→ TƏHSİL  /  Bütün xəbərlər  /

Gömrük Akademiyasının yaranması digər ali təhsil ocaqlarında fəaliyyət göstərən gömrük fakültələrinin tədris mexanizminə təsir etməyəcək

Gömrük Akademiyası gömrük sistemini yüksək səviyyəli kadrlara təmin etmək üçün yaradılmışdır. Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev akademiyanın Bakıda fəaliyyət göstərən Dünya Gömrük Təşkilatının regional tədris mərkəzinin bazasında yaradıldığını diqqətə çatdırmışdır.
"Bu akademiya gömrük xidməti üçün peşəkar kadrların yetişdirildiyi xüsusi ali məktəb olacaq. Biz bu təhsil ocağını MDB ölkələrinin, xüsusilə də Rusiya Gömrük Akademiyasının təcrübəsi əsasında formalaşdıracağıq. Eyni zamanda, digər ölkələrin də bu sahədəki təcrübəsi öyrəniləcək", - deyən komitə sədri qəbulun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə aparılacağını da vurğulamışdır.
Sənəd verəcək abituriyentlər arasında yaş həddi, sağlamlıq məsələləri nəzərə alınacaqdır. Təhsil müddəti 4 il olacaqdır.
Akademiyanın yaranması digər ali təhsil ocaqlarında fəaliyyət göstərən gömrük fakültələrinin tədris mexanizminə təsir etməyəcəkdir. A.Əliyev demişdir: "Bu məsələ hər bir universitetin daxili işidir".
Akademiyanı müvəffəqiyyətlə bitirən tələbələr gömrük orqanlarında işlə təmin olunacaqlar.

26 Yanvar 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS