Azərbaycan nümayəndə heyəti İnterpolun Baş Assambleyasının 86-cı sessiyasında iştirak edir

Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatının - İnterpolun Baş Assambleyasının 86-cı sessiyasında iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Sentyabrın 26-da sessiyanın rəsmi açılışı olub. İnterpolun tarixində ilk dəfə bu ölkədə keçirilən iclası Çin Xalq Respublikasının Sədri Si Cinpin və İnterpolun baş katibi Yurqen Ştok açaraq qonaqları salamlayıb, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Dörd gün davam edəcək tədbirdə qurumun fəaliyyəti ilə bağlı hesabatlar dinləniləcək, İnterpolun İcraiyyə Komitəsinin yeni üzvləri və ali vəzifəli şəxsləri seçiləcək, beynəlxalq əməkdaşlığa dair müzakirələr aparılacaq.

Açılış mərasimindən sonra Vilayət Eyvazov Türkiyənin daxili işlər nazirinin müavini Mehmet Ersoy ilə görüşüb. Görüşdə dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.

Həmin gün Çinin ictimai təhlükəsizlik naziri Qo Şenkun daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov ilə görüşüb. Söhbət zamanı Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun salamlarını və xoş arzularını Qo Şenkuna çatdıran Vilayət Eyvazov iki ölkə arasındakı münasibətlərin tarixi “İpək Yolu” vasitəsilə ticarət və mədəni əlaqələrdən qaynaqlandığını, əlaqələrimizin inkişafının dönüş nöqtəsinin isə ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə rəsmi səfəri ilə bağlı olduğunu xatırladıb. Qeyd olunub ki, həmin səfər əməkdaşlığın istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi kurs, dövlətimizin başçısının Çinə dövlət səfəri zamanı imzalanmış mühüm sənədlər ikitərəfli münasibətlərin inkişafında yeni səhifə açmaqla əlaqələrin yüksək səviyyəyə çatmasına təminat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Çinin İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq general-polkovnik Ramil Usubovun 2004-cü ilin aprelində bu ölkəyə səfəri zamanı imzalanmış saziş çərçivəsində həyata keçirilir və ikitərəfli əlaqələr, eyni zamanda, İnterpol vasitəsilə aparılır.

Görüşdə xüsusən kibercinayətkarlıqla mübarizədə, kadrların hazırlığı sahəsində Çinin təcrübəsi yüksək qiymətləndirilib.

Çinin ictimai təhlükəsizlik naziri Azərbaycan nümayəndə heyətinin sessiyada iştirakından məmnunluğunu, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin daha da inkişafında maraqlı olduqlarını bildirib.

Tədbir çərçivəsində Vilayət Eyvazovun Çinin ictimai təhlükəsizlik nazirinin müavini Vei Li və Moldovanın daxili işlər naziri Aleksandr Jizdan ilə görüşlərində də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Şahin CƏFƏROV,
AZƏRTAC-ın xüsusi müxbiri

Pekin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında