BMT-nin Təhlükəsizlik Şurasında islahatlar məsələsi müzakirə edilib

Rusiya BMT Təhlükəsizlik Şurasının yeni üzvlər hesabına genişlənməsini dəstəkləyir, amma daimi üzvlərin qətnamələri bloklamasına imkan verən veto hüququnun məhdudlaşdırılması ilə bağlı istənilən cəhdin əleyhinədir. Bu bəyanatla BMT Baş Assambleyasının Təhlükəsizlik Şurasında islahatlara həsr olunmuş iclasında Rusiya nümayəndəsi Oleq Filimonov çıxış edib. Məlumatı TASS verib.

“Rusiya Təhlükəsizlik Şurasının daimi üzvü kimi, bu orqanın nüfuzunun daha da artırılması üçün yeni üzvlərin, xüsusən Asiya, Afrika və Latın Amerikası ölkələrinin cəlb olunmasına tərəfdardır. Ancaq bu istiqamətdə səylər TŞ-nin yeni çağırışlara daha effektiv və operativ reaksiya verməsinə maneə törətməməlidir. Bu kontekstdə biz şuranın yığcam (kompakt) xarakterinin qorunub saxlanmasını istəyirik. Onun üzvlərinin optimal sayı 20-dən az artıq ola bilər”, – deyə diplomat bildirib.

Bununla belə, o deyib ki, ölkəsi daimi üzvlərin bir sıra səlahiyyətlərinin, o cümlədən, veto institutunun pozulmasına səbəb ola biləcək ideyaları dəstəkləmir. Çünki bu institut şuranın balanslı qərarlar qəbul etməsində vacib faktordur. “Buna müdaxilə etmək həm tarixi, həm də siyasi nöqteyi-nəzərdən düzgün deyil”.

Baş Assambleyanın iclasında BMT TŞ-nin effektliyinin azaldılmaması şərti ilə genişləndirilməsi təklifini Böyük Britaniyanın daimi nümayəndəsinin müşaviri Stiven Hiki də səsləndirib. O, qeyd edib ki, TŞ-nin hazırkı tərkibi və sayı müasir reallıqlara uyğun gəlmir.

Diplomat deyib ki,1946-cı ildə TŞ-nin birinci iclasında masa arxasında 11 dövlətin nümayəndələri oturub, 1965-ci ildə onların sayı 15-ə çatıb və o vaxtdan dəyişməz qalıb. “Son illərdə BMT genişlənib, dünya dəyişib, ancaq Təhlükəsizlik Şurası bununla ayaqlaşa bilmir. Dünyada sülh və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas orqan bütün dünyanı təmsil etməlidir”, – deyə Hiki bəyan edib.

Britaniya nümayəndəsi TŞ-nin daimi və qeyri-daimi üzvlərinin sayını çox da artırmamağı, onun tərkibinə Braziliyanı, Almaniyanı, Hindistanı və Yaponiyanı əlavə etməyi təklif edib. O, rəsmi Londonun veto hüququnun məhdudlaşdırılmasını dəstəklədiyini bildirərək xatırladıb ki, ölkəsi bu hüquqdan, demək olar ki, istifadə etməyib. “Ancaq Rusiya 2011-ci ildən bəri Suriya üzrə qətnamələri doqquz dəfə bloklayıb və öz xalqını kimyəvi silahın köməyi ilə öldürən rejimə qarşı tədbir görülməsinin qarşısını alıb”.   

Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Yuri Vitrenko Rusiyanın ünvanına tənqidlər yağdırıb və əlavə edib ki, Moskvanın vetosu TŞ-nin Donbasdakı münaqişəyə vaxtında reaksiya verməsinə mane olub. O, hərbi cinayətlər və xarici təcavüz hallarında daimi üzvlərin veto hüququnun məhdudlaşdırılmasını təklif edib. “TŞ üzvlərinin iştirak etdikləri silahlı münaqişələrə baxılarkən onların səs hüququ olmamalıdır”.

Qeyd edək ki, BMT TŞ-də islahatlarla, şuranın daimi və qeyri-daimi üzvlərinin sayı,  eləcə də veto hüququ ilə bağlı 10 ildir ki, danışılır. Ancaq vahid rəyə gəlmək mümkün olmur. Meksika və Fransa veto hüququnun məhdudlaşdırılmasını təklif edir. Böyük Britaniya bunu dəstəkləyir. Ancaq Rusiya, Çin və ABŞ bu ideyanın əleyhinə çıxış edir.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında