Böyük Britaniyanın Azərbaycan Respublikasındakı səfiri cənub bölgəsində

Böyük Britaniyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri xanım Kerol Krofts cənub bölgəsinə tanışlıq səfəri çərçivəsində Astara və Lənkəranda olub.

Astara Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevlə görüşən səfir rayonun coğrafi mövqeyi, əhalisi, əhalinin məşğulluğu, sosial-iqtisadi inkişafı və kənd təsərrüfatının aparıcı sahələri barədə məlumatlandırılıb, onun sualları cavablandırılıb. Cənub bölgəsinə ilk dəfə səfər etdiyini vurğulayan səfir Karol Krofts səmimi görüşə görə Astara rayon rəhbərliyinə razılığını bildirib, bölgənin gözəlliyinə heyran qaldığını söyləyib.

Britaniya konsulluğunun əməkdaşlıq etdiyi Astara şəhər 2 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi Kəmalə Nəsirova ilə görüşdə altı ildən bəri Azərbaycanda fəaliyyət göstərən AzETA (İngilis Dili Müəllimləri Birliyi) cənub filialının uğurları barədə danışılıb. Bildirilib ki, üç il öncə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Britaniya konsulluğunun birgə həyata keçirdiyi layihədə Kəmalə müəllimin rəhbərliyi ilə 12 şagird təlim keçir. Bu ilin aprel ayında astaralı müəllim Beynəlxalq İngilis Dili Müəllimləri Təşkilatının Şotlandiyada keçirdiyi 51-ci konfransda iştirak edib və müsabiqədə fərqlənən 26 pedaqoq sırasında mükafat qazanıb. Britaniya səfiri gənc müəllimə gələcək fəaliyyətində uğurlar arzulayıb. Sonra Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin  avtomobil və qatar yolu, Astaraçay üzərində inşa edilmiş körpü, “Astaraçay” MMC-nin yeni inşa edilmiş çay fabrikində istehsal prosesi və buradakı Çay muzeyi ilə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

 Ertəsi gün Böyük Britaniyanın Azərbaycandakı səfiri xanım Kerol Krofts tanışlıq məqsədilə Lənkəran rayonuna gedib. Səfər proqramı çərçivəsində səfir öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı icra başçısı qonağa Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verib. Səmimi qəbula görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən səfir rayonda ingilis dilinin geniş tədris olunmasından və əhali tərəfindən həvəslə öyrənilməsindən məmnun olduğunu bildirərək bunun Böyük Britaniya-Azərbaycan əlaqələrinin daha da genişlənməsində mühüm əhəmiyyəti olacağını vurğulayıb.

 Sonra xanım Kerol Krofts Lənkəran Dövlət Universitetində tələbə və müəllim kollektivi ilə görüşərək burada ingilis dilinin tədrisi vəziyyəti ilə tanış olub. LDU-da fəaliyyət göstərən xarici dil kafedrasının işindən danışan rektor Natiq İbrahimov ingilis dilinin öyrədilməsi istiqamətində səmərəliliyi artırmaq, keyfiyyəti yüksəltmək məqsədi ilə səfirliyin xətti ilə dil kurslarının açılmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb. Görüşdə Böyük Britaniyanın ali təhsil müəssisələri ilə qarşılıqlı elmi əməkdaşlıq, tələbə-müəllim mübadiləsi məsələləri müzakirə edilib, LDU-da müxtəlif ixtisaslarda təhsil alan tələbələrin Britaniyanın nüfuzlu təhsil ocaqlarında mübadilə proqramlarında iştiraklarının səmərəli ola biləcəyi vurğulanıb.

Daha sonra səfir Lənkəran konserv zavodunda istehsal prosesi ilə maraqlanıb.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında