Dövlət Miqrasiya Xidmətinin rəisi Zaqrebdə bir sıra görüşlər keçirib

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyanın İnsan hüquqları və milli azlıqların hüquqları üzrə ofisində qurumun rəsmiləri ilə keçirilən görüşündə tərəflər insan alverinə qarşı mübarizə üzrə milli istiqamətləndirmə mexanizmi, beynəlxalq himayədən istifadə edən şəxslərin inteqrasiyası üzrə tədbirlərə dair təcrübələrini bölüşüblər.

Xidmət rəisi məlumat verib ki, ölkəmizin  Konstitusiyasında  insan hüquqları və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi müəyyənləşib. Əsas qanunda əksini tapmış insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqinin zəruriliyi nəzərə alınaraq, Azərbaycan insan hüquqları sahəsində əsas beynəlxalq hüquqi sənədlərə qoşulub. Bu gün ölkəmizdə miqrantlara münasibətdə həssas yanaşılır və miqrasiya siyasətində  insan hüquq və azadlıqlarına hörmət prinsipinə, qanunçuluğa və beynəlxalq normalara əsaslanılır. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) və Milli preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən DMX-nin Qanunsuz Miqrantların Saxlanılması mərkəzlərinə daxil olmaq, orada könüllü və ya məcburi yerləşdirilən əcnəbilərlə və ya vətəndaşlığı olmayan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək görüşmək hüquqları vardır.

F.Nəbiyev vurğulayıb ki, Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində öz səylərini ilbəil artırır. İnsan alveri ilə mübarizə üzrə əsas səlahiyyətlər DİN-in İnsan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən həyata keçirilsə də, Dövlət Miqrasiya Xidməti insan alveri qurbanlarının aşkar edilməsinə dəstək verir və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri zamanı insan alveri qurbanlarının olması ehtimalını nəzərə alır və onlara münasibətdə həssas yanaşma tətbiq edir. Ölkəmiz Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasını 2010-cu ildə ratifikasiya edib. Həmçinin DİN, DMX və ƏƏSMN arasında imzalanmış “İnsan alveri, məcburi əməyə qarşı mübarizə üzrə, həmçinin belə halların baş verməsinin qarşısının alınması, nəticələrin aradan qaldırılması istiqamətində Tədbirlər Planı” uğurla (2013-2018) icra edilir.

Xorvatiya Məşğulluq Xidmətində keçirilən görüşdə diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinə uyğun olaraq, 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi, eləcə də vətəndaşlığı olmayan şəxs Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəmizdə olarkən Azərbaycan vətəndaşları ilə bərabər bütün əmək hüquqlarından istifadə edə bilərlər və onların əmək hüquqlarının qanunla müəyyən edilmiş hallar istisna olmaqla məhdudlaşdırılması qadağandır. Miqrasiya Məcəlləsinə əsasən, konkret müəyyənləşdirilmiş kateqoriyaya uyğun olan miqrantlar mövcuddur ki, onlar üçün haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iş icazəsinin alınması tələb olunmur. Məsələn, Azərbaycan vətəndaşı ilə nikahda olan miqrantların cəmiyyətimizə inteqrasiyası məqsədilə bu əsasla müvəqqəti yaşama icazəsi alanlar iş icazəsi tələbindən azad olunublar. Əvvəllər qanunvericilikdə iş icazəsinin dörd dəfədən artıq olmamaqla verilməsi göstərilsə də, Məcəlləyə əsasən bu məhdudiyyət aradan qaldırılıb. 2010-cu ildən “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”na uyğun olaraq, hər il iqtisadi fəaliyyət sahələri üzrə müəyyən edilmiş əmək miqrasiyası kvotaları həddində iş içazələrinin verilməsi həyata keçirilir. Bu zaman ölkəmizdə daxili əmək bazarı və işçi qüvvəsinə tələbat nəzərə alınır.

Xidmət rəisi bildirib ki, DMX miqrasiya sahəsində ikitərəfli əməkdaşlığa xüsusi önəm verir və hazırda bir sıra ölkələrlə miqrasiya, əmək miqrasiyası sahəsində əməkdaşlığa dair sazişlərin imzalanması istiqamətində iş aparılır.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə  fikir mübadiləsi aparılıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında