Son on ildə hərbi xidmət əleyhinə olan cinayətlərin sayı 50 faiz azalıb

Respublika Hərbi Prokurorluğunda prokurorluq işçilərinin peşə bayramı günü qeyd edilib

Hərbi Prokurorluqda 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 99-cu ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdən əvvəl Hərbi Prokurorluğun əməkdaşları Baş Prokurorluğun kollektivi ilə birlikdə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət ediblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluğun iclas zalında keçirilən tədbirdə çıxış edən baş prokurorun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev dünya şöhrətli, müdrik siyasi xadim, müasir Azərbaycanın memarı Heydər Əliyevin ölkəmizin tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində əzmkar fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, 1993-cü ilin iyununda kifayət qədər mürəkkəb siyasi şəraitdə xalqın təkidli çağırışına biganə qalmayaraq, ölkə rəhbərliyinə qayıdan ulu öndər bu missiyanı inamla həyata keçirib, qısa müddətdə ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsinə nail olub. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli surətdə hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb, hüquq münasibətlərinin bütün subyektləri tərəfindən qanunçuluğun təmin olunmasının milli mexanizmləri formalaşdırılıb və bu mexanizmlər sistemində prokurorluq özünəməxsus yer tutur. Ulu öndərin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılaraq dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilib.

Xanlar Vəliyev, həmçinin qeyd edib ki, ulu öndərin əsasını qoyduğu siyasi kurs, apardığı məhkəmə hüquq islahatları, həmçinin prokurorluq orqanlarına göstərdiyi etimad və diqqət onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilib. Prezident İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Hərbi Prokurorluğun strukturunun təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə kriminalistika, kadrlar və hüquqi təminat, xüsusi istintaq, Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması, informasiya-kommunikasiya texnologiyaları və maddi-texniki təminat şöbələri, eləcə də dövlətimizin başçısının müvafiq sərəncamı ilə Zaqatala Hərbi Prokurorluğu yaradılıb. Respublika Hərbi Prokurorluğunun mərkəzi aparatı, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, Qazax və Zaqatala hərbi prokurorluqları üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib, digər hərbi prokurorluqlarının binaları isə əsaslı təmir edilib.

Son illər hərbi prokurorluq orqanları tərəfindən Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qanunların icrasına nəzarət və hərbi qulluqçular tərəfindən qanunazidd hərəkətlərin törədilməsinin qarşısının alınması sahəsində çoxşaxəli tədbirlər görülüb. Bu barədə danışan Xanlar Vəliyev vurğulayıb ki, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində hərbi hissələrdə törədilən cinayətlərin, xüsusən də qəsdən adam öldürmə, intihar, habelə fərarilik və digər bu kimi hərbi xidmət əleyhinə olan cinayətlərin sayı durmadan azalır. Son on ildə bütünlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin təxminən 50 faiz, qəsdən adamöldürmə, intihar və şəxsiyyət əleyhinə olan digər cinayətlərin 40 faiz azalması, hərbi hissəni və xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində tərk etmə cinayətlərinin isə ümumiyyətlə törədilməməsi Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsinin və qanunun aliliyinin təmin edilməsinin göstəricisidir. Eyni zamanda korrupsiya cinayətlərinə qarşı mübarizənin vəziyyəti mütəmadi olaraq Respublika Hərbi Prokurorluğunda ümumiləşdirilib kollegiya iclaslarında müzakirə olunur. Bu sahədə işin daha səmərəli təşkili, hərbi hissə və birləşmələrdə həmin cinayətlərin vaxtında aşkarlanması sahəsində ərazi hərbi prokurorluqlarının fəaliyyətləri təhlil olunub, müvafiq hərbi idarəetmə orqanlarına təqdimatlar, informasiya və icmal məktubları göndərilməklə zəruri qabaqlayıcı tədbirlərin görülməsi tələb edilib. Bununla yanaşı, Hərbi Prokurorluğun əməkdaşları tərəfindən vətəndaşların müraciətlərinə baxılması işi daim diqqət mərkəzində saxlanılır, hər bir müraciətə fərdi qaydada baxılır.

Xanlar Vəliyev bildirib ki, Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində erməni silahlı birləşmələri tərəfindən 1990-ci il martın 24-də Qazax rayonunun Bağanis-Ayrım kəndində, 1991-ci il dekabrın 22-də keçmiş Əsgəran rayonunun Qaradağlı kəndində, 1992-ci il fevralın 17-də keçmiş Ağdərə rayonunun Meşəli kəndində, 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törədilmiş soyqırımı cinayətləri, habelə ermənilər tərəfindən törədilmiş terror aktları və digər cinayət əməlləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin soyqırımına görə məsuliyyət nəzərdə tutan 103-cü və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə 296 təqsirləndirilən şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi təmin olunub. Həmçinin erməni millətçilərinin xüsusi amansızlıqla və qəddarlıqla törətdikləri kütləvi qırğınların, bəşəriyyət əleyhinə yönəlmiş soyqırımı cinayətlərinin tarixin yaddaşına həkk olunması, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Hərbi Prokurorluğun təşəbbüsü ilə Azərbaycan Respublikası baş prokurorunun 2013-cü il 19 iyul tarixli əmrinə əsasən Respublika Hərbi Prokurorluğunda zəngin tarixi sənədlər, faktlar və istintaq materialları əsasında Soyqırımı Muzeyi yaradılıb. Habelə “Soyqırımı Muzeyi”, “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabları nəşr olunub, “Əsrin faciəsi” filmi çəkilib.

Dövlətimizin başçısının prokurorluğa göstərdiyi qayğıya və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə hərbi prokurorluğun kollektivi adından Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirən Xanlar Vəliyev əmin edib ki, Respublika Hərbi Prokurorluğu bundan sonra da öz işini göstərilən yüksək etimad səviyyəsində qurmaq üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, dövlətçiliyimizin maraqlarının müdafiəsi işində səylərini əsirgəməyəcək.

Sonda hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev xidmətdə fərqlənən əməkdaşları mükafatlandırıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında