Qəbələ Rayon Məhkəməsinin yeni müasir inzibati binası istifadəyə verilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi təkmilləşdirilib, yeni məhkəmələr təsis olunub, hakimlərin Avropada ən şəffaf seçim qaydaları müəyyən edilib, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun infrastrukturunun müasirləşdirilməsi üzrə xeyli iş görülüb.

Bununla bağlı dövlət büdcəsi hesabına, habelə Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində paytaxtda və bölgələrdə 13 məhkəmə üçün yeni, müasir binalar və komplekslər tikilərək istifadəyə verilib. Hazırda 8 məhkəmə üçün bina və komplekslərin intensiv inşası aparılır. Bir çox məhkəmə bina və komplekslərin açılışlarında dövlətimizin başçısı şəxsən iştirak edib, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 5-də Qəbələ rayonunda müasir tələblərə uyğun inşa edilən yeni məhkəmə binasının açılışı olub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, mərasimdən əvvəl ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsi ziyarət olunaraq, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, parlamentin regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov, bölgənin hakimləri, ədliyyə, prokurorluq, digər hüquq-mühafizə orqanlarının işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Bina ilə tanışlıq zamanı bildirilib ki, ümumi sahəsi 2900 kvadratmetr olan, iki mərtəbədən və zirzəmi qatından ibarət məhkəmə binası digər yeni tikilmiş məhkəmə binalarında olduğu kimi, ictimai və inzibati zonalara bölünməklə müasir İKT ilə təchiz olunub. Burada Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, "Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə bağlı zəruri infrastruktur yaradılıb. O cümlədən videokonfransların, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarə olunmasına xidmət edən, audio-video yazılışları aparan "Femida" sistemi və digər avadanlıq quraşdırılıb. Binada konfrans və iclas zalları, arxiv və digər xidməti otaqlar mövcuddur. Həmçinin təqsirləndirilən şəxslərin təhlükəsiz daşınması və saxlanması üçün hər cür şərait yaradılıb. BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq, binada əlillərin sərbəst hərəkəti üçün də bütün şərait var.

Mərasimdə çıxış edən ədliyyə naziri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin olunduğunu vurğulayıb, ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar və yeniliklər barədə məlumat verib.

Bildirilib ki, ümummilli liderin humanizm siyasəti uğurla davam etdirilərək Prezident İlham Əliyevin ötən dövrdə imzaladığı sərəncamlarla 3800-dən çox şəxs əfv olunub. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 amnistiya aktı 40 mindən çox şəxsi əhatə edib.

Həmçinin dövlətimizin başçısının təşəbbüsü ilə cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad edilməsinə səbəb olub.

Azərbaycan Prezidentinin humanist siyasətinin təzahürü olaraq, cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamının müstəsna əhəmiyyətinə toxunan nazir bu mühüm sənədin icrası üzrə görülən konkret işlərdən bəhs edib. Sərəncamın qəbulundan sonra istintaq təcridxanalarına daxil olan həbs edilmiş şəxslərin sayının 25 faizə qədər azaldığı, həbsdən azad olunan insanların sayının isə xeyli artdığı vurğulanıb.

Sərəncamla məhkəmələrin üzərinə mühüm vəzifələrin düşdüyü, insan haqlarının, xüsusilə azadlıq hüququnun qorunmasında hakimlərin yüksək məsuliyyəti diqqətə çatdırılaraq, bu mənada həbs qətimkan tədbirinin seçilməsinə həssas yanaşılmanın vacibliyi bildirilib. Eyni zamanda, məhkəmə fəaliyyətində şəffaflığın artırılması, qərarların ədalətliliyinin təmin edilməsi, vətəndaşlara layiqli xidmət göstərilməsi, qərəzli yanaşmanın, korrupsiyanın yolverilməzliyi qeyd edilib.

Nazir Qəbələ Rayon Məhkəməsinin müasir inzibati binasının istifadəyə verilməsinin məhkəmə sistemində aparılan islahatlara əlavə töhfə olmaqla məhkəmənin fəaliyyətinin yüksək səviyyədə təmin olunmasına, vətəndaşların müraciət imkanlarının asanlaşdırılmasına və insan hüquqlarının etibarlı təminatına xidmət edəcəyini bildirib.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı Fəttah Heydərov və digər çıxış edənlər regionların hərtərəfli tərəqqisinə, xüsusilə ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə sisteminin inkişafına göstərdiyi xüsusi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında