BMT-nin Cenevrə bölməsində Azərbaycan dövlətinin hədiyyə etdiyi abidənin açılışı olub

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə oktyabrın 3-də BMT-nin Cenevrə bölməsində Millətlər Sarayının qarşısında yerləşən Ariana parkında Azərbaycan dövlətinin hədiyyəsi olan “Düşüncələr və arzular” adlı heykəltəraşlıq abidəsinin açılışı olub.

1929-1938-ci illərdə inşa olunmuş Millətlər Sarayı dünyanın ən böyük ictimai binalarından biridir və onun yerləşdiyi 46 hektar sahəyə malik Ariana parkı Cenevrənin ən böyük parkları sırasındadır. Millətlər Sarayının binasında və Ariana parkında 2000-dən artıq incəsənət, rəsm və heykəltəraşlıq əsəri nümayiş olunur. Bu zəngin kolleksiya BMT-nin əsas dəyərləri olan sülh, bərabərlik, inkişaf, tərəqqi, azadlıq, insan hüquqları, ətraf mühit kimi mövzuları əhatə edir.

Abidənin açılışında Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, mərkəzi qərargahı Cenevrədə yerləşən bir sıra beynəlxalq təşkilatların rəhbərləri, BMT-nin Cenevrə bölməsinin struktur rəhbərləri və əməkdaşları iştirak ediblər.

Açılışda BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller çıxış edərək Ariana parkındakı abidələr kolleksiyasını zənginləşdirən maraqlı incəsənət əsərini hədiyyə etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. İnsanın sülh, təhlükəsizlik, insan haqları və inkişafa dair arzularını simvolizə edən bu abidənin BMT-nin əsas hədəfləri və dəyərləri ilə üst-üstə düşdüyünü qeyd edən M.Möller abidənin müəlliflərinə minnətdarlığını çatdırıb. O qeyd edib ki, Azərbaycan BMT-nin ən fəal üzvlərindən biri kimi bu təşkilatın fəaliyyətinə öz töhfəsini verir və Cenevrə həftəsi çərçivəsində mədəniyyətlərarası dialoqa həsr olunacaq tədbirin nəzərdə tutulması bu ölkənin BMT dəyərlərinə verdiyi yüksək qiymətə bariz nümunədir.

Baş nazirin müavini Əli Həsənov çıxışında qeyd edib ki, ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev Mədəniyyət Nazirliyinə müvafiq abidənin hazırlanmasına dair göstəriş verib. Ötən ilin iyun ayından etibarən Azərbaycanın BMT-nin Cenevrədəki bölməsi yanındakı daimi nümayəndəliyi müvafiq danışıqlar apararaq, BMT-nin ikinci böyük bölməsinin yerləşdiyi Cenevrə şəhərində ölkəmizin hədiyyəsi olan abidənin ucaldılmasına dair razılıq əldə edib. O, Cenevrə bölməsinin rəhbəri Mixael Möllerə Azərbaycanın bu müraciətinə müsbət yanaşdığına görə təşəkkür edib.

Baş nazirin müavini qeyd edib ki, BMT-nin sülh, inkişaf, insan hüquqları, tərəqqi kimi dəyərlərinin tərənnüm olunduğu bu abidə, eyni zamanda, Azərbaycan xalqının əsrlərdən bəri yaşadığı və bəşəriyyətə verdiyi töhfələri özündə əks etdirir. Bu gün çətin bir dövrdə yaşayırıq və belə bir keşməkeşli dövrdə BMT dəyərlərinin qorunmasına daha çox ehtiyac var. Azərbaycan hökuməti üzv olduğu 25 il ərzində BMT dəyərlərindən bəhrələnib və bunu davam etdirəcək.

Sonra tədbir iştirakçıları abidənin üzərindəki örtüyü açıblar.

Azərbaycan Prezidentinin bir il öncə verdiyi tapşırığa əsasən, Mədəniyyət və Turizm Nazirliyi abidənin hazırlanması işini xalq rəssamları Səlhəb Məmmədova və Əli İbadullayevə həvalə edib. Abidə Azərbaycan heykəltəraşlıq məktəbinin yüksək səviyyəli nümunəsi olmaqla yanaşı, bəşəri dəyərləri özündə ehtiva edən əsl incəsənət əsəridir.

Abidənin açılışından sonra qonaqlara ziyafət verilib. Ziyafət verilən zalda Azərbaycana həsr olunmuş fotosərgi nümayiş etdirilib.

Elgün NİFTƏLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında