“Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzusunda görüş keçirilib

Sentyabrın 29-da Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev və Azərbaycan gömrüyü” mövzusunda tələbələrlə görüş keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev iştirak edib.

Görüşdən öncə Dövlət Gömrük Komitəsinin sədri ulu öndər Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Tələbələrlə görüşdə giriş sözü ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev bu tədbirin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət quruculuğundakı irsinə, o cümlədən müstəqil gömrük xidmətinin formalaşmasındakı roluna həsr olunduğunu diqqətə çatdırıb. Rektor Azərbaycan gömrük orqanlarının ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasındakı rolunu, iqtisadi inkişafa verdiyi töhfələri dəyərləndirib və bu mövzuda təşkil edilən tədbirin tələbələrin elmi dünyagörüşünün genişlənməsində, onların intellektual səviyyəsinin yüksəlməsində faydalı olacağına əminliyini bildirib.

Sonra Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin mövzu ilə bağlı məruzəsi dinlənilib. Məruzədə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, müasir müstəqil dövlətimizin yaranmasında və möhkəmlənməsində tarixi xidmətlərindən söhbət açılıb. Bütün sahələrdə olduğu kimi, gömrük xidmətinin də formalaşması və inkişafının müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.

Qeyd edilib ki, 1992-ci il yanvarın 30-da yaradılan Dövlət Gömrük Komitəsinin fəaliyyəti ümummilli liderin hakimiyyətə qayıdışına qədər qənaətbəxş olmamışdı. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra verdiyi tapşırıq və tövsiyələr əsasında gömrük orqanlarının fəaliyyəti üçün vacib olan qanunvericilik, maddi-texniki baza və peşəkar kadrların hazırlanması istiqamətində inqilabi addımlar atıldı. Qısa zamanda gömrük xidməti yenidən qurularaq ən müasir avadanlıqlarla təmin edildi, Gömrük Məcəlləsi hazırlanaraq tətbiq olundu və gömrük sahəsində beynəlxalq əməkdaşlıq əlaqələri quruldu.

Komitə sədri Aydın Əliyev ümummilli liderin Azərbaycanda gömrük orqanlarının yaradılmasının 5 illiyi ilə bağlı keçirilən mərasimdəki tarixi nitqini xatırladaraq bildirib ki, həmin çıxışında Heydər Əliyev Azərbaycan gömrüyünün gələcək fəaliyyəti və inkişaf istiqamətlərinin konturlarını müəyyənləşdirdi. DGK sədri qeyd edib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi bu gün Azərbaycan Gömrük Xidməti ölkəmizin iqtisadi təhlükəsizliyinin təminatı, fiskal siyasətin həyata keçirilməsi, qaçaqmalçılıq hallarının qarşısının alınması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsində mühüm rol oynayır, üzərinə düşən missiyanı şərəflə yerinə yetirir.

Bu gün Azərbaycan
Prezidenti İlham Əliyevin Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini diqqət mərkəzində saxladığını da diqqətə çatdıran DGK sədri son illər ərzində Azərbaycan Gömrük Xidmətinin öz inkişafının ən yüksək mərhələsinə doğru inamla irəliləməsini məhz dövlət başçısının respublikamızda hər bir sahəyə olduğu kimi, gömrük sisteminə də olan qayğısının bariz nümunəsi kimi dəyərləndirib.

Aydın Əliyev Azərbaycan gömrük orqanlarının fəaliyyət strategiyasının ölkədə münbit ticarət-investisiya mühitinin yaradılmasına yönəldiyini və bu istiqamətdə köklü islahatlar həyata keçirildiyini bildirib.

Komitə sədri qeyd edib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə diqqət yetirilir. Azərbaycan gömrük orqanlarının əsas inkişaf istiqamətlərindən biri məhz peşəkar kadrların hazırlanması və kadrların peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasıdır. Bu məqsədlə, Azərbaycan Prezidentinin sərəncamına əsasən, yaradılan Gömrük Akademiyası artıq bir neçə ildir fəaliyyət göstərir. Azərbaycan Gömrük Xidməti gömrük təhsilinin səviyyəsinin artırılması və təbliği sahəsində də beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirir, bir sıra təhsil ocaqları ilə əməkdaşlıq edir. Aydın Əliyev bu istiqamətdə Azərbaycanda bir neçə beynəlxalq toplantının, həmçinin, potensialın artırılması və gömrük idarəçiliyinə dair beynəlxalq tələbə konfranslarının keçirildiyinı də diqqətə çatdırıb.

Daha sonra Aydın Əliyev Mingəçevir Dövlət Universitetinin tələbələrinə təhsildə və gələcək fəaliyyətlərində uğurlar diləyərək onların yüksək bilikli və bacarıqlı gənclər kimi ölkənin tərəqqisinə öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.

Sonda komitə sədri tələbələrin suallarını cavablandırıb.

Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib.

DGK mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında