Azərbaycan ilə ATƏT PA arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

Sentyabrın 26-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sədr qonağın bu səfərinin Azərbaycanla ATƏT PA arasında münasibətlərin inkişafına dəyərli töhfə verəcəyinə əminliyini bildirdi. Qeyd edildi ki, son vaxtlar təşkilatla ölkəmiz arasında qarşılıqlı səfərlərin sayı artmaqla yanaşı, münasibətlərimizdə də müsbət dəyişikliklər özünü göstərməkdədir. ATƏT PA-nın 26-cı illik sessiyasında Azərbaycan tərəfinin təklif etdiyi iki sənədin qəbul olunması buna əyani misaldır. Azərbaycan nümayəndə heyəti qurumun tədbirlərində fəal iştirak edir.

Sədr qonağın xüsusi missiyaya rəhbərlik etdiyini diqqətə çatdıraraq, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı danışdı. Bildirildi ki, problemlə əlaqədar ATƏT tərəfindən Minsk qrupu yaradılsa da, bu günədək münaqişənin həllində müsbət nəticə əldə olunmayıb. Oqtay Əsədov Xarici İşlər Nazirliyinin müxtəlif təşkilatlar tərəfindən qəbul olunmuş qərar, qətnamə və bəyannamələrdən ibarət hazırladığı sənədi qonağa təqdim etdi. Qeyd olundu ki, problemlə bağlı bu qədər sənədin qəbul olunmasına baxmayaraq, onların icrası üçün heç bir addım atılmayıb.

Milli Məclisin sədri bildirdi ki, nüfuzlu beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənəd qəbul etsələr də, bu günədək ATƏT-də belə bir addım atılmayıb. Lakin təşkilatın adından da göründüyü kimi, bu qurum Avropada təhlükəsizliyə və əməkdaşlığa xidmət edən bir təsisatdır. Biz həmişə ATƏT PA-nın səlahiyyətlərinin genişləndirilməsi barədə məsələ qaldırmışıq. Belə hesab edirik ki, bu təşkilatda islahatların aparılması günün tələbidir. Bu yaxınlarda BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən bir sıra dövlətlərin liderləri BMT-nin özündə də islahatlara ehtiyac olduğunu söyləyiblər.

Oqtay Əsədov vurğulayıb ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul olunmasına baxmayaraq, onların heç biri icra edilməyib. İşğalçı Ermənistan tərəfi bu sənədlərə məhəl qoymur. Məhz ona görə də qəbul olunmuş qərarların icra mexanizmi üzərində ciddi düşünülməlidir. İşğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirmək olmaz. Məhz beynəlxalq qurumların bu cür münasibətinin nəticəsidir ki, Ermənistan substantiv danışıqlara başlamaq istəmir. İşğal edilmiş ərazilərdəki vəziyyəti olduğu kimi saxlamaq niyyətindədir. Bu gün erməni xalqı separatçı rejimin və erməni diasporunun əlində girova çevrilib. Biz problemin sülh yolu ilə həllinə tərəfdarıq. Ancaq təcrübə göstərir ki, sülhə nail olmaq üçün işğalçıya ya sanksiyalar tətbiq olunmalıdır, ya da müharibə variantı seçilməlidir. Dinamik inkişaf edən Azərbaycanın problemi başqa yollarla həll etmək üçün kifayət qədər gücü və qüdrəti var. Ancaq biz beynəlxalq qurumlar qarşısında götürdüyümüz öhdəliklərə sadiq qalaraq, məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinə üstünlük veririk. BMT-nin sonuncu toplantısında da ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinin vacibliyi dəfələrlə vurğulandı. Əks təqdirdə, bu, dünyada sabitliyin pozulmasına, yeni münaqişə ocaqlarının yaranmasına gətirib çıxara bilər.

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. O, Milli Məclis sədrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi ətraflı məlumata görə minnətdarlığını ifadə etdi. Qonaq belə bir fikri vurğuladı ki, o, yeni vəzifədə işə başladığı andan böyük həvəslə məsələ ilə əlaqədar sənədləri öyrənməyə çalışır. Ancaq Bakıya səfəri zamanı bu problemlə əlaqədar qəbul edilmiş sənədləri gördükdən sonra məsələnin həllinin dalana dirənməsinin dərin kökləri olduğuna əmin olub. O, Minsk qrupunun ötən dövrdə bu sahədə irəliləyişə nail olmamasından təəssüfləndiyini gizlətmədi.

Qonaq səfər çərçivəsində doğma yurdlarından didərgin düşmüş insanların hansı məşəqqətlərdən keçdiyi barədə xeyli məlumat əldə etdiyini, Zəngilandan olan məcburi köçkünlərlə görüşdüyünü bildirdi. Qeyd etdi ki, problem barədə tam təsəvvürə malik olmaq üçün o, hər iki tərəfin mövqeyini dərinliyi ilə öyrənməyə çalışacaq. Kristian Vigenin dedi ki, istənilən halda münaqişə zonasında status-kvonun dəyişməz qalması qəbuledilməzdir.

Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Görüşdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da daimi nümayəndə heyətimizin başçısı Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında