“Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində “Təmiz Binəqədi” sosial layihəsi çərçivəsində genişmiqyaslı işlər görüləcəkdir

Həyatda hər hansı bir ilkə imza atmaq həmişə çətin, lakin şərəfli iş olmuşdur. Bu iş qlobal miqyasda baş verəndə xüsusi əhəmiyyət daşıyır və tarixi hadisəyə çevrilir. 

Tarixdə ilk dəfə baş tutacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi haqqında qərar böyük nailiyyətdir. Bu qərarın verilməsi heç də təsadüfi deyildir. Çünki sürətlə gedən iqtisadi inkişaf həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də maddi-texniki bazanın güclənməsinə, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda idmançılarımız üçün stimulun yaranmasına səbəb olmuşdur.

Azərbaycanın beynəlxalq miqyasda mötəbər idman yarışlarında böyük nailiyyətlər qazanması, dünyada nüfuzunun ilbəil artması nəticə etibarilə 2015-ci ildə I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi qərarının verilməsində həlledici rol oynamışdır. Şübhəsiz ki, bu, ölkə Prezidenti İlham Əliyevin praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan parlaq bir səhifədir.

Avropa Olimpiya Komitəsinin qəbul etdiyi qərardan keçən müddətdə oyunlara hazırlıq işlərinin sürəti və miqyası gözlənilməz səviyyədə artmışdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyevanın başçılıq etdiyi təşkilat komitəsinin apardığı gərgin və məqsədyönlü işin səmərəsi göz önündədir. Avropa Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi işi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə gedir.

Avropa Oyunlarının keçiriləcəyi tarix yaxınlaşdıqca ölkədə hazırlıq işləri də sürətlənir. Xəbər verdiyimiz kimi, bununla əlaqədar paytaxtın şimal qapısı adlandırılan  Binəqədi rayonunda “Təmiz Binəqədi” sosial layihəsinə start verilmişdir. Layihənin keçirilməsində əsas məqsəd ilk Avropa Oyunlarına hazırlıq dövründə rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini cəlb etməkdən ibarətdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının bu günlərdə imzaladığı müvafiq sərəncam və bundan irəli gələn tədbirlər planı Azərbaycanı dünyada tanıdacaq və təbliğ edəcək bu böyük tədbirdə rayonun icra strukturlarının, habelə ictimai-siyasi təşkilatlarının və sakinlərinin üzərinə düşən öhdəliklərin geniş mənzərəsini yaradır.

Sərəncamda I Avropa Oyunlarına hazırlıqla əlaqədar Binəqədi rayonu ərazisində bu il iyul ayının 1-dən mərhələli şəkildə “Təmiz Binəqədi” layihəsinin reallaşdırılmasına başlandığı bildirilir. Qarşıya qoyulan vəzifələrin operativ həlli üçün icra başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə komissiya yaradılmışdır. Artıq komissiya fəaliyyətə başlamış və müvafiq tədbirlər planı tərtib olunmuşdur. Görüləcək işlərin əhatə dairəsi indiyədək görünməmiş dərəcədə əhatəlidir. Maraqlı burasıdır ki, tədbirlər planında ənənəvi stereotiplərdən maksimum imtina edilmiş, novatorluq və özünəməxsusluq önə çəkilmiş, habelə müasir dünyada qəbul olunan metod və üsullara üstünlük verilmişdir.  Belə tədbirlər arasında “Ən təmiz obyekt”, “Ən təmiz uşaq bağçası”, “Nümunəvi səhiyyə müəssisəsi”, “Ən təmiz fərdi ev” və s. bu tipli müsabiqələr, məişət tullantılarının çeşidlənməsi, ekoloji mühitin daha da sağlamlaşdırılması işinə töhfə olaraq yanma mexanizmləri nasaz olan bütün növ nəqliyyat vasitələrinin rayon ərazisində hərəkətinin məhdudlaşdırılması, gənclərin fləşmobunun keçirməsi öz orijinallığı və aktuallığı ilə diqqəti cəlb edir.

Tədbirlər planına əsasən, görülən işlər barədə əhali və təsərrüfat subyektləri məlumatlandırılmaqla yanaşı, maraqlı aksiyaların da təşkili gündəmdədir.

Layihə çərçivəsində elan olunacaq müsabiqələr və keçiriləcək aksiyalar tədbirin kütləviləşməsində mühüm rol oynayacaqdır.

Layihənin mahiyyəti ilə tanışlıq zamanı məlum olur ki, “Təmiz Binəqədi” sadəcə müəyyən müddət üçün deyil, daimi olaraq bu işin davam etdirilməsi məqsədilə keçirilir.

 

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında