Vergilər Nazirliyində kollegiya iclası keçirilib

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və nazirlik qarşısında duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib. İclasda çıxış edən kollegiyanın sədri, Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov 2017-ci ildə Azərbaycan iqtisadiyyatında müşahidə olunan müsbət dinamikanı vurğulayaraq, bunun Azərbaycan iqtisadiyyatında davamlı inkişafın təmin olunması istiqamətində dövlət siyasətinin müvəffəqiyyətlə həyata keçirildiyini təsdiq etdiyini bildirib.

Qeyd edilib ki, cari ilin əvvəlində vergi qanunvericiliyində və bir sıra digər qanunvericilik aktlarında edilmiş dəyişikliklər dövlət büdcəsinə vergi daxil-olmalarının həcminə də müsbət təsir edib və büdcə proqnozları icra olunub. F. Məmmədov, bununla yanaşı, büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.

Kollegiya iclasında əsas məruzə ilə çıxış edən büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri, Vergilər Nazirliyi yanında Bakı Şəhər Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsinin icraçısı Habil Məmmədov iqtisadiyyatın ayrı-ayrı sektorları və tədiyyə növləri üzrə vergi daxilolmalarının cari vəziyyəti, habelə vergi orqanlarının informasiya məlumat bazaları əsasında hazırlanan təhlillər barədə məlumat verib. H. Məmmədov Bu məqsədlə cari ilin sentyabr ayı və sonrakı 3 ay üçün tədbirlər planının ilkin layihəsinin hazırlandığını qeyd edib və həmin planın əsas müddəalarını kollegiya üzvlərinin nəzərinə çatdırıb.

Kollegiya iclasında bildirilib ki, tədbirlər planı 2 hissədən, 2017-ci ilin son 4 ayı üçün dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və həmin dövrdə vergi inzibatçılığı ilə bağlı görülməli işlərdən ibarətdir. Potensial vergi gəlirlərinin artırılması üçün borclu vergi ödəyicilərindən daxilolmaların təmin edilməsi zəruriliyi xatırladılıb, səyyar vergi yoxlamaları ilə aşkarlanan nöqsanları növbəti hesabat dövrlərində aradan qaldırmayan vergi ödəyicilərinin müəyyənləşdirilməsi və yayındırılan vergilərin bərpa edilməsi üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Kollegiya üzvlərinin nəzərinə çatdırılıb ki, aparılan təhlillər ayrı-ayrı fəaliyyət sahələri üzrə vergidən yayınma hallarının hələ də mövcud olduğunu göstərir və belə sahələrdə vergi nəzarətinin artırılmasına və inzibatçılığın təkmiləşdirilməsinə ehtiyac vardır.

Tədbirlər planı kollegiyada ətraflı müzakirə edilib, hər bir struktur vahidi üzrə tədbirlər planında nəzərdə tutulan konkret vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov ölkə başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, vergi orqanlarının fəaliyyətinin düzgün qurulması sahəsində atılacaq növbəti addımın mütərəqqi üsullardan istifadə etməklə vergilərin dövlət büdcəsinə vaxtında və tam həcmdə ödənilməsi, real vergitutma bazasının düzgün müəyyənləşdirilərək ödəmə qabiliyyətli vergi ödəyiciləri üzrə borcların alınmasına dair işlərin sürətləndirilməsi, vergi yoxlamalarının tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, nağd hesablaşmalar aparan vergi ödəyiciləri üzrə vergidən yayınma hallarının təhlil edilərək qanunamüvafiq tədbirlərin görülməsi, vergi sahəsində həyata keçirilən inzibatçılıq tədbirlərinin səmərəliliyinin artırılması olduğunu bildirib.

Nazir vergi ödəyicilərinə xidmət strukturlarının fəaliyyətinin, vergi uçotunun dəqiqləşdirilməsi və şəffaflaşdırılması istiqamətində aparılan işlərin və qanunsuz sahibkarlıq fəaliyyətinə nəzarətin daha da gücləndirilməsinin, fəaliyyət sahələri üzrə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinin zəruriliyini vurğulayıb.

Sonda F.Məmmədov vətəndaş məmnunluğunun təmin olunmasının vergi orqanlarının fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu xüsusilə diqqətə çatdıraraq, vergi orqanlarının işinin müasir tələblərə cavab verən səviyyədə qurulması, cari ilin sonunadək Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulan vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Vergilər Nazirliyi kollegiyasının qərarı ilə “2017-ci ilin sentyabr ayı və növbəti 3 ay üçün Vergilər Nazirliyi qarşısında duran vəzifələrlə bağlı tədbirlər planı” təsdiq edilib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında