Angela Merkel Almaniyanın dördüncü dəfə kansleri olacaq

Bazar günü Almaniyada növbəti parlament seçkiləri keçirilib. Almaniya Federal Mərkəzi Seçki Komissiyasının rəhbəri artıq seçkilərin rəsmi nəticələrini açıqlayıb. Bu barədə “Lenta.ru” saytı məlumat yayıb.

Gözlənildiyi kimi, Xristian Demokrat və Xristian Sosialist ittifaqları bloku rəqiblərindən daha çox səs toplayıb. Belə ki, almaniyalı seçicilərin 33 faizi Kansler Angela Merkelin lideri olduğu bu bloka səs verib. Sosial-Demokrat Partiyası 20,5 faiz səslə ikinci nəticə göstərib. Qatı mühafizəkar siyasət xətti tutan “Almaniya üçün alternativ” Partiyası üçüncü yerdə qərarlaşıb. Daha üç partiya beş faizlik seçki baryerini keçə bilib. Bunlar Azad Demokratik Partiya (10,7 faiz) ,  Sol Partiya (9,2 faiz) və “Yaşıllar” Partiyasıdır (8,9 faiz).

Almaniya qanunveriliciyinə əsasən, yeni formalaşacaq parlament ölkə kanslerini seçəcək. Yuxarıda qeyd etdiyimiz kimi, Angela Merkelin rəhbəri olduğu seçki bloku qələbə qazandığı üçün, o, dördüncü dəfə Almaniyanın Kansleri olacaq. 

Beləliklə, A.Merkel İkinci dünya müharibəsindən sonrakı dövrdə Almaniyada dörd dəfə ardıcıl kansler seçilən sayca üçüncü siyasətçidir. Ondan əvvəl belə parlaq  uğura Konrad Adenaur və Helmut Koll kimi siyasətçilər nail olublar.

Siyasi təhlilçilərin fikrincə, A.Merkelin qələbəsi bu xanım siyasətçinin “böyük zəfəri” sayıla bilər. Maraqlıdır ki, iki il əvvəl Merkelin vəzifədə qalacağı şübhə altında idi.  Belə ki, almanların böyük qismi onun mühacir siyasətinə qarşı etiraz edirdi. Digər tərəfdən cəmiyyətdə sosial təbəqələşmənin daha da dərinləşməsindən narazı qalanlar çox idi. Lakin təcrübəli siyasətçi çətin situasiyalarda belə təmkin, səbat nümayiş etdirdi. O, həm ölkə daxilində, həm də Avropa qitəsində hazırda sabitliyi təmin edən liderlərdən biri sayılır.

Yeri gəlmişkən, bir sıra xarici amillər də Merkelin lehinə işləyib. Belə ki, son aylar Avropaya miqrant axınının azalması, Böyük Britaniyanın Avropa İttifaqından çıxması, bu səbəbdən Londonun siyasi həyatında müəyyən gərginliyin yaranması almanların məhz “sabitlik rəmzi” sayılan A.Merkelə üstünlük vermələrinə səbəb olub.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında