Laçın: Kür qırağından – “Məhəmmədin obası”ndan reportaj

Taxtakörpü – Vağazin – Şeylanlı – Alxaslı... Obalar bir-birini əvəz edir. Yovşanlı çöllərin arası ilə uzanan yol bizi “Məhəmmədin obası” adlanan əraziyə gətirir. Kürün yaxası boyu uzanan bu yerlərdə çox olmuşuq. Əvvəllər, əvvəllər deyəndə cəmi bir il bundan qabaq buralarda əkin-biçin işləri demək olar ki, aparılmırdı. Otlaq sahəsi kimi istifadə olunurdu. Özü də yalnız bir hissəsində. İndi isə “Məhəmmədin obası” ağ örpəyə bürünmüşdü.

Biz sahəyə çatanda pambıq yığımının qızğın çağı idi. Günorta vaxtı olsa da yolun kənarında dolu bardanlar yan-yana düzülmüşdü. Onlara tamaşa etdikcə qəlbimdən qəribə duyğular keçir: Laçında heç vaxt pambıq əkilməyib. Dağlar qoynunda, buz bulaqlar üstündə, sıx meşələr ətəyində yaşayan bu insanlar mal-qara saxlayıb, taxıl əkib, bağ-bostan məhsulları yetişdiriblər. İndi isə aranda bir vaxtlar qış yataqları kimi istifadə etdikləri bu yerlərdə pambıq əkib becərirlər. Görünür, yeni şərait, yeni həyat tərzi insanlarda yeni vərdişlər də yaradır.

Qədir Salahov elə bil ki, ürəyimdən keçənləri hiss etmişdi. Sahənin kənarındakı iri söyüd ağacına
söykənərək deyir:

– Sözün düzü, əvvəllər tərəddüd edirdik. Axı bu sahədə təcrübəmiz, səriştəmiz yox idi. Orası da var ki, bax, gördüyünüz bu sahələr, demək olar ki, istifadəsiz qalmışdı. Ona görə də qərara aldıq ki, pambıq əkək. Bizim adamları bu sahəyə həvəsləndirən əsas amil isə ölkə Prezidenti İlham Əliyevin kənd təsərrüfatı bitkilərinin, xüsusilə strateji məhsul olan pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğı, bu istiqamətdə imzaladığı fərman və sərəncamlar oldu. Emal müəssisələrinin nümayəndələri, təcrübəli mütəxəssislər də öz kömək və məsləhətlərini əsirgəmədilər. Torpağın şumlanmasından tutmuş yığımına qədər heç nədən korluq çəkməmişik. Elə bu diqqət və qayğının nəticəsidir ki, laçınlılar ilk dəfə pambıq əkmələrinə baxmayaraq bol məhsul yetişdirmişlər.

Öyrənirik ki, qabaqcıl fermer Qədir Salahov bu il 45 hektarda pambıq əkini aparmışdır. Yığıma sentyabr ayının 16-dan başlamışlar. Hər gün tarlalardan min tondan çox məhsul yığılır. Onu da əlavə edək ki, hazırda pambıqçılıqla 50-dən çox adam məşğul olur. Məsələn, rayonun Fərraş obasından 17 ailə, Fingə obasından 10 ailə, Alxaslı obasından 4 ailə pambıq yığımında iştirak edir.

Pambıqçılarla söhbət edirik. Təranə Kərimova həvəslə danışır:

– Bizim üçün yeni olsa da pambıqçılıq maraqlı və gəlirli sahədir. Elə də ağır zəhmət tələb etmir. Ona görə ki, səpindən tutmuş yığıma qədər bütün işlər texnika vasitəsilə görülür. Mən özüm bu ilə qədər işləmirdim. İndi isə gördüyünüz kimi, hamılıqla sahədəyik. Yaxşı olar ki, gələcəkdə pambıq əkini sahələri daha da genişləndirilsin. Bu, həm işsizliyin qarşısını alardı, həm də gün-güzəranımızı daha da yaxşılaşdırardı.

Yasəmən Quliyeva da pambıqçılığın üstünlüklərindən danışır:

– Yığdığımız panbığın pulunu elə həmin gün alırıq. Qiymət də bizi qane edir. Ona görə elə ailələr var ki, yığımda 5-6 nəfərlə iştirak edir. Bu isə ailə büdcəsinə çox böyük kömək deməkdir. Başqa bir vacib məsələ işsizliklə bağlıdır. Bizim Laçın obaları Ağcabədidən, Taxtakörpüdən xeyli uzaqdır. Demək istəyirəm ki, bu obalarda gənclərin məşğul olması üçün elə bir iş yeri yoxdur. Ona görə də pambıq əkmək məsələsi ortaya çıxanda hamımız elliklə razı olduq. Pambıqçılıq həm münasib iş yeri, həm də bol qazanc deməkdir.

Laçın Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Maşallah Sadıqovla da burada görüşürük:

– Hər gün bu sahələrə baş çəkirəm,–deyir: – Axı bu yerlərdə heç vaxt əkin-biçin aparılmamışdı. Ona görə də suya tələbat böyük idi. Biz sahələri Kürdən nasoslar vasitəsilə suvarırıq. Bol su bol məhsul deməkdir. Çəkdiyimiz zəhmətin bəhrəsini görmək isə həmişə xoşdur. Sevinirəm ki, zəhmətimiz hədər getməyib. İlk dəfə pambıq əkməyimizə baxmayaraq bol məhsul yetişdirə bilmişik.

Onu da deyirlər ki, rayonun “Şirinqum” adlanan ərazisində də bu ildən pambıq əkininə başlanılmışdır. Orda da məhsul yığımı sürətlə davam edir. Qabaqcıl fermerlərin adlarını da öyrənirik. Eyvaz Ağayev və Sahib Abdullayev ayrı-ayrılıqda 20 hektarda, Əlövsət Əliyev 10 hektarda, Arzuman Abdullayev 6 hektarda məhsul yetişdiriblər.

Pambıq yığımını qısa müddətdə və itkisiz başa çatdırmaq üçün rayon icra hakimiyyəti yanında operativ qərargah da yaradılıb. Operativ qərargahın iclaslarında bir qayda olaraq gün ərzində görülmüş işlər yekunlaşdırılır, növbəti gün üçün vəzifələr konkretləşdirilir, ortaya çıxan çətinlik və problemlər dərhal aradan qaldırılır.

Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyevlə bu yerləri çox gəzmişik. Bu dəfə də yol yoldaşım Tofiq müəllimdir. Hiss olunurdu ki, işlərin gedişindən, əldə olunmuş nəticələrdən razıdır. Ona görə də qürur və fərəhlə danışır:

– Laçınlılar tarixən əməksevər, torpağa bağlı, qoçaq adamlar olub. Məcburi köçkünlük həyatı yaşasaq da, adamlarımızın əli işdən soyumur, əkin-biçinlə məşğul olur, mal-qara saxlayırlar. Vaxtilə qış yataqları kimi istifadə olunan bu yerlərdə indi pambıq, taxıl, yonca, bostan-tərəvəz məhsulları yetişdirilir. İldən-ilə məhsul istehsalını artırır, məhsuldarlığı yüksəldirik. Bu ildən daha bir yeniliyə imza atmışıq. Belə ki, baramaçılğı inkişaf etdirmək üçün ilk dəfə olaraq Çindən gətirilmiş 10 min tut tingi əkmişik. Deməli, yaxın illərdə biz barama istehsalı ilə də məşğul olacağıq. Laçınlı məcburi köçkünlər bütün bunları ölkə Prezidenti İlham Əliyevin kənd adamlarına göstərdiyi diqqət və qayğı kimi qiymətləndirir və bu qayğıya əməli işlə cavab verməyə çalışırlar.

...Kür qırağından – “Məhəmmədin obası”ndan axşamüstü qayıdırıq. Tarlalardan əl-ayaq çəkilmişdi. Dolu bardanlar maşınlara yüklənir, emal müəssisəsinə göndərilirdi. Günün nəticələri ilə maraqlanırıq. Fermer Qədir Salahov: “1 ton 250 kiloqram!”–deyə fərəhlə bildirir.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında