Mixael MÖLLER: Azərbaycan BMT-nin ən fəal üzvlərindən biridir

Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov oktyabrın 3-də BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller ilə görüşüb.

Əli Həsənov bu il Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyinin tamam olduğunu qeyd edərək, beynəlxalq qurumla ölkəmiz arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Xüsusilə qeyd edilib ki, Azərbaycan BMT-nin Cenevrə bölməsindəki təşkilatlarla, xüsusilə də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı ilə daha sıx əlaqələrə malikdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 1992-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb.

İyirmi beş ili əhatə edən dövr ərzində Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf yolu keçdiyini qeyd edən Baş nazirin müavini ölkədə yoxsulluq səviyyəsinin ciddi şəkildə aşağı düşdüyünü, yeni iş yerlərinin açıldığını, iqtisadiyyatın neftdən asılılığının azaldılması üçün addımlar atıldığını qeyd edib.

Baş nazirin müavini BMT-nin yeni baş katibi seçildikdən sonra təşkilatda islahatların və struktur dəyişikliklərinin də labüdlüyü məsələsinə toxunaraq qeyd edib ki, əsas istiqamətlərdən biri BMT-nin qəbul etdiyi sənəd və qətnamələrin həyata keçirilməsinin təmin olunmasıdır. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələr icra olunmamış qalır və təəssüf ki, dünya ictimaiyyəti buna dözür. Bu kimi hallarla bağlı ciddi tədbirlərin görülməməsi və beynəlxalq ictimaiyyətin seyrçi mövqedə qalması da öz növbəsində dünyanın müxtəlif regionlarında münaqişə ocaqlarının artmasına təkan verir.

Əli Həsənov ölkəmizin BMT-yə üzv qəbul edilməsinin 25-ci ildönümü münasibətilə Cenevrədə abidənin ucaldılması məsələsinə müsbət yanaşdığına görə M.Möllerə Azərbaycan Hökuməti adından təşəkkür edib.

Mixael Möller Azərbaycanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu qeyd edərək, ölkəmizin sürətli inkişafının, sosial-iqtisadi məsələlərin həllindəki qərarlarının örnək olduğunu bildirib. BMT tərəfindən qəbul edilmiş və 17 sahəni əhatə edən “2030: Davamlı inkişaf hədəfləri” strategiyası ilə bağlı Azərbaycanda ciddi işlər görüldüyünü bildirən M.Möller Azərbaycan təcrübəsinin BMT çərçivəsində təşviq edilməli olduğunu vurğulayıb. O, Azərbaycanın BMT-yə hədiyyə etdiyi abidənin təkcə bölməyə deyil, bütün bəşəriyyətə edilmiş hədiyyə olduğunu qeyd edib.

Görüşdə BMT-nin Cenevrə bölməsinin kitabxanasında Azərbaycan Demokratik Respublikasına aid sənədlərin rəqəmsal surətinin yerləşdiyi disk Azərbaycan tərəfinə təqdim olunub.

Elgün NİFTƏLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında