Yinqlak Çinavat 5 il azadlıqdan məhrum edilə bilər

Tailand Ali Məhkəməsi ölkənin sabiq Baş naziri Yinqlak Çinavatı beş il müddətinə azadlıqdan məhrum etmək barədə qərar çıxarıb. Bildirilir ki, Y.Çinavatın kənd təsərrüfatı istehsalçılarından düyünün girov alışı üzrə dövlət proqramının reallaşdırılması zamanı nöqsanlara yol verməsi məhkəmənin belə bir qərar çıxarmasına səbəb olub. Bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, “düyü işi” üzrə qərar avqustun 25-də qəbul edilməli olsa da, Çinavat gizli şəkildə ölkəni tərk etmişdi.

Agentlik yazır ki, Tailandın siyasi tarixində ilk qadın Baş nazir olan Çinavat 2011-2014-cü illərdə dövlətə 518 milyard bat (14,8 milyard dollar) həcmində zərər vurmaqda ittiham olunur. Bildirilir ki, Çinavatın hökumətin başçısı olduğu dövrdə dövlət kəndlilərdən düyünü bazar qiymətlərindən xeyli baha alaraq, onu ixrac edəcəyinə söz vermişdi. Lakin dünya bazarında qiymətlər ucuzlaşdığı üçün bu vədi yerinə yetirmək mümkün olmamışdı.

Məlumata görə, proqramın reallaşdırılması zamanı korrupsiya və fırıldaqçılıq halları da aşkarlanıb. Y.Çinavat isə ittihamları təkzib edərək, məhkəmə prosesinin siyasi motiv əsasında təşkil olunduğunu bildirib.

Xatırladaq ki, Çinavat hakimiyyəti 2014-cü ildə hərbi çevriliş nəticəsində devrilmişdi. Bundan bir neçə həftə öncə isə o, “səhv kadr qərarına” görə istefaya göndərilmişdi.

Məlumat üçün deyək ki, Çinavatın Tailandın ən nüfuzlu siyasətçilərindən hesab olunan qardaşı Taksin 2001-2006-cı illərdə hökumətə başçılıq edib. Hərbçilər tərəfindən hakimiyyətdən kənarlaşdırılan siyasətçiyə insayder sövdələşməsinə görə ölkəsində qiyabi olaraq iki il həbs cəzası kəsilsə də, o, bir neçə ildir ki, krallığın hüdudlarından kənarda gizlənir.

Bu arada, materialımızı çapa hazırlayarkən öyrəndik ki, Tailandda qiyabi olaraq 5 il həbs cəzasına məhkum edilən sabiq Baş nazir Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gizlənib.

Yeri gəlmişkən, bu barədə ölkənin Baş naziri Parayut Çan-Oça bildirib. Onun sözlərinə görə, polis bundan sonrakı fəaliyyətini Xarici İşlər Nazirliyi və İnterpolla koordinasiya edəcək.

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında