İraqın şimalında referendum: mövcud vəziyyət və gözləntilər

Artıq bir neçə gündür ki, dünyanın əsas xəbər agentliklərinin baş mövzusuna çevrilən İraqda kürd referendumu sentyabrın
25-də keçirildi. İraqın Kərkük, Telefar, Ərbil, Süleymaniyyə və digər şəhərlərini əhatə edən Kürd Federal Muxtariyyəti illərdir ki, Bərzani tərəfindən idarə edilir və keçmiş İraq lideri Səddam Hüseynin aradan götürülməsindən sonra xaricdən də müəyyən dəstək görürdü. Qardaş Türkiyənin ərazi bütövlüyünü 30 ildən çoxdur ki, təhdid edən PKK yaraqlılarının əksəriyyətinin sığınacaqları əsasən Şimali İraqda yerləşir və dəfələrlə türk ordusunun həmin bölgəni bombardman etməsinə baxmayaraq, terrorçuların indi də yerləşdikləri yüksəkliklər məhz buradadır.

Qısaca olaraq Kürd Regional Hökuməti barədə məlumatlara nəzər salaq.  Kürdüstan Regional Hökuməti  İraqın şimalında muxtar vilayətdir.  İnzibati cəhətdən ərazisinə İraqın 3 vilayəti daxildir: Süleymaniyyə, Ərbil və Dohuk. Əhalisi 1997-ci ildə aparılmış rəsmi siyahıyaalmaya görə 2,861,701 nəfər, 2003-cü ildə 4,621,578 nəfər, ərazisi 41.047 kvadratkilometr, inzibati mərkəzi Ərbil şəhəridir. Rəsmi dilləri kürd və ərəb dilləridir.

İraqın şimalında yerləşən bu bölgə 1970-ci il martın 11-də Səddam Hüseyn və Məsud Bərzaninin atası Mustafa Bərzani arasında imzalanan müqavilə əsasında qurulmuşdur. İran- İraq savaşında bu bölgə mərkəzi hökumətin nəzarətindən çıxaraq İran tərəfdə yer almışdı. S.Hüseyn savaşdan öncə imzalanan anlaşmanı ləğv etmiş və İraq parlamentindən kürd nazirləri çıxarmışdı. Birinci körfəz savaşından sonra tətbiq olunan uçuş qadağası nəticəsində bölgə bugünə qədər Bağdadın formal olaraq idarəçiliyi altındadır.

Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani 2016-cı ilin yanvarında məclisdəki partiya təmsilçiləri ilə birgə qatıldığı toplantıda müstəqillik üçün referendum komissiyasının qurulmasına qərar verdiklərini bildirmişdi. Referendum 2016-cı ildə ABŞ-da keçirilən seçkilərdən öncə planlaşdırılırdı. Lakin İŞİD-in Mosul və Kərkükə hücumları, PKK-nın Sincar bölgəsindəki terrorçuluq fəaliyyəti, bəzi kürd müxalif partiyaları ilə rəhbərlik arasındakı ixtilafların olması prosesi uzatdı. Nəhayət, 25 sentyabrdakı refendum dünyanın bir sıra ölkələrinin, o cümlədən qonşu İran, Türkiyə, Rusiya, ABŞ və ən əsası İraq dövlətinin etirazlarına baxmayaraq keçirildi. Məlumdur ki, beynəlxalq hüquqda suveren dövlətin ərazisinda yaradılan hər hansı separatçı hökumət qurumu dəstəklənməməlidir. İraqın  Baş naziri Heydər əl-Abadi Associated Press-ə müsahibədə bildirib ki, “Kürdüstan bölgəsinin müstəqilliyi üzrə referendum zorakılığa səbəb olarsa, Bağdad hərbi müdaxiləyə hazırdır”.

Tehran İraqın ərazi bötövlüyünü dəstəkləyir. Hətta İranın tanınmış generallarından biri olan Qasım Süleymani artıq neçə vaxtdır İŞİD qüvvələrinə qarşı mübarizə aparan cəbhənin əsas isimlərindən biri kimi İraq ərazisində açıq fəaliyyət göstərirdi. Bundan əlavə, hazırkı İraq rəhbərliyində şiə məzhəbinə mənsub elita geniş təmsil olunub. Ümumiyyətlə, İranın geostrateji baxımdan İraqda və Suriyada oynadığı rol hamıya bəllidir. Hətta bir müddət əvvəl  ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer İranın yenidən böyük imperiya ola biləcəyi barədə xəbərdarlıq da etmişdi.

Prezident Riçard Niksonun vaxtında dövlət katibi olmuş Kissincer daha sonra bildirir: “Ətraf aləmin İŞİD-lə müharibəsi bunun parlaq nümunəsi ola bilər. Şiə İran və aparıcı sünni dövlətləri də daxil əksər qeyri-İŞİD ölkələr bu təşkilatın məhv edilməsinin zərurətini qəbul ediblər. Lakin bu təşkilatın itirdiyi ərazini kim nəzarətə götürəcək? Cavab qeyri-müəyyəndir, çünki Rusiya və NATO ölkələri qarşı duran tərəfləri dəstəkləyirlər. Əgər İŞİD ərazisi İnqilab Keşikçiləri və ya onun tərəfindən təlimləndirilmiş şiə qüvvələri tərəfindən zəbt olunsa, nəticədə Tehrandan Beyrutadək uzanan ərazi qurşağı yaranacaq. Bu isə yeni radikal İran imperiyasının başlanğıcı olacaq”. Əlbəttə, əslən yəhudi olan ABŞ-ın nüfuzlu strateqinin bu sözləri heç də təsadüfi deyildir. Bu baxımdan İsrailin müstəqil Kürdüstan ideyasını dəstəkləməsi məsələsini sırf İranla olan qeyri-sabit münasibətlərə görə izah etmək olar. Kürdüstan yaranacağı təqdirdə isə Ermənistanın çoxdan PKK ilə əməkdaşlıq edən bir dövlət kimi Kürdüstanı tanıması gözləniləndir. 

Türkiyənin Baş naziri Binəli Yıldırım çıxış edərək İraq Kürdüstanı müstəqillik haqqında  referendumun ölkənin  milli təhlükəsizliyinə toxunduğunu və Türkiyənin lazımi addımlar atacağını bildirdi. Prezident Rəcəb Tayyib Ərdoğan isə daha kəskin danışaraq vurğuladı ki, Şimali İraqdakı referendumla ölkənin yaşadığı duruma nəzər salsaq, görərik ki, fürsətçilik məqsədi daşıyan bir addımdır. Bölgə bir tayfanın yaşayış sahəsi deyil. Orada türkmən və ərəb qardaşlarımızın da haqları var. Referendumun nəticəsindən asılı olmayaraq, biz onu qəbul etmirik. Bu, qeyri-qanunidir. İraqın mərkəzi hökuməti də, məhkəməsi də bunu açıqladı. Biz bütün addımları atırıq, atacağıq da. Boş yerə silahlı qüvvələrimiz sərhəddə deyil. Anidən, bir gecə ora girə bilərik. Kimsəyə güzəşt yoxdur.

Qərb ölkələri də Ərbilə uyğun basqı göstərir, lakin müəyyən çalarlarla. Belə ki, ABŞ kürdlərdən referendumun vaxtını dəyişmək və Bağdadla yeni şərtlərlə dialoqa girməyi tələb edir. Kürdüstan Demokratik Partiyası (KDP) siyasi bürosunun  üzvü Huşiyar Zəbari bununla bağlı bildirib ki, “Cənubi Kürdüstanın (İraq Kürdüstanı nəzərdə tutulur–red.) siyasi rəhbərliyi referendumun vaxtını yalnız BMT TŞ-nın yazılı zəmanəti halında dəyişə bilər, kürd rəsmiləri zəmanət olmayan yerdə təklifləri qəbul etməyəcəklər”. Əlbəttə, bu, artıq böyük iddiadır. Onlar yaxşı bilirlər ki, BMT-nin indiki halda buna getməsi inandırıcı görünmür.

İngiltərə həmişəki kimi, özünəməxsus mövqe tutub. London bir tərəfdən ABŞ-ın mövqeyini dəstəkləyir və bunu İŞİD-lə mübarizə apardığı zaman lazımsız addım hesab edir, digər tərəfdən isə Ərbilin Bağdadla danışıqlarının məhdudlaşdırılıb beynəlxalq birliklərdən biri tərəfindən aparılmasını təklif edir. Bir sözlə, İraq Kürdüstanı ətrafında qüvvələrin maraqlı bölgüsü  formalaşır. İsrail müstəqillik referendumunu dəstəkləyir. Səudiyyə Ərəbistanının körfəz ölkələri üzrə naziri Tamər əl-Səbhanın rəhbərlik etdiyi nümayəndə heyəti Ərbildə olub. O, Məsud Bərzani ilə görüşüb və Ər-Riyadın Bağdadla Ərbil arasında dialoq üçün vasitəçiliyə başlamağa hazır olduğunu ifadə edib. Bununla belə, Səudiyyə Krallığı hələlik müstəqillik referendumunun lehinə, yaxud əleyhinə fikir deməyib.

Türkiyənin nüfuzlu “Aydınlıq Gazetesi”nin sentyabrın 25-i buraxılışında İsmet Özçelik yazır ki, İraq Kürd Regional Administrasiyasının (İKRA) müstəqillik referendumu keçirmək qərarı bölgəni qarışdırıb. Türkiyə, Rusiya, İran, İraq arasında fəal hərəkət müşahidə olunur.

İran Hərbi Qüvvələrinin Baş Qərargah rəisi 38 ildə ilk dəfə Ankarada olub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu danışıqlardan sonra qəflətən Bağdada yollanıb. Bu yaxınlarda isə İraq Hərbi Qüvvələrinin Baş Qərargah rəisi Osman əl-Qənimi Ankarada olub. Putinlə danışıqların intensivliyi artıb.

Türkiyənin “Вugun” qəzeti yazır ki,  Yaxın Şərq dediyimiz bölgə əzablar içində tezliklə müstəqil kürd dövlətini doğura bilər, əsas xarici aktorların bölgə siyasəti hələ 100 il əvvəl Osmanlı dövləti dağılarkən meydana çıxmış durumdadır. Lakin o zaman belə kürdlərin müstəqillik əldə etdiyi durum yaranmamışdı. Qəzet, eyni zamanda, qeyd edir ki,  hazırda Kürdüstan Hökumətinin “burda mənəm, Bağdadda kor xəlifə” iddiası prosesin uğurlu sonu üçün yetərli deyil. Yaxın Şərq olduqca mürəkkəb bölgədir və yeni dövlətin yaranması böyük çətinliklərdən keçir.

 

Türkiyənin mövqeyi qətidir

 

Türkiyə PKK və PYD ilə mübarizəyə baxmayaraq, Kürd Regional Hökuməti ilə son vaxtlar xoş münasibət qurmuşdu. Hətta Məsud Bərzani ilə Rəcəb Tayyib Ərdoğanın görüşləri olmuş, onlar bölgədə sülhü qorumaq üçün birgə hərəkət edəcəklərini və Türkiyənin ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmişdilər. Türkiyə dövləti separatçı kürdlərin Şimali İraqdan ölkə ərazisinə daxil olmasına nəzarəti gücləndirmək üçün, Bərzani ilə separatçıların arasında bərabərlik işarəsini qoymurdu. Daha doğrusu, İraqın ərazi bütövlüyünü tanımaqla yanaşı, Türk Ordusunun zabitləri Kürd Regional Hökumətinin silahlı qüvvələrinə İŞİD-lə daha yaxşı mübarizə aparmaq üçün təlimlər də keçirdilər. Lakin son günlər Türkiyənin bu referenduma sərt təpkiləri, hətta silahlı müdaxilə ediləcəyi ilə bağlı açıqlamaları getdikcə artır. Burada türkmən faktorunu da vurğulamaq lazımdır. Məlumdur ki, İraqın Kərkük, Telefar və Ərbil şəhərlərində türkmənlər də yaşayırlar. Türkmənlər qətiyyətlə bu dövlətin yaranmasına qarşıdırlar. Türkiyə anlayır ki, müstəqil Kürdüstan dövlətinin yaradılması, bəlkə də, Kərkük və Süleymaniyyənin, Mosulun birdəfəlik itirilməsidir. Xüsusilə, son günlər, adətən, bir-birindən fərqli, hətta bir sıra məsələlərdə tam əks mövqedə duran İran və Türkiyənin yaxınlaşması və referendumu heç bir vəchlə qəbul etməyəcəklərini bildirmələri də Türkiyənin məsələdə nə qədər ciddi olmasını sübut edir. Türkiyə kürd muxtariyyətini yalnız PKK və PYD-ni neytrallaşdırmaq, onların İraqda çoxalmasının qarşısını almaq və digər iqtisadi maraqlar nöqteyi-nəzərdən dəstəkləsə də, İraqın nəzarətindən çıxmasına qarşıdır. Türkiyənin 30 ildən artıqdır davam edən kürd problemi İraqda müstəqil kürd dövlətinin yaranması ilə daha da ağırlaşa bilər.

 

 Zərbə türkmənlərə dəyir

 

İraq türkmənləri İslamın şiəlik məzhəbinə bağlıdır.  Milli identifikasiya baxımından onlar Türkiyəyə və Azərbaycana bağlılıqlarını dəfələrlə bildirmişlər. Lakin məzhəb eyniliyi İranla da müəyyən fikirlərin üst-üstə düşməsinə zəmin yaradır. Üstəlik, Kərkük, Mosul şəhərləri türkmənlərin tarixi şəhərlərindən biridir.  Tarixi reallıq Kərkük və Mosulun türkmən şəhərləri olmasını təsdiqləyir. Ona görə də əgər müstəqil bir kürd dövləti qurulacaqsa, bu zaman tarixi türkmən torpağı olan Mosulun, Kərkükün  taleyinin necə olacağı məsələsi ortaya çıxır. Türkmənlər bu əraziləri asanlıqla kürdlərə güzəştə getməyəcək. Düzdür, son illər bu ərazilərdə ən çox zərbə türkmənlərə dəyib. ABŞ Səddam Hüseyni taxtdan salmaq üçün İraqa qarşı müharibə edəndə Türkiyənin şimaldan Bağdada qarşı cəbhə açması təklifini verdi. Amma Ankara bundan imtina etdi. Nəticədə ABŞ Türkiyəsiz İraqa daxil oldu. Lakin daxil olduqdan sonra burada özünün sadiq müttəfiqini axtardı və bu zaman Türkiyənin əvəzinə əli silahlı kürdlər onun ən yaxın müttəfiqi statusunu qazana bildi. Əvəzində, türkmənlər ciddi zərər gördü. İraqın hazırkı Baş naziri Heydər əl-Abadi türkmənləri dəstəkləyir. Onun İraq parlamentindəki rəsmi sözcüsü də türkməndir. Türkmən Cəbhəsinin lideri Erşad Salehi də çıxışında bildirdi ki, türkmənlər referendumla razılaşmayacaq və İraqın bölünməsinə aparan bu yol onları qətiyyən qane etmir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında