Dövlət Miqrasiya Xidmətinin rəisi Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri ilə görüşüb

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Kestutis Yankauskasla görüşüb.

Kestutis Yankauskası təyinatı münasibətilə təbrik edən Dövlət Miqrasiya Xidmətinin rəisi Azərbaycanla Avropa İttifaqı arasında mövcud əlaqələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlıq yalnız ticarət və energetika sahələri ilə məhdudlaşmır, geniş sahələri əhatə edir. Bu sahələrdən biri də miqrasiya proseslərinin tənzimlənməsi sahəsində əməkdaşlıqdır. Xidmət rəisi xaricdə qanunsuz yaşayan vətəndaşların ölkəyə qayıtması prosesinin beynəlxalq hüquq çərçivəsində tənzimlənməsi məqsədilə ilk dəfə 2014-cü il  fevralın 28-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” imzalanmış və 2014-cü il sentyabrın 1-dən qüvvəyə minmiş sazişin icrası ilə bağlı görülən işlərdən söhbət açıb. Məlumat verilib ki,  saziş çərçivəsində readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası ilə bağlı həmin şəxslərə Xidmət tərəfindən mütəmadi olaraq hüquqi yardım göstərilir.

Xidmət rəisi Avropa İttifaqının Avropa Qonşuluq Tərəfdaşlıq Aləti proqramı çərçivəsində maliyyələşən 2013-2015-ci illəri əhatə edən layihə çərçivəsində “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti heyətinin professional inkişafına dəstək” Tvinninq layihəsinin uğurla icra olunduğunu da xatırladıb. Əlavə edib ki, TAİEX yardım aləti çərçivəsində də Dövlət Miqrasiya Xidməti bir sıra layihələr həyata keçirib. Hazırda “Azərbaycan Respublikası, Avropa İttifaqı (Aİ) və onun iştirakçı üzv dövlətləri arasında Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamə”dən irəli gələn və 2016-cı ildən icrasına başlanan “Azərbaycanla Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək” (MOBİLAZE) layihəsi ətrafında da müzakirələr aparılıb və layihə tərəfindən müxtəlif istiqamətlərdə işin aparıldığı qeyd edilib.

Xidmətin fəaliyyət istiqamətləri barədə danışan F.Nəbiyev qeyd edib ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində statuslarının müəyyənləşdirilməsi ilə bağlı prosedurlar daha da sadələşdirilib, onların hüquqlarının müdafiəsi və azadlıqları tam təmin edilir. Ölkəmizdə tolerantlığın yüksək səviyyədə olmasının miqrasiya proseslərinə təsir edən əsas amil olduğunu vurğulayan F.Nəbiyev ölkəmizdə bu günə qədər  miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusunun qeydə alınmamasını təqdirəlayiq hal kimi önə çəkib. Bildirib ki, 2013-cü il avqust ayının 1-dən qüvvəyə minmiş Miqrasiya Məcəlləsi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəd kimi ilk dəfə Azərbaycanda qəbul edilməsi ilə bir yenilik olub.

Ermənistanın Azərbaycana təcavüzündən və bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyindən söhbət açan F.Nəbiyev bildirib ki, ümumilikdə, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədi ilə 6,2 milyard manat vəsait xərclənib. Azərbaycan hökuməti tərəfindən bu insanların məşğulluq, təhsil, yaşayış sahəsi və tibbi, sоsial təminatı ilə əlaqədar tədbirlər mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sоsial, mənzil-məişət prоblеmlərinin həlli istiqamətində tədbirlər bu gün də davam etdirilir. Bu məqsədlə 100-ə yaxın müasir qəsəbə salınıb.

Kestutis Yankauskas də öz növbəsində Dövlət Miqrasiya Xidmətinin rəisinə səmimi görüşə və təbrikinə görə təşəkkür edib. O, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. Qarşılıqlı faydaya, ümumi dəyərlərə və bütün sahələrdə qarşılıqlı maraqlara əsaslanan bu, əlaqələrin təkcə enerji sahəsini deyil, eyni zamanda, nəqliyyat, iqtisadiyyatın şaxələndirilməsi və s. kimi sahələri əhatə edəcəyini söyləyib. Qeyd edib ki, Avropa İttifaqı Azərbaycanın regionda sabit və etibarlı tərəfdaş kimi rolunu, tolerant, multikultural və dünyəvi cəmiyyət quran ölkə kimi əhəmiyyətini yüksək qiymətləndirir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında