İraq Kürdüstanında keçirilən referenduma kəskin etirazlar davam edir

İraq Kürdüstanında region və Qərb ölkələrinin kəskin etirazlarına baxmayaraq, müstəqilliyə dair referendum keçirilib.

 İraqın Baş naziri Heydər əl -Abadi Kürdüstanla heç bir danışığa getməyəcəyini açıqlayıb: “Referendum konstitusiyaya zidd olduğu üçün onun nəticələrini müzakirə etməyə və ya dialoqa getməyə hazır deyilik”.

İraq hökuməti Kərkükə hərbi birləşmələr yerləşdirməklə bağlı qərar verib. Rəsmi açıqlamada bildirilib ki, parlament Kərkük və digər bölgələrdə vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə hökumətin bölgəyə hərbi birləşmələr yerləşdirməsini qərara alıb. Rəsmi Bağdad həmçinin Kürdüstan Muxtariyyətinin nəzarətində olan sərhəd məntəqələrini bağlayacağını açıqlayıb. Kərkük neftinin mərkəzi hökumətin tabeliyinə verilməsi, referendumda səs verən məmurların işdən çıxarılması barədə qərar çıxarılıb.

İraq Prezidentinin köməkçisi Nuri Maliki çıxışında deyib ki, bu referendum İraq xalqının birliyinə müharibə elan etməkdir.

Suriyanın xarici işlər naziri Valid əl-Muallem də bu məsələyə münasibət bildirib: “Biz sadəcə birləşmiş bir İraqı tanıyırıq. İraqın bölünməsinə səbəb olacaq hər hansı prosesi rədd edirik”.

Türkiyə Şimali İraqla sərhəd-keçid məntəqələrini bağlamaq və Bərzanidən neft almağı dayandırmaqla bağlı qərar verib. Türkiyə Radio və Televiziya Qurumu Şimali İraqda yerləşən və Bərzaninin nəzarətində olan “Rudaw” televiziyasını “Türksat” peykindən çıxarıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendumun keçirilməsini sərt tənqid edərək, siyasi, iqtisadi, ticarət və təhlükəsizlik sahələrində lazımi addımların atıldığını və heç bir şəkildə güzəşt edilməyəcəyini bildirib.

Türkiyənin Baş naziri Binəli Yıldırım isə Türkiyənin cənub sərhədlərində yeni bir dövlətin meydana gəlməsinin “qəbuledilməz” olduğunu bəyan edib. Bu barədə məlumatı BBC verib.

Sonda bildirək ki, Türkiyə və Rusiya prezidentlərinin telefon söhbəti olub. V.Putinin bu həftə ərzində Türkiyəyə səfəri gözlənilir. Türkiyə və Rusiya prezidentləri Ankarada bir sıra aktual məsələləri müzakirə edəcəklər.

Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında