→ ÖLKƏ XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Avropa İttifaqı son vaxtlar cəbhə xəttində baş verən hadisələrdən narahatdır

Avropa İttifaqı cəbhə xəttində baş verən hadisələrdən narahatdır.
Bu bəyanatla Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi çıxış etmişdir. Diplomat demişdir: "Son vaxtlar cəbhədə atəşkəsin tez-tez pozulması və baş verən digər insidentlər bizi narahat edir. Sülh danışıqlarına diqqəti cəmləmək üçün bunu yaxşı istiqamətə yönəltmək lazımdır. Azərbaycan əsgərinin nəşinin qaytarılması ilə bağlı məsələyə gəldikdə isə mən detalları şərh etmək istəmirəm. Çünki bu ATƏT-in, bu məsələ ilə məşğul olan başqa humanitar təşkilatların işidir".
Aİ rəsmisi demişdir ki, bu məsələlərlə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi məşğul olur. ATƏT müşahidə missiyasını həyata keçirir, danışıqlar aparır. Beynəlxalq Qızıl Xaç Komitəsi də bununla məşğuldur. Əlbəttə ki, Avropa İttifaqı beynəlxalq hüquqlara və insan hüquqlarına riayət olunmasının tərəfdarıdır. Amma konkret olaraq bu məsələdə detallar həll olunmamış mən bu məsələyə şərh vermək istəmirəm. Əlbəttə ki, mən Dağlıq Qarabağ məsələsini müzakirə etmək istəyirəm. Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələni araşdırmağa kömək edəcəklər və sülhməramlı fəaliyyəti irəli aparacaqlar.
AzərTAc

7 Sentyabr 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS