Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək inkişaf səviyyəsinə çatıb

Azərbaycanın Ankaradakı keçmiş səfiri Faiq Bağırov fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman ilə görüşüb.

Görüşdə Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu qeyd edən TBMM-in sədri hələ 1990-cı illərdə Türkiyənin mədəniyyət naziri olduğu dövrdə Azərbaycana səfəri zamanı bu hikmətli sözün banisi ulu öndər Heydər Əliyev ilə keçirdiyi görüşlərlə bağlı xoş xatirələrindən danışıb.

Dağlıq Qarabağ məsələsinin həm Azərbaycanın, həm də Türkiyənin milli məsələsi olduğunu vurğulayan Türkiyə parlamentinin sədri cari il iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində iki yaşlı Zəhranın və onun nənəsinin həlak olmasını, daha sonra cəbhə bölgəsində azyaşlı azərbaycanlı dinc sakinin yaralanmasını kəskin şəkildə qınadığını bildirib.             

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ölkələrimizə böyük fayda gətirən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, bu yaxınlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və bu kimi strateji əhəmiyyətli digər beynəlxalq layihələrin uğurla davam etdirilməsi məsələləri müzakirə olunub. Bununla yanaşı, qeyri-neft sektorunda, həmçinin ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan formatında keçirilən üçtərəfli görüşlərin səmərəliliyi, gələcəkdə Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli formatının da qurulması imkanları barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan-Türkiyə münasibətlərinin bu gün özünün ən yüksək səviyyəsinə çatdığını qeyd edən Faiq Bağırov ikitərəfli siyasi və iqtisadi əlaqələrimizin, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinin mövqelərini dəstəkləməsinin, son vaxtlar region və ümumilikdə dünya üçün böyük bəlaya çevrilmiş terrorla birgə mübarizə aparmağımızın bütün dünya üçün nümunə olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, əməkdaşlığımızdakı nailiyyətlərin əsasında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətləri dayanır.

İsmayıl Qəhrəman 2016-cı ilin 15 iyul hadisələrindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin açıq şəkildə Türkiyə dövlətinə dəstək verməsinin qürurverici bir hadisə olduğunu söyləyib və bu dəstəyin sonrakı proseslərdə davam etdirilməsinə görə Türkiyə tərəfi adından dövlətimizin başçısına minnətdarlığını bildirib.

Daha sonra təhsil və hərbi sahələrdə ölkələrimizin əməkdaşlığına dair fikir mübadiləsi aparılıb. Həm Türkiyə universitetlərində, həm də ali hərbi məktəblərdə təhsil alan azərbaycanlı tələbə və kursantların sayının gündən-günə artmasının sevindirici hal olduğu, həmçinin hərbi-texniki sahədə birgə hərbi təlimlərin keçirilməsinin qürurverici olduğu ifadə edilib.

Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edən İsmayıl Qəhrəman Faiq Bağırova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında