Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib

Oktyabrın 2-də Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov payız sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

Sədr sessiyanın başlanması münasibətilə deputatları təbrik edərək bildirdi ki, Milli Məclis 2017-ci ilin yaz və növbədənkənar sessiyalarını uğurla başa vurub.

Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilib. Dövlət başçısı İlham Əliyevin uzaqgörən siyasətinin parlament səviyyəsində dəstəklənməsi üçün lazımi tədbirlər həyata keçirilib. Parlamentin 14 iclasında 268 qanun və qərar qəbul edilib.

Milli Məclisin beynəlxalq əlaqələri də inkişaf edib. Azərbaycan parlamenti 10 beynəlxalq parlament assambleyasının üzvüdür və nümayəndə heyətlərimiz bu beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər.

Parlamentin yaz və növbədənkənar sessiyalarında və sonrakı dövrdə 33 ölkəyə 90-dan çox səfər həyata keçirilib, 34 xarici dövlətin və 12 beynəlxalq təşkilatın 70 nümayəndə heyəti Milli Məclisdə olub.

Millət vəkillərimiz Türkmənistanda prezident seçkilərini, Qazaxıstanda və Bolqarıstanda parlament seçkilərini, Türkiyədə referendumu müşahidə ediblər.

Milli Məclisin xətti ilə Bakıda 4 beynəlxalq təşkilatın tədbirləri keçirilib.

Bu gün Milli Məclis yeni sessiyaya başlayır. Payız sessiyasının qanunvericilik işləri planı hazırlanıb və müzakirə ediləcək. Bu sessiyada bir sıra zəruri aktların qəbul olunması nəzərdə tutulur. Xüsusən biz Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə edəcəyik.

Milli Məclisin sədri bu sessiyanın da yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib. Bildirib ki, iclasın gündəliyinə 34 məsələ daxil edilib.

Əvvəlcə Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı müzakirə olundu. Deputatlar Siyavuş Novruzov, Əli Məsimli, Fazil Mustafa, Fərəc Quliyev, Zahid Oruc, Tahir Rzayev, Musa Quliyev, Qənirə Paşayeva, Əli Hüseynli, Aydın Mirzəzadə, Jalə Əliyeva, Musa Qasımlı, Xanhüseyn Kazımlı, Çingiz Qənizadə, Elman Məmmədov və başqaları payız sessiyasının qanunvericilik işləri planı barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.     

Qanunvericilik işləri planı təsdiqləndikdən sonra deputatlar Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında qərar layihəsini səsə qoyaraq təsdiqlədilər.

Millət vəkilləri Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun təqdimatından sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunu, “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişi və “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunu təsdiq etdilər.

Deputatlar “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti N.A.Nazarbayevin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında” məsələni də səsə qoyaraq təsdiqlədilər.  

İclasda bir sıra beynəlxalq sənədlər, o cümlədən Azərbaycan Hökuməti ilə Qazaxıstan Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında, bu ölkələr arasında beynəlxalq avtomobil əlaqələri haqqında, Azərbaycan Təhsil Nazirliyi ilə Qazaxıstan Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişləri, həmçinin ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında 16 sentyabr 1996-cı il tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan və Qazaxıstan hökumətləri arasında Protokolu təsdiq etdilər.

İclasda “Müqavilələr Hüququ haqqında Vyana Konvensiyası”na qoşulmaq barədə” qanun layihəsi də səsə qoyularaq qəbul edildi. 

Sonra millət vəkilləri “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişi, “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolu, “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında”, həmçinin “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında”, “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə”, Azərbaycan Hökuməti ilə Laos Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında, o cümlədən Kosta-Rika Respublikası Hökuməti ilə diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişləri təsdiq etdilər.

Günün ikinci yarısında işini davam etdirən Milli Məclisin iclasında bir sıra sənədlər də müzakirəyə çıxarıldı. Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun və Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun təqdimatlarından sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” və “Meliorasiya və irriqasiya haqqında” qanunlarda texniki dəyişikliklər edildi.

“Polis haqqında” və “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, ilk sənədə edilən dəyişikliklər daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə dəyişikliklər edilməsi ilə bağlı Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Digər sənədə əsasən isə Azərbaycan polisinin yubiley medalı təsis ediləcək. Komitə sədri vurğuladı ki, Azərbaycanın orden və medalları sırasına belə bir medalın daxil edilməsi qürurvericidir. Layihələr səsə qoyularaq qəbul edildi.

İclasda, həmçinin “Azərbaycan Mərkəzi Bankı haqqında”, “İnvestisiya fondları haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlara da redaktə xarakterli dəyişikliklər olundu.

Bundan başqa, deputatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda təklif olunan texniki xarakterli dəyişikliklərə müsbət münasibət bildirdilər.

İclasda müzakirəyə çıxarılan sonuncu məsələ - Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı haqqında Milli Məclisin qərar layihəsi barədə parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirdi ki, sentyabrın 20-də rəhbəri olduğu komitədə sözügedən sənədlə bağlı müzakirələr aparılıb və komitə belə qərara gəlib ki, qanunla bağlı Prezident İlham Əliyevin etirazı nəzərə alınmalı və qanunun məqsədəuyğun olmaması barədə təklif qəbul edilməlidir. Deputatlar Prezidentin etirazını məqsədəuyğun hesab etdilər.

Bununla da Milli Məclisin payız sessiyasındakı ilk plenar iclası başa çatdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında