İslam həmrəyliyi ilə bağlı İstanbulda təşkil olunan tədbirin yekunlarına dair mətbuat konfransı

Sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) bu günlərdə İstanbulda təşkil olunmuş “İslam həmrəyliyi: Türkiyə-Azərbaycan dostluğu timsalında” adlı beynəlxalq konfransın yekunlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda QMİ sədrinin birinci müavini Hacı Salman Musayev dünyada gedən proseslərin mənfi tendensiyalarla müşahidə edildiyini deyib. O bildirib ki, müharibələr nəticəsində müsəlmanların qanı tökülür. Qərbdən gələn islamofobiya meyilləri artmaqdadır. Bunun üçün də İslam dünyasında sülh olmalıdır. Təəssüflər olsun ki, bəzi siyasətçilər bu məsələləri arxa plana keçirirlər. Bu da sadə insanların problemlərlə qarşılaşmasına gətirib çıxarır, müharibələr nəticəsində onlar qaçqın və məcburi köçkün vəziyyətinə düşürlər.

Vurğulanıb ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir. Burada müxtəlif dinlərə və məzhəblərə mənsub insanlar sülh, mehribanlıq şəraitində yaşayırlar. Azərbaycan Prezidenti İlham Əliyev İslam dininə xüsusi əhəmiyyət verərək, 2017-ci ili ölkədə “İslam Həmrəyliyi ili” elan edib. Zəmanəmizin kabusuna çevrilmiş dini və milli zəmində ekstremizm, ksenofobiya, radikalizm, təkfirçilik, terrorizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı dönəmdə bəşəriyyətə nicat verəcək ideyaların varlığına ehtiyac duyulur. Belə bir məqamda Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın tarixi köklərinə və milli irsinə söykənərək qlobal səviyyədə ümumbəşəri ideyaların carçısı kimi çıxış edir.

QMİ-nin sədr müavini Rəşad Əliyarlı İstanbul konfransının əhəmiyyətindən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi çox mühüm hadisədir və bunun böyük siyasi, iqtisadi, mənəvi və ideoloji əhəmiyyəti var. Bu gün bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdən biri planetimizi, sülhü qorumaq, dünyadakı mövcud dinlərin və xalqların inkişafına hərtərəfli dəstək verməkdir. O, “İslam Həmrəyliyi ili” ilə bağlı gələcəkdə keçiriləcək tədbirləri xatırladaraq deyib ki, bu ilin oktyabr ayında Özbəkistanda, noyabr ayında İspaniyada, dekabr ayında isə Bakıda belə konfranslar təşkil olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov bildirib ki, İslam həmrəyliyi başqa dinlərə qarşı cəbhə açmaq demək deyil. Burada dostluq, qardaşlıq, sülh ideyaları irəli sürülür. İslam həmrəyliyi təkcə müsəlman coğrafiyasında deyil, bütün dünyada yayılmalıdır. Azərbaycan Prezidentinin bu təşəbbüsünün bəhrələrini biz hələ zaman-zaman görəcəyik.

Qeyd edilib ki, bu tədbirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İslam Həmrəyliyi ili” ilə bağlı imzaladığı müvafiq sərəncamda nəzərdə tutulan plana uyğun keçirilir. Bu tədbirlərin keçirilməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin şəxsi nüfuzu da önəm daşıyır. Biz bu tədbirlərlə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün yaradılan şəraitdən də bəhrələnirik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında