Avropa İttifaqına üzv ölkələrin səfirlikləri Şəki şəhəri ilə əlaqələrin daha da genişləndirilməsində maraqlıdırlar

“Avropa Avtobus Turu-2017” layihəsinin “Şəki Avropa şəhərciyi” tədbiri çərçivəsində sentyabrın 23-də Şəki şəhərindəki “Marxal” müalicə-istirahət kompleksində Şəki şəhəri rəhbərliyi ilə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlərinin və səfirlikləri təmsil edən şəxslərin görüşü olub.

Layihənin məqsədi Azərbaycanın regionlarında insanları Avropa İttifaqı barədə məlumatlandırmaq, Avropa dəyərləri və mədəniyyəti ilə yaxından tanış etməkdir.

AZƏRTAC xəbər verir ki, şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov səfirliklərin təmsilçilərinə Azərbaycanın bu qədim diyarının tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə geniş məlumat verib. Bildirilib ki, Şəki şəhəri bölgənin mühüm siyasi, sosial-iqtisadi və mədəni mərkəzi hesab olunur. Bu gün Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma mədəniyyətini özündə qoruyub saxlayan unikal bir yerdir. Şəhərin nadir tarixi memarlıq abidələri – karvansaralar, məscidlər, minarələr, evlər, qala divarları, körpülər buranın qədim memarlıq üslubundan xəbər verir. Şəki Azərbaycan elminə, mədəniyyətinə görkəmli şəxslər bəxş edib. Bu torpaq Mirzə Fətəli Axundzadənin, Sabit Rəhmanın, Fuad Əbdürəhmanovun, Bəxtiyar Vahabzadənin, Rasim Ocaqovun, Şəfiqə Axundovanın ana vətəni hesab olunur.

Diqqətə çatdırılıb ki, Şəki respublikanın iri kənd təsərrüfatı və sənaye rayonlarından biridir. Əhalinin əsas hissəsi kənd təsərrüfatının taxılçılıq, heyvandarlıq və meyvəçilik sahələri ilə məşğul olur, eyni zamanda, sənaye, tikinti, ticarət, təhsil, səhiyyə və digər sahələrdə çalışır. İpəkçilik bütün tarixi dövrlərdə Şəkinin iqtisadi həyatında mühüm yer tutub.

Bildirilib ki, Şəkinin Azərbaycanın qədim mərkəzlərindən biri kimi şöhrət qazanması həm də bu şəhərdə qədim tarixi mədəniyyət abidələrinin mövcudluğu ilə bağlıdır. Şəki şəhəri və rayonu ərazisində dövlət mühafizəsinə götürülmüş 84 arxeoloji və memarlıq abidəsi var. Onlardan Kiş alban məbədi və inşa tarixi XVIII əsrə aid olan Şəki xanlarının sarayı dünya əhəmiyyətli abidələrdəndir. 2012-ci ildə Şəki şəhərinin 2700, Şəki xanlarının sarayının isə 250 illik yubileyi böyük təntənə ilə qeyd edilib.

Görüşdə diqqətə çatdırılıb ki, sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən olan Şəkidə bu gün bir çox sənət sahələri - dəmirçilik, misgərlik, zərgərlik, papaqçılıq, dulusçuluq, şəbəkəçilik, xalçaçılıq və digər sahələr qorunub saxlanılıb. Orijinal Şəki mətbəxi də şəhərin bənzərsiz mədəniyyətinə daxildir. 2014-cü ildən Şəki Azərbaycanın daimi “Şirniyyat paytaxtı” elan olunub. Şəki, həm də festivallar şəhəri kimi tanınır. Hər il bu şəhərdə beynəlxalq səviyyəli bir neçə festival keçirilir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyin rəhbəri Kestutis Yankauskas layihə çərçivəsində səfirliklərin nümayəndələrinin Azərbaycanın bölgələrinə ilk səfərinin qədim Şəki diyarından başlanmasından məmnun qaldığını bildirib. Vurğulanıb ki, səfər çərçivəsində səfirlər, həmçinin Avropa İttifaqına üzv olan dövlətlərin nümayəndələri gələcək birgə layihələri və təşəbbüsləri müzakirə etmək imkanı əldə ediblər. Səfərin əsas məqsədi bu bölgə ilə yaxından tanış olmaq, Şəki haqqında daha çox məlumat əldə etməkdir.

Kestutis Yankauskas bildirib ki, hazırda Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında imzalanacaq sazişlə bağlı proses həyata keçirilməkdədir. Bu, gələcək əməkdaşlıq üçün yeni imkanlar açacaq.

Görüşdən sonra mətbuat nümayəndələrinin sualları cavablandırılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında