Qəbula gələn razı gedirsə...

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun vətəndaşların qəbulu günüdür. Rayon icra hakimiyyətinin inzibati binasının girişində kənd icra nümayəndələri, bələdiyyə sədrləri toplaşıb. İçəridə, uzunsov stolun hər iki tərəfində isə aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri əyləşib. Aparatın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov qəbula gələnləri növbə ilə içəri dəvət edir. RİH başçısı Rəcəb Babaşov onların bir çoxunu tanısa da, daha çox məlumat əldə etmək, problemlərinə, təkliflərinə dərindən bələd olmaq üçün əlavə suallar verir. Hiss olunur ki, rayon rəhbəri qəbulu qəbul xatirinə keçirmək fikrindən uzaqdır. Diqqət, qayğı, narahatlıq hissləri açıq-aydın hiss olunur:

– Bu yaxınlarda cənab Prezidentimizin Şəmkirdə açılışını etdiyi xalça fabrikində Qazaxdan da 21 nəfər işləyir. Amma oktyabrın 1-dən öz rayonumuzda xalça fabriki işə düşəcək. Dəvət edin, görün ailədən kim işləmək həvəsindədir, maaş 300 manatdan yuxarıdır, – deyə icra hakimiyyətinin başçısı aparatın məsul şəxsinə göstəriş verir.

Aşağı Salahlı kəndindən gələn Ceyran Həsənova isə yalnız yaşadıqları kənddə, özü də uşaq bağçasında gəlini üçün iş istəyir. Bağanıs Ayrım kənd sakini, əyiricilik fabrikinin yataqxanasında məskunlaşan Qarabağ müharibəsi veteranı Yaşar Əsgərovun həyat yoldaşına xahişimə müsbət cavab olduğuna görə, körpə uşaq kimi sevinir. Ölkə Prezidentinə, rayon rəhbərliyinə minnətdarlıq edə-edə, xoş sözlər söyləyə-söyləyə qəbul otağını tərk edir.

Yeri gəlmişkən, bir məsələni qeyd edək. Qazaxda qəbula gələnlərin, demək olar ki, hamısında dövlətə və dövlətçiliyə, ölkə rəhbərinə hədsiz məhəbbət və inam açıq-aşkar hiss olunur. Adamlar öz problemlərinə adi, həlli mümkün bir iş kimi yanaşırlar. Lakin dövlətin maraqları, ölkə rəhbərinin daxili və xarici siyasətinə də onlar biganə deyil. Qəbula gələn ikinci qrup Qarabağ müharibəsi əlili Nüsrət Musayevin burada söylədiklərini olduğu kimi dərc edirik:

–Rəcəb müəllim, axşam televiziyaya baxanda ürəyim dağa döndü və fəxr etdim ki, mən Azərbaycan vətəndaşıyam, bu torpağın oğluyam. Qarabağ torpağında aldığım yaraları da unutdum. Çünki mənim Prezidentim dünyanın bütün dövlət rəhbərləri qarşısında, BMT-nin ali tribunasından dedi ki, lazım gəlsə keçən ilin aprelində düşmənə verdiyimiz dərs təkrar olunacaq. Bilirsiniz, bunu o dövlətin başçısı deyə bilər ki, güclüdür, güclü ordusu var, xalqla daim bir yerdədir. Bax, Prezidentimiz məhz belədir…

Sözünün arxasını gətirə bilmədi. Lap yaxınlığımda dayandığından gördüm ki, gözləri dolub. Elə qəbuldakılar da hisslərini gizlədə bilmirdilər.

Bir haşiyə çıxım. Nüsrət Musayevi yaxşı tanıyıram. Keçən ilin noyabrında yaşadığı Ürkməzli kəndində, evlərində olmuşam, körpə balalarının sevincini də görmüşəm. Qəzetimizin 24 noyabr 2016-cı il tarixli nömrəsində yazmışdıq:  “Nüsrət bilmirdi sevincini, minnətdarlığını necə ifadə etsin. Gah həyətdə bizim söhbəti maraqla dinləyən məktəbyaşlı uşaqlarını göstərir, gah bizi yenicə təmirdən çıxmış evinin otaqlarına baxmağa çağırır, gah da rayon icra hakimiyyəti başçısı ilə kənddəki görüşdən danışırdı:  – Rəcəb müəllim bizim Ürkməzli kəndinə camaatla görüşə gəlmişdi. Mən də getdim. Söz alıb başıma gələnləri danışdım. Dedim ki, ayağım şikəstdir, ikinci qrup Qarabağ müharibəsi əliliyəm, üç övladım var. Lakin yaşayış şəraitim olduqca pisdir. Məni çox təmkinlə, səbrlə dinlədikdən sonra dedi ki, get evə, məni gözlə, görüş qurtaran kimi gəlib baxacağam. Evə qayıtdım. Nə gizlədim, ümidim az idi.

Çünki bu illərdə yazmadığım yer qalmamışdı. Lakin bir kimsə qapımı döyməmişdi… Bir də gördüm gəldilər. Hər yerə baxdı, yanındakı adamlara nəsə tapşırdı. Gördü ki, evimin üstünü adi göy sallofanla örtmüşəm. “Bu gül balaları qoymarıq üşüsünlər”, – deyib uşaqlarımın başını sığalladı.

... İnanın, dünyanı elə bil mənə bağışlamışdılar. Hətta heç nə etməsəydilər belə, mən o qədər razı qalmışdım ki, onu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Axı, adi bir diqqət, nəvaziş də sənə dəymiş yaranı sağaldır, – deyə Nüsrət Musayev kövrəldiyini bizdən gizlətməyə çalışır.

Yarımçıq, heç bir şəraiti olmayan bir tikilinin yerində indi gözəl bina ucaldılmışdı. Ailənin sevinci yerə-göyə sığmırdı. Bizdən dönə-dönə xahiş edirdilər ki, onların minnətdarlığını lazımi yerlərə çatdıraq. Ayrılanda Nüsrət dedi ki, ölkə Prezidenti, Ali Baş Komandan
İlham Əliyev nə vaxt əmr etsə, döyüşə getməyə hazıram:

-Nə olsun ki, ayağımı itirmişəm. Bu dəfə canımı itirməyə hazıram. Bu gün mənim ailəm, uşaqlarım belə rahat evdə yaşayırlarsa, buna görə Prezidentimə minnətdaram…

Aradan bir ilə yaxın vaxt keçib. Heç bilmirdim ki, Nüsrətlə yendən burada, icra hakimiyyəti başçısının qəbulunda görüşəcəyəm. Bir daha əmin oldum ki, sakinlərin istək və arzularının həyata keçməsinə yardımçı olmaq, onların problemlərinə qayğı ilə yanaşmaq, sadəcə diqqət göstərmək təkcə nəcib, xeyirxah bir iş deyil, həm də adamlarda dövlətə və dövlətçiliyə hədsiz inam, məhəbbət hissi aşılamaqdır. Nə yaxşı ki, Qazaxda belə vacib bir məqama məsuliyyətli yanaşma var.

... Ermənistanın qəsbkar ordusu tərəfindən 1992-ci ilin aprelində işğal olunan Qazağın Sofulu kəndinin sakini, hazırda isə rayon mərkəzindəki vaqon şəhərciyində məskunlaşan Nərgiz Qurbanova içəri daxil olan kimi:

– Rəcəb müəllim, Siz bizim evə gəlib şəraitimizlə tanış olmasaydınız, konkret köməklik göstərməsəydiniz, hələ də oğlumu evləndirə bilməyəcəkdim, kimiydi mənə qız verən?!

Nərgizin dediyi son sözlər qəbuldakıların gülüşünə səbəb oldu. O isə “düz deyirəm, bunu mən çəkinmədən söyləyirəm. Hətta oğlumun toyunda gəlib iştirak etməsi məni sanki dağların başına qaldırdı. İlk dəfə özümü yurd-yuvamdan didərgin salınmış hiss etmədim”– deyib evinin bir otağının da təmir olunması üçün gəldiyini bildirdi və qəbul otağını xoş əhval-ruhiyyə ilə tərk etdi.

Qeyd edək ki, Rəcəb Babaşov Qazaxda işlədiyi ilyarım ərzində sakinlərin həyat şəraiti ilə daha yaxından tanış olmaq üçün onların yaşayış yerlərinə baş çəkməyi, problemləri ilə yerindəcə tanış olmağı daha üstün sayıb. Səyyar qəbullar zamanı müraciət edən, mənzil şəraitinin yaxşı olmadığını bildirənlərin əksəriyyətinin evinə qəbuldan sonra və ya başqa bir münasib vaxtda baş çəkmiş, məsələləri operativ həll etmişdir.

Bütün bunların nəticəsidir ki, vətəndaşlardan birbaşa rayon icra hakimiyyətinə daxil olan müraciətlərin sayı artmaqdadır. Halbuki, keçən il müraciətlərin dörddə-birindən çoxu mərkəzi orqanlardan daxil olurdu. Bu il vəziyyət bir qədər də müsbətə doğrudur. Yəni adamların yerli orqanlara inamı xeyli artıb. Təsadüfi deyil ki, bu ilin 8 ayında rayon icra hakimiyyətinə daxil olan 1105 müraciətin cəmi 189-u Prezident Administrasiyasından göndərilib. Bir fakt diqqəti cəlb edir ki, iki il əvvəl, yəni 2015-ci ildə Prezident Administrasiyasına 311 müraciət daxil olduğu halda, icra hakimiyyətinə cəmi 480 müraciət olmuşdu.

Rayon icra hakimiyyətinin başçısı tərəfindən 46 səyyar görüş keçirilmiş və bu qəbullarda 19 min 750 nəfər rayon sakini iştirak etmişdir.

Qəbul zamanı Rəcəb Babaşovun ən ucqar kəndlərdən, o cümlədən sərhəd kəndlərindən gələn vətəndaşların əksəriyyətini yaxından tanıması, hər kəndin problemlərini, adamların dərd-sərini yaxşı bilməsi, bu yerlərdə görülən işlər haqqında məlumat verməsi hamıya xoş təsir bağışlayırdı. Kimsə şəhid qəbiristanlıqlarından söhbət saldı. İcra başçısı araya çökən sükutu özü pozdu və dedi ki, indi bu müqəddəs yerlərə gedəndə xəcalət hissi keçirmirik. Məlumat verildi ki, ötən il yarımda həm şəhərdəki, həm də Daş Salahlı, Yuxarı Salahlı, Xanlıqlar, İkinci Şıxlı kəndlərindəki şəhid qəbiristanlıqları əsaslı şəkildə təmir edilərək yenidən qurulub, yeni yaşıllıqlar salınıb, şəhidlərin adlarına layiq vəziyyətə gətirilib. Bununla yanaşı, şəhid bulaqlarında təmir-bərpa işləri aparılıb, şəhərin mərkəzində Aprel şəhidlərinin xatirəsinə 3 bulaq inşa olunub. Çaylı və Kommuna kəndlərində də Şəhidlər xiyabanları yaxın günlərdə öz görkəmini tamamilə dəyişəcəkdir.

Qəbul zamanı bir məsələ diqqətimizi cəlb etdi. Qəbula gələnlərin, demək olar ki, heç biri dövlət məmurlarından şikayət etmirdi. Sadəcə, müraciət formasında öz arzu və istəklərini bildirirdilər. İcra hakimiyyətinin yerlərdəki nümayəndələrinin, bələdiyyə sədrlərinin , idarə, müəssisə və təşkilat rəhbərlərinin hazırlıqlı olmaları məmnunluq yaradırdı. Hələlik, tam olmasa da, icra hakimiyyəti başçısının işlək bir komanda yarada bilməsi, onlarda məsuliyyət hissinin formalaşdırması, tələbkarlıq və nəzarət mexanizmini düzgün qurması açıq-aydın görünürdü. Digər bir məqam nüfuz və hörmətin, rayon rəhbərliyinə inamın getdikcə yüksəlməsi ilə bağlıdır. Qəbula gələn hər kəs bunu bildirmək istəyirdi. Rəcəb Babaşovun isə onlara cavabı belə olurdu: “Mən icraçıyam və bu mənim vəzifə borcumdur. Yaradılan bütün işlər cənab Prezidentimizin diqqət və qayğısı sayəsindədir. Biz hamımız ona minnətdar olmalıyıq”.

Rayon sakini Vəzir Pənahov da qəbula, özünün dediyi kimi, “bir-iki səmərəli təkliflə” gəlməsinə baxmayaraq, əslən Qazaxdan olan və hazırda Daşkəsəndə yaşayan bir neçə ziyalının təşəkkürünü çatdırmaq istədiyini bildirdi. V. Pənahov bu günlərdə haqq dünyasına qovuşmuş həmyerliləri Aşıq Ədalətin dəfninin Qazaxda çox yüksək səviyyədə təşkili üçün həmin ziyalıların, bütövlükdə bütün rayon ictimaiyyətinin hədsiz minnətdarlığını dönə-dönə qeyd etdi. R. Babaşov Aşıq Ədalətin Qazaxı bütün Şərq dünyasında tanıtdığı üçün əbədi minnətdarlığa layiq olduğunu diqqətə çatdırdı və dedi ki, belə şəxsiyyətləri unutmaq və ya ona laqeyd yanaşmaq tariximizə, soy-kökümüzə, mədəniyyətimizə biganəlik deməkdir.

Qəbula hər cür vətəndaş gəlir. Mülayimi də var, əsəbisi də. Haqlı olanı da var, haqsızı da. Lakin onların hər biri Qazax sakinidir, böyük anlamda Azərbaycan vətəndaşıdır. Təxminən 4 saatdan çox çəkən qəbulda 80 nəfər iştirak etdi və onların, demək olar ki, hamısı razılıq edib çıxdı. Bilirsiniz niyə? Çünki rayon rəhbərindən tutmuş sıravi məmura kimi adamlarla düzgün davranmağı, tələb və təkliflərə operativ müdaxilə etməyi, ən nəhayət, heç olmasa, təmkinlə dinləməyi bacarır. Elə qəbul bitdikdən sonra rayon rəhbərinin üzünü bir daha aparatın məsul işçilərinə tutaraq “heç vaxt, heç kimə laqeyd qalmayın, bu sizin ən birinci vəzifənizdir. Biz hamımız bu işdə cənab Prezidentimizdən nümunə götürməliyik” deməsi də ondan xəbər verirdi ki, bu vacib iş Qazaxda daim diqqət mərkəzindədir.

Təbii ki, bütün bunların müqabilində bəzən kiməsə göstərilən qayğı, lazımi köməklik bir başqasında ələbaxımlıq yaradır. Adi bir misal: rayonun Çaylı kənd orta məktəbini bitirən, adını çəkmək istəmədiyimiz bir qız heç müəllim yanına getmədən qəbul imtahanlarında 571 bal toplayır və ödənişsiz əsaslarla Gəncə Dövlət Universitetinə qəbul olunur. Lakin anasını erkən yaşlarında itirən, atası xəstə olan qız dərslərin başlanmasına bir həftə qalmış icra hakimiyyəti başçısının qəbuluna yazılır və vəziyyətini danışır, maddi cəhətdən oxumaq imkanı olmadığını dilə gətirir. Belə məsələlərdə həddindən artıq həssas olan rayon rəhbəri qızın normal təhsil alması üçün şərait yaradır. Xəbər yəqin ki, kəndə tez yayıldığından bundan digərləri də yararlanmaq istəyir. Elə haqqında yuxarıda söhbət açdığımız qəbulda həmin kənddən qızlarının bu il Neft və Sənaye Universitetinə daxil olan valideynləri gəlmişdi. Hər ikisi sağlam, iş qabiliyyətli, kifayət qədər torpaq sahələri olan adamlardır. Ailə tərkibləri də elə böyük deyil. Lakin onlar da istəyirdilər ki, övladlarının təhsil almasına köməklik göstərilsin…

…Qazaxda olduğum 4-5 saat ərzində sakinlərin əhval-ruhiyyəsi mənə xoş təsir bağışladı. Hiss olunurdu ki, qazaxlılar rayondakı sağlam mühiti nəinki bəyənir, həm də onu hər vasitə ilə müdafiə etmək əzmindədirlər. Hər cür neqativ hallar, o cümlədən rüşvətxorluq və korrupsiya faktları aradan qaldırılıb. Laqeydlik, tənbəllik, müftəxorluq kimi hallar minumuma endirilib. Adamlar torpaqdan daha möhkəm yapışıblar. Rayon rəhbərliyinin həyata keçirdiyi tədbirlər birmənalı şəkildə müdafiə olunur, təşəbbüslər, təkliflər irəli sürülür. İcra hakimiyyəti aparatının özü çox işlək bir mexanizmə çevrilib. Qarşıda isə daha böyük vəzifələr dayanır.

– Qazaxlılar çox mehriban, işgüzar, yaxşını pisdən seçə bilən, dövlətə və dövlətçiliyə sadiq insanlardır. Onlarla dağı dağ üstünə qoymaq olar!

Bu sözləri isə qəbuldan sonra rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov dedi.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında