Prezident İlham Əliyevin BMT-dəki çıxışı Ermənistan rəhbərinin paranoik ittihamlarını tamamilə alt-üst etdi

 Sentyabrın 20-də BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 72-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məzmunlu, açıq arqumentlərə əsaslanaraq, Ermənistan rejimini ifşa edən yaddaqalan çıxış etdi. Ondan cəmi bir gün əvvəl BMT tribunasından həmişəki ənənəsinə sadiq qalaraq  sərsəm fikirlər səsləndirən Serj Sarkisyanın dolaşıq, rabitəsiz və paranoik ittihamları qarşısında təəccüb içində qalan dünya birliyi Azərbaycan Prezidentinin çıxışı ilə bir daha dərin mətləbləri anladı. Paranoikliyi və yaxud paranoyanı burada ona görə qeyd etmək lazımdır ki, tibb elmində bu xəstəliyin konkret adı bu cürdür. Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə bir sırada hesab olunur. Tibb mütəxxəssisləri bunu şəxsiyyət pozğunluğu kimi daha çox xarakterizə edirlər.

Dünyanın ən böyük təşkilatının tədbirində iştirak edən və vacib görüşlər keçirən Prezident İlham Əliyev etdiyi çıxışı zamanı nəinki Dağlıq Qarabağ məsələsini dünyanın ən böyük tribunasından səsləndirdi və bu problemin həll edilməməsinin Ermənistanın təcavüzkar siyasətinin nəticəsi olduğunu bildirdi. Eyni zamanda, zəmanəmizin bu gərgin siyasi qarşıdurmalar, kütləvi insan qırğınlarının adiləşdiyi bir dönəmində öz sülh və əməkdaşlıq mesajlarını da bu böyük tribunadan dünyaya ötürə bildi. Bu çıxış Azərbaycanın regionda və dünyada sülhün təminatçısı və tərəfdarı olduğunu diqqətə çatdırmaqla yanaşı, həm də xalq kimi ümumbəşəri dəyərlərin yanında olduğumuzu, təcavüzə, zorakılığa, işğala , terrorizmə tam əks mövqedə dayandığımızı bir daha nümayiş etdirdi. Dövlət başçısının faktlara, yaxın keçmişə söykənən tarixi arqumentlərə əsaslanan çıxışı Ermənistanın terrorizmi dövlət siyasətinin tərkib hissəsinə çevirən rəhbərini, sözün həqiqi mənasında, gülünc vəziyyətə qoydu.

Prezident İlham Əliyev çıxışında Ermənistanın artıq 25 ildir ki, işğalçı siyasətindən bir addım belə geri çəkilmədiyini və beynəlxalq qanunlara məhəl qoymadığını bildirdi: “Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizi işğal altındadır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib”.

Dövlət başçımız Ermənistan rəhbərinin həyasız açıqlamalarına cavab olaraq, Xocalı soyqırımında onların cinayət əməllərini BMT tribunasından hər kəsə bir daha bəyan etdi.  Ölkə rəhbəri  ermənilərin törətdiyi Xocalı soyqırımının artıq 10-dan artıq ölkə tərəfindən rəsmən tanındığını, bu hadisələrin başında duranlardan birinin də məhz Serj Sarkisyan olduğunu vurğuladı.  Azərbaycan Prezidenti aparıcı beynəlxalq təşkilatları ikili standartlara son qoymağa çağıaraq bildirdi ki, bu qurumlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və təəssüf ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Prezident bütün bunların ikili standarta əsaslanan yanaşma olduğunu xüsusi olaraq vurğulayaraq, dünya birliyini bu ədalətsiz yanaşmaya son qoymağa dəvət etdi və düşmən ölkəyə qarşı təcili sanksiyalar qoymağa səslədi.

Çıxışının əsas məzmununu Ermənistanın ifşasına və Sarkisyanın sərsəm fikirlərini alt-üst etməyə həsr edən Azərbaycan Prezidenti rəsmi Yerevanın mövcud vəziyyətin dəyişməz qalması üçün əlindən gələni etdiyini, substantiv danışıqların qarşısını aldığını, ATƏT-in Minsk qrupunun həmsədrləri  olan Fransa, Rusiya və ABŞ tərəfindən dəfələrlə  status-kvonun qəbuledilməzliyi barədə açıqlamarı diqqətə çatdırdı.

Prezident İlham Əliyev Ermənistanın yaratdığı siyasi mühiti orta əsrlərin qaranlığına bənzədərək, dünyaya xitabən ümumi sual verdi ki, necə olur ki, bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Əvəzində isə təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir?

Prezident qeyd etdi ki, təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.

Prezident İlham Əliyev ötən ilin aprelində Ermənistanın şəhər və kəndlərimizə hücum edərək, təmas xəttində növbəti hərbi cinayət törətdiyini və hücum nəticəsində 6 dinc azərbaycanlının qətlə yetirilməsini, onların sırasında bir uşağın da olduğunu və düşmənin Azərbaycan Milli Ordusu tərəfindən qətiyyətlə qarşısının alındığını əlavə etdi. Çıxışında Ermənistan ordusunun ötən ilin aprelində ağır zərbə aldığına və silahlı qüvvələrimiz tərəfindən bir sıra işğal edilmiş rayonlarımızın strateji nöqtələrinin azad edildiyinə diqqət çəkən dövlət başçısı bununla Serj Sarkisyana bir növ xəbərdarlığını da etdi. Ermənistan rəhbərliyinin bu dərsi yaddan çıxarmamasını tövsiyə etdi. Dövlət başçımız Ermənistanın ötənilki məğlub vəziyyətin heyifini Füzulinin Alxanlı kəndində körpə Zəhra Quliyevanın və nənəsinin öldürülməsi ilə almaq istədiyini xüsusi vurğulamaqla bir növ erməni məkrini və acizliyini ifşa etdi.

Məlum olduğu kimi, 2011-ci ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildi. 155 ölkə Azərbaycana səs verdi. Üzv dövlətlərin əksəriyyəti Azərbaycana tam dəstəklərini ifadə etdilər. Bu nüansları çıxışında bildirən Prezident Azərbaycanın müasir, sabit və demokratik ölkə olduğunu, demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsinin dövlətimizin əsas prioritetlərindən olduğunu, Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqların tam şəkildə təmin edildiyini vurğuladı.

Monoetnik, ksenofobiya və islamafobiya siyasəti yeridən Ermənistandan fərqli olaraq, Azərbaycanın dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biri olduğunu, bütün etnik qrupların və dinlərin nümayəndələrinin Azərbaycanda sülh və harmoniya şəraitində yaşadığını çıxışına əlavə edən Azərbaycan Prezidenti bildirdi ki,  çoxmillətli ölkə kimi  cəmiyyətimizin mədəni, etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir.

Dövlət başçısı bildirdi ki, Azərbaycan dinlərarası dialoqun gücləndirilməsinə yönəlmiş çox sayda beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Onların sırasında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunu, Dünya Dini Liderlər Forumunu, dörd dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq və beş dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını və digər mühüm tədbirləri qeyd etmək olar. Prezident bununla dünyaya mesaj verdi ki, Azərbaycan özünün düşdüyü münaqişəyə və işğala məruz qalmasına baxmayaraq, dünyada sülh və sabitliyin tərəfdarı olmaqla, dəfələrlə nümunə göstərmişdir. Azərbaycan dünyada baş verən gərginliklərə, münaqişələrə biganə deyil və dünyada sülhün və ədalətin hər yerdə zəfər çalmasının, əməkdaşlığın, inkişafın, tərəqqinin, elmi-texnoloji, mədəni yüksəlişin tərəfdarıdır.

Fikrimizcə, Prezident İlham Əliyevin geniş, əhatəli çıxışı sayəsində BMT-nin 72-ci sessiyasında iştirak edən dövlət başçılarına  bir daha aydın oldu ki, bu gün Azərbaycan və Ermənistan nümunələri göz önündədir və nəhəng beynəlxalq birliklərin ədalətli müqayisə edərək doğrunun, haqqın, inkişafın, sülhün tərəfdarının yanında olmaları üçün,  sadəcə, yetərincə qətiyyət göstərmələri vacibdir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında