Azərbaycanın beynəlxalq reytinqinin yüksəlməsi Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin məntiqi nəticəsidir

Son illərdə dünyanın böyük və aparıcı ölkələrində maliyyə və iqtisadi böhran tüğyan etsə də, Azərbaycan iqtisadiyyatının davamlı inkişafı göz qabağındadır. Bunu təkcə yerli iqtisadi təhlilçilər deyil, beynəlxalq maliyyə və iqtisadi qurumlar da etiraf edir, özlərinin ayrı-ayrı illər üzrə hazırladıqları hesabatlarda əks etdirirlər.

Təbii ki, beynəlxalq reytinq cədvəllərində Azərbaycanın mövqelərinin ildən-ilə yaxşılaşması təsadüfi hal deyil. Bunun üçün ölkədə son illərdə böyük və genişmiqyaslı, iqtisadi həyatın, demək olar ki, bütün sahələrini əhatə edən islahatlar aparılıb. Dünya bazarında neftin qiymətinin kəskin şəkildə, bəzi məqamlarda dörd dəfə aşağı düşməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafı ilə bağlı bir-birinin ardınca imzaladığı fərman və sərəncamları xatırlamaq kifayətdir. Həmin vaxtlar Prezident çıxışlarında bəyan etdi ki, artıq neft erası başa çatdı. Və bundan sonra dövlət başçımızın uzaqgörənliyi öz töhfəsini verməyə başladı, qeyri-neft sektorunun önə çıxarılması, inkişaf etdirilməsi və Azərbaycan məhsullarının dünyaya ixracı sahəsində ardıcıl islahatlar həyata keçirildi. Sənaye və kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ilə bağlı ciddi tədbirlər görüldü. Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamı bu sahədə kompleks tədbirlər görülməsini şərtləndirdi. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatının nəinki geriləməsinin qarşısı alındı, hətta bir çox sahələrdə ciddi irəliləyişə nail olundu. Dünyadakı mürəkkəb siyasi və iqtisadi proseslərə, bir çox ölkələrdə ciddi iqtisadi, maliyyə və sosial problemlər yaşanmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı bu gün də dayanıqlıq nümayiş etdirməkdə davam edir, nəzərdə tutulmuş bütün sosial proqramlar icra olunur. Prezident İlham Əliyevin tapşırığı ilə sahibkarlığın inkişafına dövlət dəstəyi davam etdirilir, sahibkarlara güzəştli kreditlər verilir, digər həvəsləndirici tədbirlər görülür. Bütün bunlar isə son nəticədə təkcə ölkədə deyil, beynəlxalq aləmdə layiqli qiymətini alır.

Bu günlərdə Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda da Azərbaycanın öz reytinq mövqelərini kifayət qədər yüksəltdiyi əksini tapıb. Ölkəmiz reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də lider mövqeyə yüksəlib. Hətta G-20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Qlobal rəqabət qabiliyyəti reytinqində Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan isə 73-cü sırada yer alır.

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın mövqeyi 12 indikatordan aşağıdakı doqquz indikator üzrə yaxşılaşıb: institutlar (15 pillə irəliləyərək 33-cü yer), infrastruktur (4 pillə irəliləyərək 51-ci yer), səhiyyə və ibtidai təhsil (1 pillə irəliləyərək 74-cü yer), ali təhsil və təlim (10 pillə irəliləyərək 68-ci yer), əmtəə bazarının səmərəliliyi (19 pillə irəliləyərək 31-ci yer), əmək bazarının səmərəliliyi (9 pillə irəliləyərək 17-ci yer), maliyyə bazarının inkişafı (18 pillə irəliləyərək 79-cu yer), biznesin mürəkkəbliyi (20 pillə irəliləyərək 40-cı yer) və innovasiya (11 pillə irəliləyərək 33-cü yer). Beləliklə, Azərbaycan ən böyük irəliləyişi biznesin mürəkkəbliyi kateqoriyası üzrə əldə edib – 20 pillə. Bu sahədə xüsusilə klaster inkişafı və rəqabət üstünlüyü meyarlarında daha çox irəliləyiş əldə edilib.

İnfrastruktur kateqoriyasında Azərbaycanın nəqliyyat sistemi 140 ölkə arasında 43-cü yerdə qərarlaşıb. Əmək bazarının səmərəliliyi kateqoriyasında “istedadların səmərəli istifadəsi” göstəricisinə görə Azərbaycan dünyada 17-ci pillədə qərarlaşıb. Ölkəmiz bu göstəriciyə görə İsrail, İrlandiya, Belçika, Avstriya və Estoniya kimi rəqibləri üstələyib. Əmtəə bazarının səmərəliliyi indikatorunda ölkəmiz rəqabət elementi üzrə 32-ci, tələbin keyfiyyət şərtinə görə isə 31-ci yerdə gəlir.

Yalnız iki indikator – makroiqtisadi mühit və texnoloji hazırlıq üzrə geriləmə olub. Xarici şokların təsirinə baxmayaraq, “makroiqtisadi mühit” kateqoriyası altında “hökumətin büdcə balansı” göstəricisinə görə Azərbaycan 140 ölkə arasında 37-ci olub. Bu kateqoriyada “hökumətin borcu” göstəricisinə görə də Azərbaycanın mövqeləri güclüdür: 43-cü yer. Makroiqtisadi mühit kateqoriyasında Azərbaycanın geriləyən göstəricilərindən biri inflyasiya səviyyəsi olub. Bazarın həcmi indikatoruna görə isə hesabatdakı mövqeyimizdə dəyişiklik baş verməyib. 

“2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda struktur problemləri əsas qlobal çağırış olaraq qiymətləndirilsə də, Azərbaycan institutlar üzrə göstəriciyə görə dünyada 33-cü pillədədir. Hesabatda qeyd edilir ki, dünya ölkələri üçün dördüncü sənaye inqilabı innovasiya sahəsində çağırışlar ortaya qoysa da, Azərbaycan bu sahədə, əksinə, mövqelərini gücləndirib və 33-cü pilləyə yüksəlib. Xüsusilə, yüksək texnologiyalar sahəsində hökumət tədarükü elementi üzrə Azərbaycan 14-cü yerdə qərarlaşıb və Honq Konq, Niderland, Norveç və Böyük Britaniya kimi ölkələri geridə buraxıb. “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda dünyada əsas narahatedici trendlərdən biri kimi “dağıdıcı bərabərsizlik” qeyd edilsə də, Azərbaycan Cini əmsalının aşağı olmasına görə sosial bərabərsizliyin ən aşağı olduğu ölkələrdən biri kimi qiymətləndirilir.

Bütün bunlar, şübhəsiz ki, ölkə ictimaiyyəti tərəfindən sevinclə qarşılanır. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar rəqabətqabiliyyətli ölkə kimi Azərbaycanın mövqelərinin daha da güclənməsi ilə nəticələnəcək.      

Qasım MƏMMƏDOV,
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında