Elmar Məmmədyarov: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviqinə böyük önəm verir

Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqun bütün səviyyələrdə təşviq edilməsinə böyük önəm verir. Multikulturalizm və tolerantlıq ölkəmizdə cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Əsrlər boyu müxtəlif millətlər və dinlərə mənsub insanlar Azərbaycanda sülh içərisində və ləyaqətlə yaşayıblar. 2016-cı il Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdi. Nəticədə, milli və beynəlxalq səviyyədə multikulturalizmin bəşəri ideallarını qoruyub saxlamaq və yaymaq tədbirlərini nəzərdə tutan xüsusi Fəaliyyət Planı hazırlandı.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının Dostlar Qrupu nazirlərinin görüşündə çıxışı zamanı deyib.

“Sülh və təhlükəsizliyin təhsil, elm, mədəniyyət və dialoq vasitəsilə, xüsusilə gənclər arasında əldə edilə biləcəyinə inanan bir ölkə kimi Azərbaycan, 2014-cü il oktyabrın 28-30-da BMT Baş katibinin Gənclər, BMT-nin İnkişaf Proqramı, UNESCO və Avropa Şurası üzrə elçisi ilə birgə təşkil olunmuş Bakı Gənclər siyasəti üzrə birinci Qlobal Forumu kimi mədəniyyətlər və sivilizasiyalar dialoqunu təşviq edən tədbirlərin mərkəzinə çevrilib”, - deyən E.Məmmədyarov bildirib ki, Forumun 700 iştirakçısının dövlətin gənclərə dair siyasətinin müxtəlif aspektlərini müzakirə etmək  və 2015-ci ildən sonrakı inkişaf dövrü ərzində gənclərin tələbatlarına düzgün ünvanlanan daha adekvat siyasətləri formalaşdırmaq üçün yol və strategiyaları nəzərdən keçirmək imkanı oldu.

“Ötən il aprelin 25-27-də Azərbaycan BMT Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış” mövzusuna həsr olunmuş 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Bu mühüm tədbirə dövlət və hökumət başçıları, nazirlər, dövlət rəsmiləri, media və beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla, 147 ölkədən 4 mindən artıq iştirakçı qatıldı. Forumun mövzuları davamlı inkişaf üçün inklüziv cəmiyyətlərin əsas komponent kimi təşviq edilməsinin də daxil olduğu “Davamlı İnkişaf üzrə 2030 Gündəliyi”ni özündə əks etdirib. Fürsətdən istifadə edərək, mən adıçəkilən Forumun təşkilatçı və iştirakçılarına təşəkkür etmək istərdim”, - deyə Azərbaycanın xarici işlər naziri bildirib.

Qeyd edilib ki, Forumun əsas nəticəsi Bakı Bəyannaməsi oldu. Bu Bəyannamə ayrı-seçkiliyə, düşmənçiliyə və zorakılığa rəvac verən dini nifrətə istənilən dəstəyi kəskin şəkildə qınadı və üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı. Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün beynəlxalq dialoq və multikulturalizmin zorakılıq, ekstremizm və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi təşviqində əsas rəhbər prinsipə çevrilməlidir. İnklüziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu qəbul edərək, Forum çərçivəsində 150-dən artıq gəncin iştirak etdiyi BMT Sivilizasiyalar Alyansının Gənclər Tədbiri də keçirildi.

“Bundan əlavə, bu il biz yüksək səviyyəli qonaqların, xüsusilə hökumət başçılarının, nazirlərin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi bəşəriyyətin marağına xidmət edən çoxsaylı qlobal məsələlərə dair panellərdən ibarət  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Tədbirin əsas sessiyalarından biri “Gənclərin təhsil vasitəsilə zorakı ekstremizmin qarşısını almaq üçün maarifləndirilməsi” mövzusuna həsr edilmişdi”, – deyə E.Məmmədyarov diqqətə çatdırıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında