Donald Tramp İspaniyanın ərazi bütövlüyünü dəstəkləyir

ABŞ Prezidenti Donald Tramp Ağ evdə İspaniyanın Baş naziri Mariano Raxoy ilə görüşüb. Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər. Bu barədə “Amerikanın səsi” məlumat yayıb.

Qeyd edək ki, İspaniyanın ictimai-siyasi həyatında son günlər gərginlik yaşanır. Belə ki, İspaniyanın sənaye cəhətdən yüksək inkişaf etmiş, bu ölkənini ən zəngin əyaləti hesab olunan Kataloniya bu il oktyabrın 1-də İspaniyanın tərkibindən çıxıb müstəqil dövlət qurmaq üçün referendum keçirməyə hazırlaşır.

İspaniyanın Baş naziri bu təşəbbüsün “səhv və qanunsuz” olduğunu bildirib. Deyib ki, ölkəsinin mövcud qanunlarına görə, Kataloniyanın ayrıca ümumxalq səsverməsi keçirərək İspaniyadan ayrılması qeyri-mümkündür. 

ABŞ Prezidenti Donald Tramp da bu məsələyə mövqeyini bildirib. O, bu sözləri vurğulayıb: “İspaniya böyük dövlətdir və bu ölkə bundan sonra da vahid və bölünməz qalmalıdır. İspaniya hamı tərəfindən böyük, qüdrətli dövlət kimi qəbul olunur, onun ərazisi parçalanmamalıdır. Mən bu prosesi izləyirəm, əslində, proses çoxdan başlayıb, bəlkə də bir əsrdən çoxdur ki, davam edir. Düşünürəm ki, heç kim bilmir səsvermə olacaq, yaxud olmayacaq. Baş nazir yəqin ki, deyəcək: səsvermə olmayacaq. Lakin, eyni zamanda, bu, xalqın ciddi narazılığına səbəb olacaq”.

İspaniyanın Baş naziri Mariano Raxoy Donald Trampın çıxışından sonra yenidən bu mövzuya qayıtmalı olub: “Bəlli olduğu kimi, birtərəfli qaydada qəbul edilən qərar məndən asılı deyil. Referendum keçirilməsi qərarını Kataloniya parlamenti verir. Belə qərar verilsə, bu, böyük səhv olacaq. Lakin ölkənin bütün əhalisi tərəfindən qanuni demokratik referendumun keçirilməsi mümkün olmayacaq”.

Liderlər Venesuelada yaranməş gərgin vəziyyəti də müzakirə ediblər. Mariano Raxoy Donald Trampın belə bir mövqeyi ilə razılaşıb ki, Avropa İttifaqı (Aİ) ABŞ-ın nümunəsindən ibrət götürüb bu Latın Amerikası dövlətinə qarşı sərt sanksiyalar tətbiq etməlidir. İspaniya lideri bu ideyanın reallaşması üçün Aİ qanunları çərçivəsində səy göstərəcəyini vəd edib.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında