Respublikamız dünyanın ən münbit investisiya məkanına çevrilir

Dünya bazarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi prosesinə Azərbaycan hökumətinin genişmiqyaslı iqtisadi islahatlarla cavab verməsi  onun iqtisadi siyasətinin nə qədər düzgün olduğunu bir daha göstərdi. 2015-ci ilin sonlarından başlayaraq, iqtisadi inkişafın yeni mərhələsini formalaşdırmağa  köklənmiş iqtisadi islahatlar qısa bir zaman kəsiyində qeyri-neft sektorunda inqilabi dəyişikliklərə səbəb oldu.

Bu gün artıq ilkin nəticələr göz qabağındadır. Azərbaycan iqtisadiyyatının real sektorunun əsasını təşkil edən qeyri-neft sənayesində cari ilin səkkiz ayı ərzində 4,3 faiz artım əldə edilmişdir. Aqrar sektorda da buna uyğun yüksək nəticələrin qazanılacağı heç kimdə şübhə doğurmur. Ölkədə turizmin inkişafı geniş vüsət almaqdadır. Bu sahənin inkişaf sürətinə görə biz hazırda turizmin ənənəvi inkişaf etdiyi bütün ölkələri qabaqlayırıq. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Azərbaycan Qədim İpək yolunun bərpası işini başa çatdırmış olacaq. Bu yolun istifadəyə verilməsi Azərbaycanı regionun ən iri və ən əlverişli nəqliyyat dəhlizinə çevirəcək. Bu, o deməkdir ki, şərqlə qərbi birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüz milyon tonlarla yükün daşınması Azərbaycana milyardlarla dollar gəlir gətirəcək. Bütün bu uğurlar düzgün və ardıcıl şəkildə aparılan iqtisadi islahatların məntiqi nəticəsidir.

Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı və yaxın perspektivdə onun əldə edə biləcəyi yüksək nəticələr beynəlxalq maliyyə və iqtisadi mərkəzlərin və reytinq agentliklərinin diqqətini cəlb etməyə bilməzdi. Elə bu səbəbdəndir ki, son bir neçə il ərzində Azərbaycanın beynəlxalq aləmdəki iqtisadi nüfuzu ardıcıl olaraq artır və möhkəmlənir. Bunun həqiqətən də belə olduğunu nüfuzlu beynəlxalq qurumlar öz hesabatları vasitəsilə təsdiq edirlər.

Son illərdə aparılan iqtisadi islahatların ölkədə azad sahibkarlığın inkişafına açdığı geniş meydan həm xarici, həm də yerli investorların böyük marağına səbəb olub. Bu gün hər bir investor ictimai-siyasi sabitliyi ilə bütün dünyaya nümunə olan, rəqabətqabiliyyətliliyin yüksək bir səviyyəyə çatdığı və bütövlükdə, investisiya mühütinin maksimum dərəcədə əlverişli olduğu bir ölkəyə – Azərbaycana vəsait yatırmaqda maraqlıdır. Bu marağı düzgün və sistemli bir şəkildə aparılan iqtisadi islahatlar təmin etmişdir.

Məlum olduğu kimi, Azərbaycanın Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı” indeksi reytinqində bir sıra ölkələri qabaqlayaraq, 35-ci pillədə qərarlaşmışdır. Bu böyük uğur ölkə Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi altında aparılan düzgün iqtisadi islahatların məntiqi nəticəsidir. Bu göstəriciyə görə, Azərbaycan dünyanın hər 4 ölkələsindən 3-nü üstələməyi bacarıb. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabətlilik indeksinə görə Azərbaycandan geridə qalır. Ölkəmiz bu əsas göstərici üzrə MDB məkanında yenə də liderdir və bu üstünlüyünü neçə illərdir ki, inamla qoruyub saxlayır.

Azərbaycanın rəqabətlilik qabiliyyətinin artması bir sıra başqa indikatorlarda da öz əksini aydın şəkildə tapmışdır. Belə ki, adıçəkilən hesabatda ölkəmizin institutlarının səmərəlilik göstəricisinə görə mövqeyi kifayət qədər yüksəkdir və o, bu göstəriciyə  görə dünyada 33-cü yeri tutur. Hazırda dünyada gedən dördüncü sənaye inqilabı ilə əlaqədar olaraq innovasiyalar sahəsində ciddi addımlar artılır. Bir çox ölkələrin bu sahədəki işləri bir o qədər də qənaətbəxş sayılmadığı halda, Azərbaycan həmin göstərici üzrə də dünyada 33-cü yerə layiq görülüb. Bu, böyük uğurdur. Çünki indi dünyada gedən iqtisadi prosseslərə uyğunlaşmadan yüksək nəticələr əldə etmək mümkün deyil.

Azərbaycan qlobal rəqabətlilik indeksinə görə mövqelərini getdikcə daha da möhkəmləndirir və investisiya yatırımları etmək üçün maraqlı bir məkana çevirir. Bu isə beynalxalq aləmdə ölkəmizin siyasi nüfuzunun və iqtisadi qüdrətinin daha da artması deməkdir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında