Suraxanıda Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Suraxanıda Beynəlxalq Müəllimlər Günü münasibətilə geniş tədbir keçirilib. Rayonun tədris müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun qatıldığı mərasimdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən məzunlar da iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə tər güllər qoyublar. Sonra Suraxanıdakı Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında tədbirə başlanılıb. Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, müəllimlik dünyada ən çətin, eyni zamanda, ən şərəfli peşədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli təhsil strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son 14 ildə milli təhsil sisteminin məzmununda əsaslı keyfiyyət dəyişiklikləri baş verib. Hazırda müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursu həyata keçirilir. Mütərəqqi yeniliklərin tətbiqi yolu ilə milli təhsil sistemi müasirləşdirilir. Dünya təhsil məkanına inteqrasiya ölkəmizdə reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib.

Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, “qara qızıl”ın insan kapitalına çevrilməsi
uğurla həyata keçirilir. Qəbul edilən dövlət proqramları, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirtdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı və digər irimiqyaslı layihələr təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə, təhsilin inkişafına və keyfiyyətinin artırılmasına davamlı töhfə verir.

İlqar Abbasov vurğulayıb ki, 2017-2018-ci dərs ilinə ciddi uğurlarla qədəm qoyan Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb. Ötən tədris ili nailiyyətlərlə zəngin il kimi yaddaşlara həkk olub.

Rayon rəhbəri bildirib ki, 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsi “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunan torpaqlarımıza qayıdışın rəmzinə çevrilən adı çəkilən kənd haqqında daha dolğun məlumatların verilməsi idi. Uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə dərslərin tədrisinə böyük ehtiyac var.

Natiq daha sonra qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısı Suraxanıda da özünü qabarıq büruzə verib. Rayonda son 14 ildə 5920 şagird yerlik 7 məktəb binası, şagird sıxlığını aradan qaldırmaq məqsədilə 14 məktəb üçün 7340 şagird yerlik 17 əlavə tədris korpusu tikilib, 26372 şagird yerlik 23 məktəb binası əsaslı təmir olunub. Hazırda Suraxanının təhsil müəssisələrində 39624 şagirdin təlim-tərbiyəsi ilə 3230 müəllim məşğul olur.

Keçən tədris ilində rayon məktəblərini 2005 şagird bitirib, onlardan 1977 nəfəri attestat alıb. 1578 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Sənəd verənlərdən 1111 nəfəri tələbə adını qazanıb. Bu isə sənəd verən məzunların 70,4 faizini təşkil edir. Abituriyentlərdən 78 nəfəri 600-dən yuxarı bal toplayıb. 650-dən çox bal toplayan məzunların sayı isə 29 nəfərdir.

278 saylı tam orta məktəbin məzunu Pərvin Əhmədova ən yüksək nəticə göstərərək 700 bal toplayıb, 6 məzun Prezident təqaüdçüsü adına layiq görülüb.

Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Bəşarət Məmmədov, YAP rayon təşkilatının sədri Vüqar Seyidov, 278 nömrəli tam orta məktəbin direktoru Məlahət Əliyeva, qəbul imtahanlarında yüksək bal toplayan Prezident təqaüdçüləri Pərvin Əhmədova, Səidə İsmayılova, Aysel İbrahimova, valideyn Vasif İbrahimov təhsilə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz dərin təşəkkürlərini bildiriblər.

Bir qrup təhsil müəssisəsinin kollektivi və təhsil işçiləri, qəbul imtahanlarında ən yüksək nəticə göstərən məzunlar rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif ediliblər, onlara qiymətli hədiyyələr verilib.

Sonda şagirdlərin ifasında bədii hissə göstərilib.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında