Şamaxı haqqında dəyərli nəşr

Bu günlərdə orijinal tərtibat və nəfis dizaynla “Şamaxı ensiklopediyası” çapdan çıxdı. Doğrudur, ölkəmizdə indiyə qədər ayrıca götürülmüş bir rayon haqqında ensiklopediya tipli nəşrlər yaratmağa təşəbbüslər olub. Lakin bu nəşrlərin əksəriyyətinin müəllifləri adını “ensiklopediya” qoysalar da, həmin rayonun adlı-sanlı nümayəndələrinin bioqrafiyalarından ibarət məlumat-soraq materiallarından uzağa gedə bilməyiblər. “Şamaxı ensiklopediyası” isə şamaxılılar haqqında deyil, məhz Şamaxı haqqında nəşrdir.

“Ensiklopediya” termini yalnız XVI əsrdən istifadə olunmağa başlasa da, ensiklopedik əsərlər, terminoloji lüğətlər hələ qədim Misirdə yaradılırdı. VI-VII əsrlərdə yaşamış arxiyepiskop Seviliyalı İsidor özünün 20 cildlik “Etimologiya” əsərində ovaxtkı dünyada məlum olan bütün bilikləri sistemləşdirmişdi. Məhz Seviliyalı İsidor ilk ensiklopediyaçı hesab olunur.  İndiki anlamdakı ensiklopediya isə ilk dəfə XVIII əsrdə meydana çıxmışdır.

1751-1772-ci illərdə fransız Didro və d’Alamber tərəfindən tərtib olunmuş 28 cildlik ensiklopediya Avropanın mədəni və siyasi həyatına böyük təsir göstərdi. Bu ensiklopediyanın tarixi əhəmiyyəti fransız maarifçiliyi ideyalarının, Didro başda olmaqla, maarifçilərin özü tərəfindən sistematik icmalının verilməsində idi.

Fransız ensiklopediyası isə öz növbəsində məşhur “Britaniya ensiklopediyası”nın və ya “Britannika”nın yaradılması üçün ilham mənbəyi oldu. 1768-1771-ci illərdə 3 cilddən və cəmi 2391 səhifədən ibarət olan ensiklopediya 1797-ci ildə üçüncü nəşri başa çatanda artıq 18 cilddən ibarət idi. Onun müəllifləri isə öz dövrünün ən nüfuzlu alimləri idi.  Azərbaycanda ensiklopediya fəaliyyətinin yüksəliş dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin fəal dəstəyi ilə 1976-1987-ci illərdə çap edilən “Azərbaycan Sovet Ensiklopediyası” ölkə tarixinə bilik və məlumatların bütün sahələrini əhatə edən ilk fundamental əsər kimi daxil olmuşdur. Oncildlik ensiklopediyanın nəşri Azərbaycanın elmi və mədəni həyatında tarixi hadisəyə çevrilmişdi.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra universal milli ensiklopediyanın nəşri məsələsi yenidən aktuallaşdı. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanıb nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə müxtəlif illərdə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, həmçinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında", eləcə də bu günlərdə “Azərbaycan Milli Ensiklopediyasının 50 illiyi haqqında” sərəncamlar imzalayıb. Artıq Azərbaycan Milli Ensiklopediyasının bir neçə cildi çapdan çıxıb. Ulu öndər Heydər Əliyevin hələ 1999-cu ildə imzaladığı sərəncama uyğun olaraq “Naxçıvan ensiklopediyası” üzərində iş başlayıb və 2002-ci ildə çapdan çıxıb.

Ötən il noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin tarixinin zənginliyi, onun təqdim edilməsinin vacibliyi haqqında dəyərli fikirlər söylədi. Fikrimizcə, bu günlərdə işıq üzü görən “Şamaxı ensiklopediyası” Azərbaycan tarixində əvəzsiz yer tutan Şamaxı bölgəsinin tarixinin təbliği və təqdimatı baxımından çox önəmli nəşrdir.

“Şamaxı ensiklopediyası” Şamaxıdan Milli Məclisə deputat seçilmiş Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə çapdan çıxıb. Təkcə ideyanın özünün fundamentallığı–ayrıca bir rayonun ensiklopediyasının yaradılması böyük rəğbət hissi oyadır. Bu ideyanın həmin rayonu Azərbaycanın Milli Məclisində təmsil edən Elxan Süleymanov tərəfindən gəlməsi isə millət vəkilinin Şamaxının tarixinə, mədəniyyətinə, insanlarına, təbiətinə heyranlığının təcəssümüdür.  “Şamaxı ensiklopediyası” üzərində iş bir il öncədən başlanılmışdı. Yaradıcı heyət ilk gündən işə məsuliyyətlə yanaşıb və onun Azərbaycanın ən qədim bölgələrindən biri üçün mədəni və ictimai əhəmiyyət daşıdığını aydın dərk edib. Yeri gəlmişkən, yalnız bir neçə nəfərdən ibarət olan yaradıcı heyətin üzvləri ensiklopediya ilə bağlı işə yaradıcı münasibət sərgiləyiblər. Dünya və yerli ensiklopediyaların təcrübəsindən bəhrələnilib, sözlük tərtib olunub. Konkret məsələlərlə bağlı mütəxəssislərin iştirakı ilə geniş müzakirələr aparılıb və ensiklopediyanın konsepsiyası müəyyənləşdirilib. Peşəkar elmi-redaksiya şurası yaradılıb və Şamaxı əsilli tanınmış alim və mütəxəssislər, yerli tədqiqatçılar işə cəlb olunub. Aydındır ki, bu prinsiplər olmadan ensiklopediyanı hazırlamaq mümkünsüzdür. Ayrı-ayrı məqalələrin yazılması, onlara rəy verilməsi, redaktə olunması böyük qüvvə tələb edən işlərdir. Ensiklopediyanın yalnız elmi məsləhətçiləri 60-dan artıq tanınmış alim və mütəxəssisdən ibarətdir.

Bir fakt üzərində xüsusi dayanmaq istərdik. Məlumdur ki, dövrümüz yüksək texnologiyalar dövrüdür. Bu gün artıq kompüter və internetsiz bir ev təsəvvür etmək mümkün deyil. Təsadüfi deyil ki, hətta məşhur “Britannika” ensiklopediyası 2012-ci ildə 32 cildlik ensiklopediyanın kağız formatından imtina edərək, tamamilə multimedia formatına keçib.

“Şamaxı ensiklopediyası” nın yaradıcı heyəti də ensiklopediya ilə daha geniş kütlələri tanış etmək məqsədilə öncə onun virtual versiyasını, orijinal tərtibatlı www.shamakhi-enciklopedia.az saytını yaradıb. Ensiklopediyaya daxil edilməsi nəzərdə tutulan bütün məqalələr istisnasız olaraq bu saytda öz əksini tapıb.  Oxuculara müraciət edilərək görkəmli şamaxılılar, rayonun tarixi, təbiəti və coğrafi obyektləri haqqında məlumatların redaksiyaya göndərilməsi xahiş olunub.  Əlbəttə, insanlar bu vacib işə etinasız qalmayıb və yaxınları, doğmaları və tanışları haqqında ətraflı məlumatları redaksiyaya göndəriblər. Sözsüz ki, bu prinsipin özü də müəyyən çətinliklər yaradır. Oxucuların bəzi insanlar haqqında göndərdikləri informasiyalar elmi-redaksiya şurası və yaradıcı heyətin birgə hazırladıqları meyarlara uyğun olmur və onları əlavə məlumatlandırmaq lazım gəlirdi.

May ayında saytın Şamaxı şəhərində böyük təqdimat mərasimi keçirilib. Müxtəlif bölmələrdə yerləşdirilmiş məqalələr bir növ çap versiyasından öncə aprobasiyadan keçirilib.

Düşünürük ki, ensiklopediyanın yaradıcıları bütün çətinliklərin öhdəsindən məharətlə gəldi. “Şamaxı ensiklopediyası” Şamaxının geologiyası, iqlimi, fauna və florası, əhalisi, yaşayış məntəqələri, müəssisələri, tarixi, dini, mədəniyyəti, elm və təhsili, şəxsiyyətləri haqqında bilgilər toplusudur. Burada bölgə tarixinin şanlı və faciəli səhifələri öz əksini tapıb. Biz işin həcmi haqqında daha aydın təsəvvür yaratmaq üçün bəzi rəqəmləri sadalamaq istərdik: Ensiklopediyaya 899 məqalə, 6 irihəcmli oçerk, 663 fotoşəkil və illüstrasiya, 20 xəritə daxil edilmişdir. Kitabın yaradıcı qrupu 150-dən artıq müxtəlif ədəbiyyat, ensiklopediya, məlumat-soraq kitabından bəhrələnib. Ensiklopediyanın strukturu şərti olaraq dörd hissədən ibarətdir. Kitab ölkəmizin bu əsrarəngiz bölgəsinin son 50 ilə yaxın bir dövrdə görünməmiş nailiyyətlər əldə etməsində misilsiz xidmətlər göstərmiş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şamaxıya səfərləri zamanı çəkilmiş fotoşəkillərlə başlayır. Daha sonra Azərbaycan haqqında giriş məqaləsi verilib, burada ölkəmizin coğrafi mövqeyi, təbii şəraiti, əhalisi, tarixi haqqında ümumi məlumatlar öz əksini tapıb.

Ensiklopediyanın əsas hissəsi əlifba sırası ilə verilmiş Şamaxının tarixi, tarixi-memarlıq abidələri, yaşayış məntəqələri, məhəllələri, mühüm fiziki-coğrafi obyektləri, fauna və florası və s. haqqında məqalələrdən ibarətdir. Ensiklopediyanın digər vacib hissəsi  Şamaxının tarixi ilə bilavasitə bağlı olan insanlar haqqında məqalələrdir. Burada Şirvan şahları, dövlət xadimləri, əsasən bu bölgədən olan alim və mütəfəkkirlər, tanınmış şəxsiyyətlər, Şamaxı tarixini öyrənmiş tədqiqatçılar haqqında məqalələr yer almışdır.

Kitabın sonuncu hissəsində isə Şamaxının tarixi və ədəbi mühiti haqqında tanınmış alim və tədqiqatçılar tərəfindən xüsusi olaraq ensiklopediya üçün yazılmış oçerklər yerləşdirilmişdir. Buraya tarix elmləri doktoru, professor Şahin Fazilin “Şamaxının tarixşünaslığı”, tarix elmləri doktoru Anar İsgəndərovun “1918-ci il Şamaxı soyqırımı”, tarix üzrə fəlsəfə doktoru, professor Kamil İbrahimovun “Şamaxı şəhərinin tarixi”, tarix üzrə fəlsəfə doktoru Könül Əsədlinin “Şamaxının mənəvi mədəniyyəti”, tarix üzrə fəlsəfə doktoru, dosent Aytən Mehdiyevanın “Şamaxı qalaları”, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoyun “Şirvanın 1000 illik ədəbi-tarixi mühiti” mövzusunda oçerkləri daxil edilmişdir. Kitabda, həmçinin istifadə edilən ixtisarların siyahısı da qeyd olunmuşdur.

Ensiklopediya nəhəng informasiya kütləsidir və onun yaradılmasına sərf edilən əməyi, məlumat əldə edilməsi prosesini samanlıqda iynə axtarmağa bənzətmək olar. Buna görə də, əlbəttə, hər bir işdə olduğu kimi, burada da müəyyən qüsurlar qaçılmazdır. Xırda qeyri-dəqiqliklər, orfoqrafik səhvlər, çap xətaları burada da ola bilər. Yaxud 3 min ilədək yaşı olan qədim bir bölgə, onun insanları haqqında bütün bilgiləri bir kitaba sığışdırmaq qeyri-mümkündür. Amma sevindiricidir ki, virtual Şamaxı ensiklopediyası davamlı olaraq fəaliyyət göstərəcək və nəşr variantına daxil edə bilmədiyimiz materiallar burada öz əksini tapacaqdır.

Bir sözlə, Şamaxı ensiklopediyasını böyük bir mədəni abidə kimi dəyərləndirmək olar. Bunu biz oktyabr ayının 26-da Şamaxı şəhərində ensiklopediyanın təqdimatına həsr olunmuş tədbirdə şamaxılı alim və ziyalıların dilindən bir daha eşitdik. Bu abidənin ərsəyə gəlməsində böyük xidmətləri olan ideya müəllifi və naşir, Şamaxının millət vəkili Elxan Süleymanova, elmi–redaksiya şurasının üzvləri–tarix üzrə fəlsəfə doktoru, professor Kamil İbrahimova, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoya, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevə, psixologiya üzrə fəlsəfə doktoru, dosent Azər Mustafayevə, iqtisad elmləri doktoru Vurğun Süleymanova, ensiklopediyanın baş redaktoru,  siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayevə, məsul redaktor  Gündüz Nəsibova, bədii redaktor Dadaş Musayevə, texniki redaktor İrina Muxtarovaya, koordinator Təmkin Məmmədliyə, orijinal maketin müəllifi Elviz İsmayılova, səhifələyici Qoca Absəlimova, www.shamakhi-enciklopedia.az  saytını dəstəkləyən Bəhruz Cəbrayıllı və Rəşad Süleymanova, ensiklopediyanın bütün elmi məsləhətçilərinə dərin minnətdarlığımızı bildiririk.

Hər bir ensiklopediya öz dövrünün məhsuludur. Həyat daim inkişafdadır, hər gün yeni dəyişikliklər baş verir. Kitab çapdan çıxandan az sonra oradakı materiallar köhnəlməyə məhkumdur. Şamaxılıların yeni nəsilləri bir-birini əvəz edirlər. Amma onların hər biri təkrar-təkrar bizim ensiklopediyamıza müraciət edəcək. Zənnimcə, Şamaxı ensiklopediyasının yaradıcıları üçün bundan da böyük mükafat ola bilməz! 

Əlikram ABDULLAYEV,
fəlsəfə elmləri doktoru, professor,
"Şamaxı  ensiklopediyası"nın
elmi-redaksiya şurasının sədri,

Məcid ƏFƏNDİYEV,
fəlsəfə üzrə fəlsəfə doktoru,
dosent, “Şamaxı  ensiklopediyası”nın
elmi məsləhətçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında