İŞİD-in İraqdakı son istehkamı ələ keçirilib

İraqın hökumət qüvvələri İŞİD-in ölkədəki son istehkamı olan Əl-Aviçə şəhərini və onun ətrafını terrorçulardan təmizləməyə müvəffəq olmuşlar. Terrorçu qruplaşmalar Kərkük şəhəri yaxınlığında yerləşən Əl-Aviçəni 2014-cü ildə işğal etmişdilər.

“Reuters”in məlumatına görə, şəhərin azad edilməsi əməliyyatında ABŞ-ın dəstəklədiyi hərbi qüvvələr və şiələrdən ibarət silahlı dəstələr iştirak etmişlər.

Kürdlərə məxsus “Rudav” informasiya agentliyi isə məlumat verir ki, Əl-Aviçənin geri qaytarılmasından sonra terrorçiların nəzarətində yalnız xarabalıqlardan ibarət kiçik ərazi qalmışdır. General-leytenant Abdul Əmir Yarlanın rəhbərlik etdiyi birləşmiş hərbi qüvvələr şəhərə oktyabrın 4-də şimal-qərb istiqamətindən daxil olmuşlar. Onlar 7 məhəlləni və 12 strateji mövqeni tutmağı qarşıya məqsəd qoymuşlar. Müdafiə yarıldıqdan sonra terrorçular mərkəzə doğru sıxışdırılmışlar.

İraq polisi İŞİD-in döyüşlərdə canlı sipər kimi istifadə etməyə çalışdığı onlarca ailəni təxliyə edib. Xatırladaq ki, BMT-nin hesabatına görə, Əl-Aviçədə hərbi əməliyyatlar başladıqdan bəri şəhəri və ətraf yaşayış məntəqələrini 12 min 500 insanın tərk etməsinə baxmayaraq, şəhərdə 78 min sakinin qaldığı güman edilirdi. Humanitar təşkilatların 70 min nəfərə yetə biləcək nəzarət-buraxılış məntəqələri, düşərgələr və səhra hospitalları tədarük etdiyi xəbər verilir.

“Əl-Cəzirə” televiziyasının nümayiş etdirdiyi xəritədə isə İraqın yalnız Suriya sərhədində yerləşən kiçik Əl-Qaim şəhəri və onun ətrafı İŞİD yaraqlılarının nəzarəti altında qaldığı güman edilir.

 İŞİD “xilafəti” bu ilin iyulundan, terrorçu qruplaşmanın mərkəzi şəhəri sayılan Mosulun hökumət qüvvələri tərəfindən azad edilməsindən sonra dağılmağa başlamışlar. “Əl-Cəzirə”nin məlumatına görə, keçən həftə terrorçuların lideri Əbu Bəkr Əl-Bağdadinin bütün məğlubiyyətlərə baxmayaraq, tərəfdarlarını mübarizəni davam etdirməyə çağıran səs yazısı yaylmışdır. Bu audiomaterial onun ölümü ilə bağlı daha əvvəl yayılan xəbərləri təkzib edir.

Suriyada da hərbi qüvvələrin Rəkka şəhərinin 90 faizini terrorçulardan təmizlədiyi və ağır döyüşlərin davam etdiyi bildirilir. “Demokratik Suriya Ordusu” və hökumət qoşunlarının İraqla sərhəd olan Deyr-əz-Zor əyalətinə iki fərqli istiqamətdən həmlə etdiyi xəbər verilir.

Analitiklər hesab edirlər ki, terrorçuların İraq və Suriyada üzləşdiyi məğlubiyyət onların xaricdə fəallaşmasına səbəb ola bilər.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında