Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubunun yeni binası istifadəyə verilib

Muxtar respublikada sakinlərin asudə vaxtının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Yeni parkların salınması, xidmət sahələrinin fəaliyyətə başlaması, yaşayış məntəqələrində mədəniyyət evləri və klublar üçün yeni binaların istifadəyə verilməsi bu mənada mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən bildirilib ki, sentyabrın 30-da – Beynəlxalq Ahıllar Günü ərəfəsində Naxçıvan şəhərində 2 nömrəli Təqaüdçülər Klubu üçün yeni bina istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Ali Məclisin sədri yeni binanın istifadəyə verilməsi münasibətilə təqaüdçüləri təbrik edərək deyib: Təqaüdçülər Klubu 1974-cü ildən fəaliyyət göstərir. Ötən dövrdə klub Naxçıvan şəhərindən olan təqaüdçülərin asudə vaxtlarının təşkili sahəsində səmərəli fəaliyyət göstərmişdir. Ona görə də klubun yerləşdiyi bina yenidən qurulmuş, müasir tələblərə uyğun şərait yaradılmış, oxu və stolüstü oyun zalları istifadəyə verilmişdir.

Ali Məclisin sədri deyib: Ölkəmizdə bütün kateqoriyadan olan insanların fəaliyyəti və rahatlığı üçün lazımi şərait yaradılır. Şagirdlərin yaxşı təhsil alması üçün müasir məktəblər, həkimlərin səmərəli fəaliyyəti üçün yeni xəstəxanalar, eləcə də digər sosial obyektlər tikilərək istifadəyə verilir, insanlara hərtərəfli xidmət göstərilir. Bu gün istifadəyə verilən 2 nömrəli Təqaüdçülər Klubunda yaradılan şərait də müxtəlif yarışların keçirilməsinə, mütaliə günlərinin və kitab müzakirələrinin təşkilinə imkan verəcəkdir. Yaşlı insanlar, təqaüdçülər ölkəmizin sərvətidir. Onların keçdiyi həyat yolu gənc nəsil üçün nümunədir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, ənənələrimiz yaşadılmalı və gənc nəslə öyrədilməlidir.

Ali Məclisin sədri klubun səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib, bir daha təqaüdçüləri təbrik edib.

Naxçıvan şəhər sakini Qadir Həsənov təqaüdçülər adından minnətdarlıq edərək deyib: Bu gün muxtar respublikada bütün təbəqədən olan insanlar diqqət mərkəzindədir. Ahıl vətəndaşlara, təqaüdçülərə göstərilən qayğı, onların sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər minnətdarlıqla  qarşılanır. Aparılan quruculuq işləri nəticəsində yeni parklar, istirahət guşələri istifadəyə verilir. Təqaüdçülər üçün nəzərdə tutulan bu klub əvvəllər lazımi şəraiti olmayan binada yerləşirdi. Lakin bu gün istifadəyə verilən yeni binada asudə vaxtın səmərəli təşkili üçün bütün imkanlar var. Bu da dövlətimizin öz vətəndaşına göstərdiyi qayğının daha bir ifadəsidir.

Sonra Ali Məclisin sədri açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən klub təqaüdçülərin asudə vaxtlarının səmərəli təşkili, stolüstü oyunların və yarışların keçirilməsi, qəzet və jurnalların oxunmasının təşkili, kitab mütaliəsinin təmin olunması sahəsində fəaliyyət göstərir, əlamətdar günlərdə müxtəlif tədbirlər keçirilir. Bu işlərin uğurla həyata keçirilməsi üçün binada lazımi şərait yaradılıb, iş otağı, stolüstü oyun zalı, oxu zalı və bufet istifadəyə verilib.

Ali Məclisin sədri oxu zalının mütəmadi olaraq yeni ədəbiyyatlarla zənginləşdirilməsi barədə tapşırıq verib.

 

Naxçıvan şəhərindəki çoxmənzilli yaşayış binaları yenidən qurulur

 

Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasında sosial islahatların əhatə dairəsini xeyli genişləndirib. Əhalinin məşğulluğunun və rahat yaşayışının təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması muxtar respublikada həyata keçirilən sosial siyasətin və aparılan quruculuq işlərinin əsasını təşkil edir. Hər il Naxçıvan şəhərində yeni ictimai yaşayış binaları tikilərək istifadəyə verilir, mövcud çoxmənzilli yaşayış binaları yenidən qurulur. Bu tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin İstiqlal küçəsindəki 79 nömrəli yaşayış binasında da yenidənqurma işləri aparılıb.

Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binada görülən işlərlə maraqlanıb, sakinlərlə görüşüb.

Ali Məclisin sədri Naxçıvan şəhərində yeni abad məhəllənin yaranması və yaşayış binasının yenidən qurulması münasibətilə sakinləri təbrik edərək deyib: Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər bölgələrində də geniş abadlıq-quruculuq işləri aparılır, yeni sosial obyektlər tikilir. Bu gün muxtar respublikada sabitlik, enerji və ərzaq təhlükəsizliyi təmin olunub. Muxtar respublikanın hərtərəfli inkişafı isə insanların həyat səviyyəsini yaxşılaşdırır, yeni iş yerləri açılır. Vaxtilə Naxçıvan şəhərindəki binalarda lazımi kommunal məişət şəraiti yox idi, elektrik enerjisi fasilələrlə verilirdi, içməli su təminatı ödənilmirdi. Lakin bu gün mənzillərə 24 saat dayanıqlı elektrik enerjisi, təbii qaz və içməli su verilir. Yenidən qurulan bu yaşayış binasında da sakinlərin rahat yaşayışı üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan şəhərində quruculuq işləri bundan sonra da davam etdiriləcək, digər yaşayış binalarında da yenidənqurma işləri aparılacaqdır. Sakinlər də tikilənləri, qurulanları qorumalı, yaşadıqları binanı, məhəlləni təmiz saxlamalıdırlar. Çünki həyata keçirilən bu tədbirlər ölkəmizin inkişafına, insanların rahat yaşayışına hesablanıb.

Bina sakini, ziyalı Zəhmət Şahverdiyev minnətdarlıq edərək deyib: Naxçıvanın çətin günlərini yaxşı xatırlayırıq. Vaxtilə mənzillərə gün ərzində 2 saat elektrik enerjisi verilirdi, içməli su, təbii qaz təminatı yox idi. İqtisadiyyatın və sosial həyatın bütün sahələrində geriləmə müşahidə olunurdu. Lakin ulu öndər Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında kompleks inkişafa nail olunub. Muxtar respublikanın kəndində də, şəhərində də geniş quruculuq işləri aparılır. Naxçıvan müasir üslubda yenidən qurulur, sakinlərin rahat yaşayışı üçün bütün tədbirlər görülür. Muxtar respublikada görülən bu işləri vaxtilə ümummilli liderimiz Heydər Əliyevin, bu gün isə ölkə Prezidenti cənab İlham Əliyevin yüksək qiymətləndirməsi sakinləri daha da qürurlandırır, onların qurub, yaratmaq əzmini artırır.

Bina ilə tanışlıq zamanı məlumat verilib ki, 5 mərtəbəli yaşayış binasında 45 mənzil vardır. Yenidənqurma işləri zamanı binanın mühəndis-kommunikasiya sistemləri yenilənib, fasadı, dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, dəhlizlər və zirzəmi qatı təmir olunub. Zirzəmi qatında xidmət sahələri üçün yerlər ayrılıb. Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında