Mətbuat Şurası və BAMF-ın birgə təşkilatçılığı ilə bir qrup ziyalı cəbhə bölgəsində olub

Mətbuat Şurası və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşəbbüsü ilə Bakı Dövlət Universitetinin (BDU) bir qrup müəllim heyəti, tanınmış jurnalistlər və media təmsilçiləri, ictimai xadimlər cəbhə bölgəsinə səfər etmişlər. Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Füzuli rayonunun Horadiz qəsəbəsində aprel hadisələri zamanı şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edib. Daha sonra nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub. Kənddə yeni tədris ilində artıq istifadəyə verilən məktəbin önündə çıxış edən səfərin təşkilatçısı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, MŞ-nın sədr müavini Umud Mirzəyev Cocuq Mərcanlıya vaxtaşırı belə səfərlərin təşkil olunmasının mühüm əhəmiyyət daşıdığını bildirib. Cocuq Mərcanlının dövlət başçısının sərəncamı ilə ən qısa zamanda abad yaşayış məntəqəsinə çevrildiyini vurğulayan U.Mirzəyev işğal altında olan digər bölgələrimizin də tezliklə azad olunacağına inamını ifadə etmişdir.

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ötən ilin aprelində Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarından sonra normal həyat məcrasına qayıdan Cocuq Mərcanlıda bu gün ölkə Prezidentinin bilavasitə diqqəti və nəzarəti ilə salınan yaşayış massivinin həm də Qarabağa qayıdışın rəmzi olduğunu qeyd edib. MŞ-nın sədri yaxın gələcəkdə şuranın Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birgə Cocuq Mərcanlıda Media Mərkəzinin yaradılmasını nəzərdən keçirəcəklərini bildirib: “Biz istəyirik ki, bu bölgəyə, bu kəndə gələn yerli və xarici qonaqlar, jurnalistlər məlumatları vahid mərkəzdən alsınlar. Bu mərkəz hər cür vasitələrlə təmin olunsun”.

Milli Məclisin deputatı Aqil Abbas isə Cocuq Mərcanlı məktəbinin bütün müəllim-şagird heyətinin ön cəbhənin əsgərləri olduğunu söyləyib: “O yüksəkliklərdə sizi qoruyan əsgərlərimiz sizi yanlarında gördükləri üçün daha əzmli, daha güclü olurlar”. BDU-nun professoru Cahangir Məmmədli bu gün məktəbdə şagird kimi təhsil alan uşaqların hamısını tələbə kimi universitetdə gözlədiyini bildirdi. Qeyd etdi ki, bu məktəbdə oxumaq, bu kənddə yaşamaq qədər fədakarlıq nümunəsidir. Məktəblilər qarşısında çıxış edən BDU-nun professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktorunun I-ci müavini İsmayıl Hacıyev, “Region+” jurnalının baş redaktoru Namiq Mayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, nümayəndə heyətinin digər üzvəri məktəbin kollektivinə öz arzu və istəklərini çatdırıblar.

Cocuq Mərcanlıdakı məktəblə tanış olan nümayəndə heyəti məktəbə bir çox kitablar hədiyyə edib. Həmin kitablardan bəziləri nümayəndə heyətinin tərkibində olan müəlliflər tərəfindən yazılıb və məktəbin müəllim və şagird heyətinə təqdim olunub.

Səfər zamanı nümayəndə heyəti Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini də ziyarət edərək burada erməni təcavüzkarları tərəfindən xarabalığa çevrilmiş ərazilərə, o cümlədən kəndin qəbiristanlığına baş çəkdilər. Təəssüf ki, bu qəbiristanlıqda çoxlu sayda qəbirlər erməni ordusunun əsgərləri tərəfindən dağıdılıb. BAMF sədrinin ötən il dünyasını dəyişən atası da məhz bu kəndin Azərbaycan əsgərlərinin nəzarətində olan hissəsindəki bu qəbristanlıqda torpağa tapşırılıb. Səfər çərçivəsində nümayəndə heyəti eyni zamanda Füzuli və Cəbrayıl rayonlarında yerləşən N. saylı hərbi hissələri ziyarət edərək əsgər və zabitlərimizlə görüşüb, onlarla birgə nahar edib, fikir mübadiləsi aparıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında