarifçilik baxımından qəbul edilən olduğunu deyib. O, kriminal xəbərlərin ön plana çəkilməsindənsə, problemin kökünün tapılaraq həll olunmasının vacibliyini vurğulayıb. Kriminal xəbəri şişirdib müzakirəyə çevirmək məqsədəuyğun deyil.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, mətbuatda kriminal avtoritetlərin təbliğ edilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük zərbədir. Mətbuat nümayəndələri ilə yanaşı, sosial şəbəkələrin istifadəçiləri də dövlətin, dövlətçiliyin mövqeyini qorumalıdırlar. Lakin təəssüf ki, bəzən kriminal avtoritetlərin həyatı barədə informasiyalar, hətta onların məzarlarının fotoları da yayılır. Bu da gənc nəslin təlim-tərbiyəsində böyük problemlər yaradır. Hər bir media təmsilçisi, sosial şəbəkə istifadəçisi paylaşdığı material ilə cəmiyyətin sağlam şəkildə inkişaf etməsinə töhfə verməlidir.

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı qeyd edib ki, media kriminal hadisəni elə təqdim edə bilər ki, insanlar ondan nəticə çıxara bilərlər. Medianın fəlsəfəsi hüquqi dövlətin qurulmasında iştirak etməkdir. Kriminal avtoritetlərin öz qayda-qanunları olur. Bu isə medianın fəlsəfəsinə ziddir. Media öz fəlsəfəsinə zidd olan işlə məşğul olmamalıdır. İctimaiyyətin marağında olan xəbərlərə daha maarifləndirici yöndən yanaşmaq lazımdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında