Azərbaycan arxeologiya elmində almanlar: Yakov Hummel

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" 30 avqust 2016-cı il tarixli sərəncam imzalamışdır. Sərəncamda yüzillər boyu tolerantlığın bərqərar olduğu  Azərbaycanda buraya köçürülən almanların qısa müddətdə yerli əhali ilə dərin ünsiyyət qurması, İkinci dünya müharibəsi dövründə buranı tərk etməyə məcbur qalmış almanların qoyub getdikləri tarixi-mədəni irsi multukultural təbiətə malik Azərbaycan xalqının qoruyub saxladığı qeyd olunmuşdur.

Sərəncamda digər müvafiq dövlət qurumları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasına da bu tarixi hadisəyə həsr olunmuş tədbirlərə dair xüsusi proqram hazırlayaraq, həyata keçirilməsi tapşırılmışdır.

Əlbəttə, 100 ildən artıq bir müddətdə Azərbaycanda yaşamış və bu ölkənin ictimaiyyətinin bir hissəsi olmuş almanlar Vətənimizin XIX-XX əsrlər tarixində dərin iz qoymuşlar. Almanların Qafqaza köçürülmələrinin səbəbləri, onların  Azərbaycan cəmiyyətində yeri, ölkənin sənaye istehsalı tarixində rolu, milli-etnik və dini xüsusiyyətləri, maddi mədəniyyəti etnoqraf və tarixçi alimlər tərəfindən tədqiq edilmiş, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 1997-ci ildə "Qafqaz almanları" mövzusunda elmi konfrans keçirmişdir. Respublika Prezidentinin sərəncamı ilə əlaqədar olaraq, bu istiqamətdə tədqiqatların daha da dərinləşdirilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi institutun qarşısında duran əsas vəzifədir.

Prezidentin sərəncamının icrası istiqamətində diqqətçəkən amillərdən biri də alman əsilli şəxslərin Azərbaycanın arxeologiya elmi tarixində yeri məsələsidir. XIX əsrin sonları – XX əsrin birinci yarısında digər araşdırmalarla yanaşı, həm Almaniyadan müvəqqəti gəlmiş, həm də yerli alman əsilli arxeoloqların Qarabağda, Gəncəçay vadisində, Gədəbəydə, Şəmkirdə (keçmiş alman koloniyası Annenfeld), Göygöldə (keçmiş alman koloniyası Yelenendorf, sovet dövründə Xanlar rayonu) apardıqları həvəskar səviyyəli qazıntılar Azərbaycanda arxeologiya elminin təşəkkülünün ilk mərhələsinə təsadüf edir. Əlbəttə, bu məsələ daha geniş elmi araşdırmalarla şərh edilə bilər. Lakin belə qazıntıları aparmış daha bir neçə şəxsin  fəaliyyəti də xüsusilə diqqəti cəlb edir.

Bunlardan biri XIX əsrin ikinci yarısında Gədəbəydə dağ-mədən işləri ilə məşğul olan Almaniyanın "Simens" şirkətinin V.Belk adlı mühəndisinin apardığı qazıntılardır. Almaniyadan gəlmiş V.Belk "Simens" şirkətində işlədiyi 1888-1891-ci illərdə Gədəbəy ərazisində 270-dən artıq qədim qəbir abidələrində qazıntı işləri aparmışdır. Son tunc-erkən dəmir dövrünə (eradan əvvəl II minilliyin sonu-I minilliyin əvvəlləri) aid bu qəbirlərdən aşkar edilmiş çoxsaylı zəngin maddi mədəniyyət nümunələri onun tərəfindən Almaniyaya göndərilmişdir. Əlbəttə, V.Belkin qazıntılarının metodologiyası və nəticələrinin təhlili çox zaman yanlış olub, elmi həqiqətlərdən uzaqdır. Bu, V.Belkin peşəkar arxeoloq olmaması, Qafqazın, Azərbaycanın qədim tarixi barədə məlumatsızlığından irəli gəlirdi. Bununla belə, onun aşkar etdiyi materiallar sonrakı dövrlərdə Azərbaycan arxeoloqları tərəfindən araşdırılmış və onların qədim tariximizin öyrənilməsində əhəmiyyəti müəyyən edilmişdir. İndi də Xocalı-Gədəbəy mədəniyyətini tədqiq edən arxeoloqlar V.Belkin vaxtılə aşkar etdiyi materiallara onun təhlillərinə əsaslanmadan istinad edirlər.

Azərbaycanda yaşamış almanlardan olan, Şuşa realnı məktəbində müəllim işləmiş E.Reslerin arxeologiya sahəsindəki fəaliyyəti V.Belkin apardığı işlərdən nisbətən daha dolğun səviyyəsi ilə fərqlənirdi. O, Qarabağda və Gəncəbasarda geniş coğrafi arealda çoxsaylı abidələr aşkar etmiş və qazıntı işləri aparmışdır. E.Resler 1891-1897-ci illərdə Qarabağın dağlıq və aran ərazilərində -- Şuşa ətrafında, Xaçınçay, Qarqarçay, Köndələnçay və Quruçay hövzələrində axtarışlar və tunc dövrünə aid kurqan tipli qəbir abidələrində qazıntı işləri aparmışdır. Onun Xocalı yaxınlığındakı kurqanlarda və daş qutu tipli qəbir abidələrində apardığı qazıntıları arxeoloqlar xüsusilə qeyd etmişlər. E.Reslerin apardığı qazıntılar nəticəsində Qarabağın tunc dövrü tarixinin öyrənilməsi üçün zəngin materiallar toplanmışdır. 1899-cu ildə E.Resler öz işi ilə əlaqədar Gəncəyə köçmüşdür. O, bu ərazidəki abidələrdə də qazıntı işlərini davam etdirmişdir.

Lakin bütün bunlara baxmayaraq E.Reslerin qazıntılarının səviyyəsi arxeoloji qazıntı qaydalarının tələblərinə cavab vermirdi. O, apardığı qazıntılara dair hesabatlar yazaraq, Rusiya İmperator Arxeoloji Komissiyasına təhvil vermiş, tarixçi-arxeoloq olmadığından qazıntıların nəticələrini ətraflı təhlil edə bilməmişdir. Bu məsələdə bəzi cəhdləri isə uğursuzluqla nəticələnmişdir. Yalnız bir faktı qeyd etmək kifayətdir ki, E.Resler 1895-ci ildə Xocalıda 11 nömrəli kurqanın qazıntısı zamanı qədim dünyanın qüdrətli dövlətlərindən olan Assuriya ilə mədəni-iqtisadi əlaqələri əyani sübut edən yüksək elmi dəyərə malik maddi mədəniyyət nümunələri, o cümlədən, bütün Qafqaz arxeologiyası üçün nadir tapıntılardan hesab edilən, üzərində Assuriya mixi yazısı olan əqiqdən hazırlanmış muncuq aşkar etmişdir. Bütün bunların mahiyyətini, elmi əhəmiyyətini isə uzun illərdən sonra görkəmli tədqiqatçı, akademik İ.İ.Meşşaninov və onun rəhbərlik etdiyi alimlər qrupu şərh etmişdir. Hər halda, E.Reslerin qazıntılarının əhəmiyyəti bu arxeoloji materialları aşkar etməsi idi.

Ümumiyyətlə, XIX əsrin sonları – XX əsrin 20-ci illərinə qədər alman əsilli şəxslərin arxeoloji abidələrdə apardıqları qazıntılar əsasən plansız, təsadüfi səciyyə daşıyıb, peşəkarlıqdan uzaq idi.

Azərbaycanda XX əsrin 20-30-cu illərində milliyətcə alman Yakov İvanoviç Hummelin dəqiq metodologiyaya əsaslanan arxeoloji tədqiqatları yuxarıda qeyd edilən şəxslərin təsadüfi, müxtəlif məqsədli fəaliyyətlərindən köklü surətdə fərqli olub o dövr üçün ən yüksək elmi səviyyədə aparılmışdır. Azərbaycan və ümumiyyətlə sovet arxeologiya elminin görkəmli nümayəndələrindən olan Y.İ.Hummel ölkəmizdə bu sahənin təşəkkülündə və formalaşmasında müstəsna xidmətləri olmuş alimlərdəndir.

Yakov Hummelin mənsub olduğu ailə Azərbaycanda ilk alman kaloniyalarından olan Yelenendorfun (indiki Göygöl) əsasını qoyanlardan olmuşdur. Bu kaloniya yerli əhali tərəfindən tərk edilmiş Xanaxlar adlı yaşayış məntəqəsinin yerində salınmışdır. Bu ailə XIX əsrin axırlarında Azərbaycanda sənayenin inkişafında mühüm işlər görmüşdür.  "Hummel qardaşları" firması 1880-ci ildə Yelenendorfda şərab anbarı, Gəncədə isə "Konkordiya" şərab zavodunu, 1895-ci ildə isə ilk konyak zavodunu inşa etmişdir. 1900-cü ildə "Hummel qardaşlarının ticarət evi" fəaliyyətə başlamışdır və bu təşkilat xarici ölkələrlə ticarətlə məşğul olmuş, onun şərabı isə bir sıra beynəlxalq mükafatlara layiq görülmüşdür.

Y.İ.Hummel 1893-cü ildə Yelenendorfda anadan olmuşdur. 1910-1914-cü illərdə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitunda təhsil almışdır. 1915-ci ildə Vladiqafqazda, 1921-ci ildən isə Yelenendorfda pedaqoq kimi fəaliyyət göstərmişdir. Müəllimlik fəaliyyətinin ilk vaxtlarından Yakov Hummel doğma diyarın -- Gəncəçay vadisinin arxeologiyasını, etnoqrafiyasını və tarixini öyrənməyə başlamışdır. Y.İ.Hummelin tədqiqatları planlı və sistemli şəkildə olub elmi prinsiplərə əsaslanırdı. Məhz onun təşəbbüsü ilə 1927-ci ildə Yelenendorfda diyarşünaslıq muzeyi təşkil edilmiş və o bu muzeyin direktoru təyin edilmişdir. Bölgənin maddi mədəniyyət nümunələrinin xilas edilərək toplandığı bu muzey Azərbaycanda ilk muzeylərdən biri idi.

Yakov Hummel 1930-cu ildən sürgün edildiyi 1941-ci ilə qədər Gəncəçay vadisində geniş arxeoloji qazıntı işləri aparmışdır. Onun tədqiqatları başlıca olaraq tunc-erkən dəmir dövrünə aid (e.ə. III minillikdən I minilliyin əvvəllərinə qədər) abidələri əhatə etmişdir. Y.Hummel də əvvəlki şəxslər kimi daha çox kurqanların qazıntısına üstünlük vermişdir. Onun qazdığı kurqanlarda həm tək, həm də kütləvi dəfnlər aşkar edilmişdir. Bu kurqanlardan əldə edilmiş olduqca maraqlı arxeoloji materiallar, xüsusilə də ağ inkrustasiya naxışlı saxsı qablar bu gün də Qafqazşünas arxeoloqlar tərəfindən təhlil edilməkdədir.

Görkəmli arxeoloq qazdığı qəbir abidələrinin həm strukturunu, bunlarda aşkar edilən arxeoloji materialları, həm də tunc dövründə icra olunmuş dəfn adətlərini geniş şəkildə araşdırmışdır. Belə ki, Y.Hummel qazdığı kurqanlarda qəbirlərin yerləşməsinin müəyyən bir prinsipə -- "şüa sisteminə" əsaslandığı fikrini irəli sürmüşdür. Onun qənaətinə əsasən kurqan örtüyü altında bir nöqtədən ayrılan şüalar kimi çəkilən xəyali düz xətlər bəzi qəbirləri diaqonal üzrə bəzilərini isə əsas, uzununa isiqaməti üzrə kəsib keçir. Y.İ.Hummel belə hesab edirdi ki, birinci qəbirlərdə kişilər, ikincilərdə isə qadınlar dəfn edilmişdir. Azərbaycanda tunc dövrünün dəfn adətlərinin öyrənilməsi üçün irəli sürülən bu fikirlər böyük elmi əhəmiyyət kəsb edir.

Y.İ.Hummel qazdığı qədim qəbir abidələrində aşkar etdiyi antropoloji materialların təhlilinə xüsusi diqqət yetirmişdir. Onun əksəriyyət təşkil edən dolixocefal (uzunbaş) tipli kəllə quruluşuna malik insanların yerli, təsadüfi hallarda rast gəlinən braxicefal (yastıbaş) tipli insanların isə gəlmə olduqları barədə fikirləri olduqca maraqlıdır.

Azərbaycanın qədim dövr tarixinin araşdırılmasında Y.Hummelin ən böyük xidmətlərindən biri qədim yaşayış yerlərində apardığı qazıntılar olmuşdur. Onun tədqiqatlarına qədər əsasən müxtəlif tip qəbir abidələri qazılmışdır ki, bu da qədim cəmiyyətin həyat tərzini, inkişaf səviyyəsini tam dolğunluğu ilə əks etdirmirdi. Y.İ.Hummelin ilk dəfə olaraq neolit və tunc dövrlərinə aid yaşayış yerlərində apardığı qazıntılar Azərbaycan ərazisinin nisbətən gec tarixi mərhələlərdə şimaldan və cənubdan axıb gəlmiş köçərilər tərəfindən məskunlaşması kimi yanlış fikirlərə əsaslanan "miqrasiya nəzəriyyəsi"ni alt-üst etdi. Y.Hummelin qazıntılarının dəyəri həm də bu qazıntıların nəticələrinin Azərbaycanın və SSRİ-nin elmi qurumlarına məxsus toplularda mütəmadi olaraq nəşr edilməsində idi. Onun 1940-cı ildə çap olunmuş "Arxeoloji oçerklər" (rus dilində) adlı məqalələr toplusundan ibarət kitabı Azərbaycan arxeologiyasına dair klassik əsərlər sırasındadır.

Yakov Hummel ailəsi ilə birlikdə Qazaxıstanın Akmoli vilayətinin Novo Koluton kəndinə sürgün edilmişdir. O, 1942-ci ildən bu kənddə müəllimlik etmiş, 1946-cı ildə orada vəfat etmişdir. Ölümündən uzun illər sonra -- 1992-ci ildə Y.İ.Hummelin son elmi məqaləsi nəşr edilmişdir. Bu məqalənin əlyazmasını görkəmli alimin oğlu Yakov Yakovleviç Hummel 1990-cı ildə tanınmış tarixçi B.B.Piotrovskiyə göndərmişdir. O isə öz növbəsində bu dəyərli elmi əsəri əlavə etdiyi şərhlərlə olduğu kimi Moskvada "Vestnik drevney istorii" toplusunda çap etdirmişdir.

Y.İ.Hummelin "Raskopki k yuqo-zapadu ot Xanlara" adlı bu son məqaləsi onun Azərbaycanın tunc dövrü tarixinin öyrənilməsi üçün müstəsna əhəmiyyətə malik qazıntılarının nəticələrinə həsr olunmuşdur. Bu qazıntıları o, 1941-ci ilin yayında aparmışdır. Lakin sürgün edilməsi ona bu qazıntıları davam etdirməyə, nəticələrini çap etməyə imkan verməmişdir. Məqalədən məlum olur ki, Y.İ.Hummel Xanlar yaxınlığında, Gəncə çayının sağ sahilindəki vaxtilə E.Reslerin kurqanlar qazdığı qədim məzarlıqda tədqiqatlar aparmışdır. O, ilk növbədə E.Reslerin burada buraxdığı səhvləri, bəzi maraqlı qəbir abidələrini isə ümumiyyətlə görə bilmədiyini qeyd etmişdir. Y.İ.Hummel məhz həmin abidələrin -- 148, 149 və 150 nömrəli kurqanların qazıntılarını həyata keçirmişdir. Y.İ.Hummelin bu qazıntılarına qədər Azərbaycanda bu tip qəbir abidələri qazılmamışdı. Eyni zamanda, qeyd etmək lazımdır ki, spesifik dəfn adətləri, maraqlı strukturu ilə fərqlənən bu abidələrin Azərbaycanda bu günə qədər tam analogiyası məlum deyil.

Bu kurqanların əhəmiyyətindən danışarkən qeyd etmək lazımdır ki, e.ə. XV-XIV əsrlərə aid bu abidələr tunc dövrünün orta mərhələsindən son mərhələsinə -- Xocalı-Gədəbəy mədəniyyətinə keçid pilləsini əks etdirən nadir abidələrdəndir. Bundan əlavə, bu qəbirlərdə insanlarla birgə müxtəlif heyvanların -- at, maral, ilanların da dəfn edildiyi, qəbirlərə it, qoyun, öküz və s. heyvanların sümüklərinin qoyulduğu müəyyən edilmişdir. Bu baxımdan 150 nömrəli qəbir xüsusilə zəngin olmuşdur. Y.İ.Hummel burada kənarları ağac tirlərlə bərkidilmiş qəbir kamerasında iki maralın qoşulduğu ağacdan hazırlanmış xizək və ya araba qalığı aşkar etmişdir. Tədqiqatçı arabanın ön hissəsində aşkar edilmiş insan skeletinin isə arabaçıya məxsus olduğunu yazmışdır. Bəzi tədqiqatçılar bu qəbiri Altayda erkən skif dövrünə aid oxşar Pazırık qəbiri ilə müqayisə edirlər.

 149 nömrəli qəbirdən isə digər materiallarla yanaşı, Mitanni (Mesopotamiyada qədim dövlət) üslubunda hazırlanmış möhür aşkar edilmişdir. Bütün bu tapıntılar azərbaycanlıların ulu əcdadlarının dəfn adətlərinin, mədəni-iqtisadi əlaqələrinin, heyvan kultu ilə bağlı ibtidai dini inamlarının, qədim nəqliyyat vasitələrinin tarixinin öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Bütün bunlar respublika Prezidentinin müvafiq sərəncamının yerinə yetirilməsi istiqamətində görkəmli arxeoloq Yakov İvanoviç Hummelin elmi irsinin daha dərindən tədqiq edilməsinin zəruriliyini göstərir.

Təqdirəlayiq haldır ki, Azərbaycan arxeoloqları bu gün də Almaniya Arxeologiya İnstitutu ilə Mil-Qarabağ abidələrinin tədqiqatları üzrə sıx əməkdaşlıq edirlər.

Nəcəf Müseyibli,
AMEA Arxeologiya və
Etnoqrafiya İnstitunun
elmi işlər üzrə direktor müavini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında