→ MƏDƏNİYYƏT  /  Bütün xəbərlər  /

Qəbələdə II Beynəlxalq Musiqi Festivalına start verilmişdir

Heydər Əliyev Fondunun dəstəyi ilə iyulun 25-də Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilmişdir.
Musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanmışdır. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun "Bayram uvertürası", Fikrət Əmirovun "Fortepiano və orkestr üçün konsert"i, Qara Qarayevin "İldırımlı yollarla" baletindən parçalar, Vasif Adıgözəlovun "Fortepiano və orkestr üçün konsert"i musiqi əsərləri təqdim olunmuşdur. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə konsertin solistləri olmuşlar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq etmişlər.
Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcəkdir. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçiləri, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeyləri, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Filarmonik Okestrinin ifasında ölməz əsərləri dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
Festivalın rəsmi açılışı iyulun 30-da olacaqdır.

 

27 İyul 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS