Türkiyə Baş nazirinin ABŞ-a səfəri davam edir

Türkiyə hökumətinin rəhbəri Binəli Yıldırım  hazırda Birləşmiş Ştatlarda səfərdədir. Qeyd edək ki, Prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra, Binəli Yıldırım ilk dəfədir ki, ABŞ-a səfər edir. Baş nazirin paytaxt Vaşinqton və Nyu-Yorkda çox sayda görüşləri planlaşdırılıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Dünən Binəli Yıldırım ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin rəhbəri, Tennesi ştatından olan respublikaçı senator Bob Korkerlə görüşüb. Qeyd olunur ki, görüş Vaşinqtondakı mehmanxanaların birində baş tutub və iki saatdan çox davam edib.

Türkiyə tərəfdən görüşdə xarici  işlər naziri Mövlud Çavuşoğlu, enerji və təbii ehtiyatlar naziri Bərat Albayrak, Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıc və başqa rəsmi şəxslər iştirak ediblər. 

Görüşdən sonra “Anadolu” agentliyinin müxbirinə eksklüziv müsahibə verən senator Bob Korker danışıqların səmimi və pozitiv ruhda keçdiyini vurğulayıb. O, Türkiyənin suriyalı qaçqınlara göstərdiyi qayğıdan da məmnun qaldığını dilə gətirib.

B.Korker deyib: “Biz iki ölkə arasındakı, eləcə də bir sıra səciyyəvi münasibətləri müzakirə etmişik. Biz bir sıra məsələləri həll etməliyik. İkitərəfli münasibətlərdə problemlərin həlli üçün zaman tələb olunur. Bizim ölkələr NATO üzrə müttəfiqdir, lakin hazırda bəzi məsələlərdə bizim mövqelərimiz üst-üstə düşmür”.

Xatırladaq ki, Türkiyə hökumətinin rəhbəri bu il noyabrın 7-də ABŞ-a gəlib. Baş nazir okeanın o tayına yola düşməzdən əvvəl mətbuat nümayəndələrinə səfərin məqsədi barədə açıqlama verərkən deyib ki, o, ABŞ rəsmiləri ilə Suriya və İraqdakı vəziyyəti, eləcə də FETÖ terror hərəkatının lideri Fətullah Gülənin həbs edilərək Türkiyəyə ekstradisiya olunması məsələlərini müzakirə edəcək.

Binəli Yıldırımın sözlərinə görə, rəsmi Ankara Fətullah Gülənlə bağlı qarşı tərəfə artıq kifayət qədər hüquqi sənəd təqdim edib. Türkiyə ümid edir ki, ABŞ-ın ədliyyə sistemi bu məsələdə qanunun aliliyi əsasında qərar qəbul edəcək.

Yeri gəlmişkən, Türkiyə Pentaqonun PKK-nın Suriya və İraqda törəmə təşkilatları olan PYD və YPG terrorçuları ilə əməkdaşlıq etməsindən də narazıdır. Bundan başqa, iki ölkə arasında son vaxtlar viza problemi yaranıb.

Sonda bildirək ki, Binəli Yıldırım cümə axşamı Ağ evdə ABŞ-ın vitse-prezidenti Mayk Penslə görüşəcək. Türkiyə hökumətinin rəhbərinin Nyu-Yorkda ABŞ-ın müsəlman və yəhudi icmalarının rəhbərləri ilə görüşləri də planlaşdırılıb. Səfər noyabrın 11-də başa çatacaq.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında