Statistika Komitəsi FAO ilə gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib

Dövlət Statistika Komitəsi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

Komitənin mətbuat xidmətindən bildirilib ki, müzakirələr oktyabrın 3-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak ilə görüşündə aparılıb.

Görüşdə əsas məqsəd “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrlə bağlı statistika sahəsində potensialın artırılması istiqamətində texniki əməkdaşlığa dair məsələlərin müzakirə edilməsi olub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ardıcıl olaraq həyata keçirilən islahatlar fonunda dinamik inkişafın əsas faktorları hesab edilən dayanıqlı inkişaf məqsədlərinə nail olmanın statistik informasiya dəstəyindən danışıb. Ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafına, eyni zamanda, ərzaq və qida təhlükəsizliyinə böyük önəm verdiyini, bu sahədə son illərdə mühüm qərarların qəbul edildiyini diqqətinə çatdırıb.

Bütün sahələrdə dayanıqlı inkişafın təmin olunmasında informasiya təminatının təkmilləşdirilməsinin zəruriliyinə toxunan komitə sədri “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn məsələlərlə bağlı yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə statistik məlumatların işlənilməsində Dövlət Statistika Komitəsinin üzərinə düşən vəzifələr, statistika infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı görülən işlər, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə təsdiq edilmiş Strateji Yol xəritələrində nəzərdə tutulan tədbirlər barədə qonağa ətraflı məlumat verib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Melek Çakmak Azərbaycanın kənd, meşə və balıqçılıq təsərrüfatı sahələrində böyük potensiala malik olduğunu və son illər ərzində burada mühüm nailiyyətlərin əldə edildiyini deyib.

Qeyd olunub ki, Dövlət Statistika Komitəsinin nümayəndələri mütəmadi olaraq FAO-nun dəstəyi ilə təşkil olunan seminar-müşavirələrdə fəal iştirak edir, FAO-nun tərtib etdiyi “Ərzaqdan istifadə”yə dair sorğu cədvəlləri, eləcə də kənd təsərrüfatının müxtəlif sahələri üzrə məlumatlar mütəmadi olaraq təqdim edilir.

Görüşdə Dövlət Statistika Komitəsi ilə FAO arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsinə inam ifadə olunub, gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında